Dərc edilib: 15:12, 7 May, 2017 | 15 dəfə baxılıb

Xaricdə yaşayan aztəminatlı azərbaycanlılara sosial yardım haqqında fərmana əlavə

Bir neçə gün əvvəl “Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı, yəni, “Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi haqqında Əsasnamə”yə “xaricdə yaşayan aztəminatlı azərbaycanlılara Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi qaydada sosial yardım göstərmək” ilə bağlı “8.24-1-ci yarımbənd”in əlavə edilməsi Azərbaycan diasporunun inkişafında yeni bir mərhələdir.

Bu həm onlarda vətən təəssübkeşliyinin artırılmasına həm də vətənlə daha sıx tellərlə bağlanılmasına xidmət edən məqamdır. Eyni zamanda, mürəkkəb və ziddiyyətli beynəlxalq münasibətlərin vüsət aldığı bir vaxta xaricdə yaşayan azərbaycanlıların hüquq və əsas azadlıqlarının qorunmasının Azərbaycan Respublikasının dövlət siyasətinin prioriteti olduğunu təsdiq edir. 
Təbii ki, bu da Azərbaycan Respublikası Prezidentinin bu vacib və həssas sahəyə daim göstərdiyi diqqət və qayğını özündə əks etdirməklə, “Mən hər bir azərbaycanlının prezidentiyəm” prinsipinə sadiqliyini göstərir. Beynəlxalq nüfuzun və möhkəm siyasi iradənin nümunəsi olan bu sərəncam hələ Dünya azərbaycanlılarının II qurultayında Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin gələcəyə hesablanmış proqram xarakterli nitqindəki dərin məntiqi bir daha əyani şəkildə təzahür etdirir: “Azərbaycanlılar daha da möhkəm təşkilatlanacaq, yaşadıqları ölkələrdə daha da möhkəm mövqelərə sahib olacaqlar və beləliklə, dünyadakı 50 milyonluq Azərbaycan xalqı daha da yaxşı yaşayacaq, öz məqsədlərinə nail olacaqlar”.
Eləcə də bu biz də əminlik yaradır ki, diaspor ictimaiyyətinin daha da səmərəli fəaliyyəti üçün stimul olacaqdır.

Diaspora.az-a fərman ilə bağlı öz münasibətini, tarix üzrə fəlsəfə doktoru və diaspora məsələləri üzrə ekspert Yəhya Babanlı bildirdi.
Diaspora.az