Dərc edilib: 13:01, 1 May, 2017 | 5 dəfə baxılıb

Vaşinqtonda Mstislav Rostropoviçin 90 illik yubileyi keçirilmişdir

Cari ilin 25 aprel tarixində Amerika-Rusiya Mədəniyyət Əməkdaşlığı Fondunun təşkilatçılığı ilə ABŞ paytaxtının ən məşhur Con Kennedi İncəsənət Mərkəzində Azərbaycanda anadan olmuş maestro Mstislav Rostropoviçin 90 illik yubileyinə həsr olunmuş tədbir keçirilmişdir.

Tədbirdə diplomatik korpusun nümayəndələri, ABŞ Konqresinin üzvləri və nüfuzlu incəsənət xadimləri iştirak etmişlər. Tədbirdə çıxış edən keçmiş ABŞ Senatoru Riçard Luqar Mstislav Rostropoviç sənətinə dərin hörmət hissi bəslədiyini qeyd etmiş və 1977-ci ildə M.Rostropoviç ABŞ Milli Simfonik Orkestrinin dirijoru kimi fəaliyyətə başlayan zaman onun özünün də Senator olaraq Vaşinqtona işləməyə gəldiyini bildirmişdir.

Rusiyanın ABŞ-dakı səfiri Serqey Kislyak çıxış edərək M.Rostropoviçi gözəl musiqiçi kimi təsvir etmiş və dahi sənətkarın xatirəsini yaşatmaq üçün Rusiyanın və dünyanın bir sıra şəhərlərində, eləcə də Bakıda konsertlərin təşkil olunduğunu qeyd etmişdir. Azərbaycanın ABŞ-dakı səfiri Elin Süleymanov çıxış edərək tədbiri təşkil etdiyiüçün Amerika-Rusiya Mədəniyyət Əməkdaşlığı Fonduna təşəkkürünü bildirmişdir.

Səfir dahi sənətkar M.Rostropoviçin Azərbaycanda anadan olduğunu və daha sonra dünyanın müxtəlif ölkələrində işləyərək fərqli mədəniyyətləri bir-birinə bağladığını qeyd etmişdir. E.Süleymanov bu günlərdə Bakıda M.Rostropoviçin şərəfinə 9-cu Beynəlxalq musiqi festivalının keçirildiyini vurğulamışdır.

Səfir sözügedən festivalın 2007-ci ildən başlayaraq Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin dəstəyi ilə keçirildiyini diqqətə çatdırmışdır.Tahir Salahov Ev muzeyinin direktoru Səadət Mirzəyeva çıxış edərək tanınmış rəssam T.Salahovla dahi musiqiçi M.Rostropoviçin uşaqlıq dostları olduqlarını bildirmiş və 1998-ci ildə T.Salahovun M.Rostropoviçin şəklinin eskizini çəkdiyini qeyd etmişdir.

Sonra S.Mirzəyeva həmin eskizin surətini Amerika-Rusiya Mədəniyyət Əməkdaşlığı Fonduna hədiyyə etmiş və eskiz əsasında yaradılmış rəsm əsərinin Con Kennedi İncəsənət Mərkəzində M.Rostropoviçin 90 illik yubileyinin keçirildiyi zalın girişində nümayiş etdirildiyini qeyd etmişdir.

Daha sonra incəsənət xadimləri çıxış edərək M.Rostropoviçlə bağlı xatirələrini bölüşmüş və müxtəlif musiqi parçaları ifa etmişlər.