Dərc edilib: 13:42, 25 İyul, 2017 | 11 dəfə baxılıb

V Beynəlxalq multikulturalizm yay məktəbinin iştirakçıları ümummilli lider Heydər Əliyevin məzarını ziyarət ediblər

V Beynəlxalq multikulturalizm yay məktəbinin iştirakçıları iyulun 24-də Fəxri xiyabana gələrək xalqımızın ümummilli lideri, müasir müstəqil Azərbaycanın memarı Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə tər güllər düzüblər.

DİASPORA.AZ  xəbər verir ki, görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılıb, məzarı üzərinə tər güllər düzülüb.

Sonra Şəhidlər xiyabanına gələn qonaqlar ölkəmizin azadlığı və suverenliyi uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini ehtiramla yad edib, məzarları üzərinə tər güllər düzüblər.

Bakının ən hündür nöqtəsindən Azərbaycan paytaxtının mənzərəsini seyr edən qonaqlara Şəhidlər xiyabanının tarixi və şəhərimizdə görülən abadlıq-quruculuq işləri barədə ətraflı məlumat verilib.

Xatırladaq ki, iyulun 24-30-u Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi (BBMM), UNESCO, “Erasmus+”, “ALADDİN layihəsi” və Azərbaycanın Gənc Dostları Klubunun təşkilatçılığı ilə V Beynəlxalq multikulturalizm yay məktəbi fəaliyyətə başlayacaq. Beynəlxalq multikulturalizm qış və yay məktəbləri layihəsi BBMM-in “Azərbaycan multikulturalizmi fənninin xaricdə və ölkə universitetlərində tədrisi” layihəsinin davamıdır. Tədris layihəsi çərçivəsində hazırda dünyanın 15, Azərbaycanın 38 nüfuzlu ali təhsil ocağında Azərbaycan multikulturalizmini öyrənən tələbələr üçün təşkil olunan qış və yay məktəblərinin məqsədi həmin gənclərin nəzəri şəkildə öyrəndiklərini multikultural və tolerant dəyərlərin qorunub yaşandığı ölkəmizdə öz gözləri ilə görüb şahid olmalarına şərait yaratmaqdır. Yay məktəbinin fəaliyyəti Bakı şəhəri ilə yanaşı, Şəki, İsmayıllı, Qəbələ və Qax rayonlarını əhatə edəcək, iştirakçıların Azərbaycanda yaşayan müxtəlif dini və etnik icmaların rəhbərləri, görkəmli dövlət və din xadimləri ilə görüşləri təşkil olunacaq.

Diaspora.az