Dərc edilib: 06:04, 29 Aprel, 2017 | 11 dəfə baxılıb

Səməd Seyidov: Azərbaycan diasporunun Strasburqdakı aksiyası AŞPA-ya ciddi siqnaldır

AŞPA-nın sessiyasında ikili standartlar, irqçilik, islamofobiya baş alıb gedir. Azərbaycanın maraqlarını müdafiə edən millət vəkilləri kimi biz bunu qurumun daxilində aydın görürük. Burada aparılan müzakirələr təkcə bizə deyil, eyni zamanda, Fransada, Almaniyada yaşayan azərbaycanlılara da ciddi təsir edib. Onlar televiziya ekranlarından, beynəlxalq təşkilatların tribunalarından yüksək dəyərlərlə bağlı bəyanatlar eşidir, reallıqda isə İslama qarşı mənfi davranışın şahidi olurlar və haqlı olaraq da bundan artıq yorulublar.

Bu fikirləri Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov deyib.

Səməd Seyidov qeyd edib ki, bu gün Avropanın paytaxtlarından biri olan Strasburqda izdihamlı etiraz aksiyası keçirildi. Bu aksiya AŞPA-da əyləşənlərə ciddi siqnaldır. Yəni, onlar özləri üzv ölkələrin bu təşkilata inamını, etibarını, konstruktiv dialoq istəyini sındırıblar. Bugünkü aksiyada səslənən şüarlar bir daha göstərdi ki, artıq heç nəyi gizlətmək mümkün deyil.

Nümayəndə heyətinin rəhbəri bildirib ki, Avropada İslam dəyərləri, multikulturalizm, qarşılıqlı hörmət anlayışları getdikcə yoxa çıxır. Təəssüf ki, burada söhbət təkcə dəyərlərdən getmir, həmçinin bu təşkilatın daxilində Azərbaycana qarşı məqsədyönlü təşkil edilmiş kampaniyalardan da gedir. Məsələn, dünən AŞPA-nın insan hüquqları üzrə komissarı Nils Muiznieks ölkəmizlə bağlı ikili standartlarla dolu məruzə təqdim etdi. Azərbaycan nümayəndə heyətinin üzvü Ermənistanda gedən proseslərlə bağlı sual verir, amma Ermənistandan bir kəlmə belə deməyən həmin komissar Azərbaycan haqqında qərəzli mülahizələr deməyə başlayır. Bunu təkcə biz yox, Avropada yaşayan insanlar da görürlər. Ona görə, həmin insanlar Avropanı Azərbaycana qarşı obyektiv olmağa, ikili standartlara son qoymağa çağırırlar. Bu nöqteyi-nəzərdən deyə bilərəm ki, bu aksiyanın ciddi təsirləri olacaq. Artıq başa düşəcəklər ki, Azərbaycandan uzaq olan təşkilatda oturub danışmaqla iş bitmir. Artıq Avropada yaşayan azərbaycanlılar, türklər belə davranışa dözə bilməzlər. Bugünkü nümayişdə “Bir millət, iki dövlət” şüarları işləndi. AŞPA-da Türkiyəyə qarşı ağlasığmaz ittihamlarla, böhtanlarla dolu qeyri-obyektiv bir sənəd qəbul olunub. Bugünkü aksiyanın iştirakçılarının əllərində olan Azərbaycan və Türkiyə bayraqları həmin sənədə qarşı kəskin bir etiraz idi.

Səməd Seyidov deyib ki, bu gün AŞPA-da əyləşənlər Avropada sabitlik, əməkdaşlıq, qarşılıqlı anlaşma istəyirlərsə, hamıya hörmətlə yanaşmalıdırlar. Onlar heç kimə diktə etməməlidirlər. Avropanın daxilində bu gün həddən çox problemlər var. Əməkdaşlıq, qarşılıqlı hörmət, tolerantlıq, müxtəlif dinlərə, mədəniyyətlərə, insanlara eyni münasibət – bunlardır əsl dəyərlər. Biz bu dəyərlərə görə bu təşkilata qoşulmuşuq, ancaq bunlara riayət olunmazsa, belə nümayişlər davam edəcək, daha da çoxalacaq. Təşkilat isə problemlərə qərq olacaq.

Diaspora.az