Dərc edilib: 17:14, 12 Dekabr, 2016 | 14 dəfə baxılıb

“Rəsmi qurumlar və vətəndaş cəmiyyəti kəlbəcərli girovlarla bağlı sistemli iş aparır” – “Səhər” kanalına müsahibə

ADİHİ rəhbəri Almaniyanın Hamburq şəhərindən “Azad Arena” proqramına canlı müsahibəsində ATƏT Nazirlər Şurasının 23-cü iclası barədə məlumat verib və tədbir çərçivəsində görülən işlərdən danışıb

Almaniyada işgüzar səfərdə olan Azərbaycan Demokratiya və İnsan Haqları İnstitutunun rəhbəri Əhməd Şahidov İran İslam Respublikasının “Səhər” telekanalına müsahibə verib. Dekabrın 10-da yayımlanan “Azad Arena” proqramının efirinə Hamburqdan canlı qoşulan hüquq müdafiəçisi 8-9 Dekabr tarixlərində keçirilən ATƏT Nazirlər Şurasının 23-cü iclası barədə məlumat verib.

ATƏT üzvü olan 57 ölkənin xarici işlər nazirlərinin qatıldığı toplantıda ATƏT-in bütün strukturları, habelə səfirlər, diplomatlar, beynəlxalq təşkilatların rəhbərləri və media orqanları da təmsil olunublar. Hüquq müdafiəçisi Əhməd Şahidov bildirib ki, toplantıda Almaniyanın ATƏT-ə sədrliyi dövründə görülən işlər, Dağlıq Qarabağ münaqişəsi daxil olmaqla, ATƏT məkanında mövcud olan digər münaqişələr müzakirə edilib və gələn ildən ATƏT-ə sədrlik edəcək Avstriya öz prioritetlərini açıqlayıb. İclas çərçivəsində Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin, habelə ATƏT-in Minsk qrupu həmsədrlərinin iştirakı ilə görüşlər keçirilib.

ATƏT Xarici İşlər Nazirləri Şurasının Hamburqda keçirilən 23-cü iclası çərçivəsində görülən işlərdən danışan Azərbaycan Demokratiya və İnsan Haqları İnstitutunun rəhbəri Əhməd Şahidov müxtəlif ölkələrin diplomatları ilə görüşlər keçirdiyini və Dağlıq Qarabağ münaqişəsi barədə ətaflı məlumat verdiyini deyib. Avropalı jurnalistlərlə yaxından təmasda olan hüquq müdafiəçisi Kəlbəcərli girovlar Dilqəm Əsgərov və Şahbaz Quliyev barədə danışıb və Dağlıq Qarabağda keçirilən saxta məhkəmə prosesinin beynəlxalq hüquq normalarına zidd olduğunu bildirib. Kəlbəcərli girovlarla bağlı Azərbaycan rəsmilərinin və vətəndaş cəmiyyətinin sistemli iş apardığını diqqətə çatdıran ADİHİ rəhbəri Ermənistanın Cenevrə Konvensiyasının tələblərini kobud şəkildə pozduğunu da bildirib.