Dərc edilib: 15:29, 22 Avqust, 2017 | 30 dəfə baxılıb

Qlobal Gənc Liderlər Forumunun ikinci iş günündə qadın və kişi liderliyi mövzusu müzakirə edilib YENİLƏNİB

Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin (NGBM) təşkilatçılığı ilə Bakıda keçirilən Qlobal Gənc Liderlər Forumu avqustun 22-də işini seminarla davam etdirib.

“Qadın və kişilər fərqli şəkildəmi liderlik edir? Mədəniyyətlər fərqli şəkildəmi liderlik edir? Nəyi mənimsəyib, nəyi öyrənə bilərik?” mövzusunda seminarda Ukraynanın sabiq birinci xanımı, NGBM-in üzvü Katerina Yuşenko, Bolqarıstanın sabiq Prezidenti, NGBM-in üzvü Rosen Plevneliev, Liviyanın Avropa İttifaqındakı sabiq səfiri Farida Allaghi çıxış ediblər.

Katerina Yuşenko dünyada baş verən proseslərə qadınların təsirindən, onların iqtisadiyyatın bir çox sahələrinə verdikləri töhfələrdən, ailədə oynadıqları mühüm roldan danışıb. O, həmçinin qloballaşma şəraitində insanların bir-birilərinə anlayışla yanaşmalarının vacibliyini qeyd edib. “Müstəqil olmağa üstünlük verən kişilərdən fərqli olaraq, qadınlar problemləri daha çox birlikdə həll etməyi xoşlayırlar. Qadınlar daha çox transformasiya liderliyini həyata keçirirlər. Onlar kreativ olmağa təşəbbüs göstərirlər. Təcrübəmə əsasən deməliyəm ki, dünyada lider qadınların sayının çoxalması vacib məsələdir. İnanıram ki, 2024-cü ilədək lider qadınların sayı artacaq. Dünyada qadınlara olan münasibət tarixboyu daim dəyişib. Bu, bizim həyat tərzimizə böyük təsir göstərib. Bu həm də ölkələrin milli mədəniyyətindən asılıdır.”, – deyə Ukraynanın sabiq birinci xanımı əlavə edib. O, həmçinin qloballaşma şəraitində insanların bir-birilərinə anlayışla yanaşmalarının vacibliyini qeyd edib.

Bolqarıstanın sabiq Prezidenti, NGBM-in üzvü Rosen Plevneliev qadınların siyasətdə, cəmiyyətdə oynadığı rolu xüsusi vurğulayıb. O, idarəçilikdə kişilərin və qadınların komanda kimi birlikdə çalışmalarının vacibliyinə toxunub. Vurğulayıb ki, bu, ən yaxşı nəticələr əldə etməyə kömək edəcək. R.Plevneliev diplomatik fəaliyyəti dövründə lider qadınlarla əməkdaşlığından danışıb. Bildirib ki, Prezident seçildikdən sonra onun komandasında daha çox qadınlar vəzifədə olublar. İnanıram ki, qadınlar kişilərdən daha çox məsuliyyətli olurlar. Sabiq Prezident qadınların hökumət strukturlarında təmsil olunmasının daha da genişləndirilməsinin vacibliyini vurğulayaraq deyib: “Düzdür, kişilər daha dəqiqdirlər və işə başlayanda daha həvəslə çalışırlar, amma təəssüf ki, bir qədər sonra bu həvəs onlarda azalmağa başlayır. Qadınlarda isə işə olan münasibət daim fərqli olub, onlar daha məsuliyyətlidirlər”.

Liviyanın Avropa İttifaqındakı sabiq səfiri Farida Allaghi qadınların liderlik xüsusiyyətlərindən söhbət açıb. O, liderlik edən qadınların daha demokratik olduğunu bildirib. F.Allaghi, həmçinin gənclərin, xüsusən də gənc qadınların cəmiyyətdə oynadıqları rolu qeyd edib, onların siyasi məsələlərin həllinə töhfələrini yüksək qiymətləndirib. Bir çox ölkələrdə qadınların yüksək vəzifələr tutduqlarını, lakin medianın bunu kifayət qədər işıqlandırmamasının təəssüf doğurduğunu bildirən F.Allaghi deyib: “Kişilər əlbəttə ki, dünyada mühüm rola malikdirlər, vacib işlər görürlər, qərarlar qəbul edirlər, lakin qadınları yaddan çıxarmamalıyıq, qadınlar heç vaxt kənarda qalmamalıdırlar. Bu gün dünyada baş verən proseslərə təsir etmək, böhrandan çıxmaq üçün səylərimizi birləşdirməliyik. Gender bərabərliyi gələcəyimiz üçün çox vacibdir”, – deyə o vurğulayıb.

Seminarın sonunda gənc liderlərin sualları cavablandırılıb.

Diaspora.az