Dərc edilib: 13:38, 18 Yanvar, 2017 | 15 dəfə baxılıb

Qanlı Yanvar faciəsinin ildönümü ilə əlaqədar Koreyada anım mərasimi keçirilib

Azərbaycanın Koreyadakı səfirliyində media nümayəndələrinin, elm adamlarının və bu ölkədə təhsil alan azərbaycanlı tələbələrin iştirakı ilə Qanlı Yanvar faciəsinin ildönümü ilə əlaqədar anım mərasimi keçirilib.

Səfir Rəmzi Teymurov XX əsrdə Azərbaycanın azadlıq mübarizəsinin tarixi haqqında ətraflı məlumat verərək, 20 Yanvar faciəsinin xalqımızın tarixinin şanlı səhifələrindən biri olduğunu bildirib. O, müstəqillik və suverenlik uğrunda mübarizəyə qalxmış Azərbaycan xalqının başına gətirilən faciədən bəhs edib.

Koreya xalqının müstəqillik tarixində baş vermiş hadisələrlə paralellər aparılaraq, keçmiş Sovet İttifaqının müstəqillik uğrunda mübarizəyə qalxmış millətlərin azadlıq arzusunu boğmaq cəhdinin əsas mahiyyəti haqqında məlumat verilib.

Sonda 20 Yanvar faciəsinə dair filim nümayiş etdirilib, tədbir iştirakçıları Qanlı Yanvar hadisələrinə həsr olunan fotosərgi ilə tanış olublar.

Səfirlik Koreya ictimaiyyətini 20 Yanvar hadisələri haqqında məlumatlandırmaq məqsədi ilə nüfuzlu “The Korea Post” qəzetində bir neçə məqalə də dərc edib. “20 Yanvar: Azərbaycanın müstəqillik mübarizəsinin ildönümü”, “Azərbaycan 20 Yanvar faciəsinin 27-ci ildönümünü qeyd edir” və “20 Yanvar hadisəsinin səbəbləri və nəticələri” adlı məqalələrdə keçmiş Sovet İttifaqının dağılmasında başlıca rol oynayan milli azadlıq hərəkatlarından bəhs edilib. Məqalələrdə Azərbaycanın müstəqilliyi və azadlığı uğrunda mübarizəyə qalxmış dinc əhaliyə qarşı törədilən amansız və dəhşətli cinayət haqqında ətraflı məlumatlar əksini tapıb. Bundan başqa, yazılarda 20 Yanvar hadisələri Azərbaycan xalqının milli azadlıq ruhuna qarşı yönəlmiş təcavüz kimi qiymətləndirilib.

Diaspora.az