Dərc edilib: 01:49, 6 İyul, 2017 | 187 dəfə baxılıb

Polşada yaşayan azərbaycanlı gənclər Ermənistan səfirliyinin qarşısında aksiya keçirəcək

Cavid Zeynalov: “. Varşavada yaşayan həmvətənlərimizi aksiyaya dəstək verməyə və bu istiqamətdə öz səsini ucaltmağa çağırırıq”

Xəbər verildiyi kimi, iyulun 4-də axşam saatlarında Ermənistan silahlı qüvvələri Füzuli rayonunun Alxanlı kəndini minaatanlardan və ağır artireliya qurğularından atəşə tutulub.
Ermənistan Silahlı qüvvələrinin mülki əhalini hədəf alan hərəkətləri nəticəsində kənd sakini 1967-ci il təvəllüdlü Quliyeva Sahibə İdris qızı və onun nəvəsi 2 yaşlı Quliyeva Zəhra Elnur qızı həlak olmuş, digər mülki şəxs 1965-ci il təvəllüdlü Quliyeva Sərvinaz İltifat qızı isə yaralanmış, mülki obyektlərə zərər yetirilib.
Bu məsələ ilə bağlı Azərbaycan cəmiyyətində də ciddi reaksiyalar hiss olundu və bir sıra gənclər təşkilatları beynəlxalq təşkilatlara müraciətlər ünvanladılar.
Polşada yaşayan Azərbaycan gəncləri və diasporçularımız da məsələyə biganə qalmayaraq, Ermənistan səfirliyi qarşısında aksiya keçirməyə hazırlaşırlar.
Bu barədə OTV-yə Polşadakı Azərbaycan Gənclərinin Birliyinin (AYPU) təsisçisi və Varşavada “Azərbaycan Evi”nin rəhbəri Cavid Zeynalov məlumat verib.
Onun sözlərinə görə, ötən gün baş verən bu dəhşətli hadisə Polşada yaşayan azərbaycanlıların da narahatlığına səbəb olub və məsələ ilə bağlı aktif fəaliyyətə keçməyə qərar verilib.
“Biz “Azərbaycan Evi”ndə bir neçə həmvətənimizlə birlikdə qərara gəldik ki, iyulun 7-də saat 16:00-da Ermənistan səfirliyinin qarşısında aksiya edək. Varşavada yaşayan həmvətənlərimizi aksiyaya dəstək verməyə və bu istiqamətdə öz səsini ucaltmağa çağırırıq. Həmçinin, sabah bir neçə təşkilatla birlikdə beynəlxalq təşkilatlara etiraz məktubları göndərəcəyik”, – deyə C.Zeynalov vurğuladı.