Dərc edilib: 08:44, 27 İyun, 2017 | 22 dəfə baxılıb

Moskvada Azərbaycan Silahlı Qüvvələrinin yaranmasının 99-cu ildönümünə həsr olunmuş təntənəli mərasim keçirilib

Rusiya paytaxtında Azərbaycan Silahlı Qüvvələrinin yaranmasının 99-cu ildönümünə həsr olunmuş təntənəli mərasim keçirilib.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, Azərbaycan Rusiyadakı səfirliyinin Qonaq Evində keçirilən mərasimdə 40-dan çox ölkənin hərbi attaşeləri, Rusiya və Azərbaycan ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan Azərbaycanın Rusiyadakı fövqəladə və səlahiyyətli səfiri Polad Bülbüloğlu bildirib ki, indiki siyasi vəziyyətdə Azərbaycanın Silahlı Qüvvələri Günü ölkəmizin vətəndaşları üçün xüsusi əhəmiyyət daşıyır: “1918-ci il iyunun 26-da Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurasının qərarı ilə ilk müntəzəm hərbi hissə – əlahiddə Azərbaycan korpusu yaradılıb. Azərbaycan Ordusunun tarixi həmin gündən başlayır. Sovet dövründə C.Naxçıvanski adına hərbi məktəb açılıb, hərbi quruculuğa həmişə böyük diqqət ayrılıb. SSRİ-nin tərkibində olan 15 respublika arasında Azərbaycanın müstəqilliyi ona olduqca baha başa gəlib. Həm Qara Yanvar, həm Qarabağ müharibəsi, həm Xocalı faciəsi və bir çox digər hadisələr… Bu səbəbdən də Azərbaycan üçün ölkənin suverenliyini, sərhədlərini qoruya biləcək güclü ordu zəruri idi. Ona görə də belə güclü ordu yaradılıb”.

Diplomat vurğulayıb ki, Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən, ümummilli lider Heydər Əliyevin ölkə rəhbərliyinə qayıdışından sonra ciddi ordu quruculuğuna başlanılıb: “Bu gün isə Ali Baş Komandan, Azərbaycan prezidenti İlham Əliyev ordumuzun möhkəmlənməsinə və texniki təchizatına xüsusi diqqət ayırır. Bu gün Azərbaycan Ordusu dünyanın 50 ən qüdrətli ordusu sırasına daxildir. Biz bununla qürur duyuruq”.

“Azərbaycan hərbi təcavüzə məruz qalıb, ərazimizin 20 faizi işğal edilib. Mən bir səfir kimi, sizə demək istəyirəm ki, ölkələrinizə çatdırın ki, Azərbaycan xalqı öz torpaqlarının işğalı ilə heç vaxt barışmayacaq. Əlbəttə, biz bu məsələni dinc yolla həll etmək istəyirik. Lakin necə deyərlər, “Sülh istəyirsənsə, müharibəyə hazır ol”. Bu gün bizim ordumuz Ali Baş Komandanın istənilən əmrini yerinə yetirməyə qadirdir. Lakin Azərbaycan yenə də Dağlıq Qarabağ münaqişəsini dinc yolla həll etmək istəyir”, deyə səfir P. Bülbüloğlu mərasimdə iştirak edən xarici ölkələrin hərbi attaşələrinə müraciət edərək bildirib.

Daha sonra Azərbaycanın Rusiyadakı hərbi attaşesi, polkovnik Rac Babayev çıxış edib. O, Azərbaycan milli ordusunun yaranması tarixi haqqında danışıb.

Sonda Azərbaycan Silahlı Qüvvələrinin yaranmasının 99-ci ildönümü şərəfinə qonaqlara ziyafət verilib.