Dərc edilib: 03:59, 16 İyul, 2017 | 16 dəfə baxılıb

Misirdəki diasporumuz Azərbaycan dilinin tədrisinə başlayıb

Misir Ərəb Respublikasında (MƏR) fəaliyyət göstərən “Vətənpərvər” – Azərbaycanın Misirdə Diaspor Təşkilatları Birliyinin ofisində Azərbaycan dilinin tədrisinə başlanılıb.
Bu barədə Diaspora.az-a Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat veriblər. Birliyin ofisində Azərbaycan dilinin tədrisi ilə yanaşı, xalqımızın tarixi, zəngin mədəni irsinin təbliği də nəzərdə tutulur.
“Vətənpərvər” – Azərbaycanın Misirdə Diaspor Təşkilatları Birliyinin sədri, tədqiqatçı-alim Seymur Nəsirovun dediyinə görə, dərslər həftədə iki dəfə keçiriləcək və tədris prosesinin ilkin mərhələsində Misirin Qahirə və Ayn-Şəms universitetlərinin məzunları iştirak edəcək. 2016-2017-ci tədris ilindən etibarən Azərbaycan Respublikasının MƏR-dəki səfirliyinin dəstəyi ilə Qahirə Universitetində Azərbaycan dilinin tədrisinə başlanılıb. Eyni zamanda, Misirin digər qabaqcıl ali təhsil müəssisələrində də Azərbaycan dili tədris olunacaq.
Birliyin sədri bu təşəbbüsün 2016-cı il iyunun 3-4-də Bakıda keçirilmiş Dünya Azərbaycanlılarının IV Qurultayının açılış mərasimində Azərbaycan Prezidenti İlham Əliyevin xaricdə yaşayan azərbaycanlıların, yetişən gənc nəslin Vətənə bağlı böyüməsi, ana dilini bilməsi üçün xarici ölkələrdə həftəsonu məktəblərinin sayını artırmaqla bağlı tövsiyəsinə uyğun həyata keçirildiyini qeyd edib.

Diaspora.az