Dərc edilib: 15:31, 13 May, 2017 | 25 dəfə baxılıb

Milli Məclis artıq ÜAK ilə bağlı Rusiyaya rəsmi müraciət edib

“Azərbaycan prezidenti İlham Əliyevin apardığı müstəqil siyasət, xüsusilə son vaxtlar atdığı qətiyyətli addımlar bəzilərinin, o cümlədən Rusiyadakı bir sıra qüvvələrin xoşuna gəlmir. Son günlər Rusiya-Azərbaycan münasibətləri fonunda Ümumrusiya Azərbaycanlıları Konqresinin ləğvi cəhdləri də bundan qaynaqlanır”.

 

Bu sözləri Milli Məclisin deputatı Vahid Əhmədov bildirib.

 

Diaspora.az APA-ya istinadən verdiyi xəbərə görə , V. Əhmədov deyib ki, Rusiyadakı həmin qüvvələr bununla Azərbaycana təzyiq göstərmək istəyirlər: “Müstəqilliyimizə xələl gətirmək niyyəti var. Amma buna baxmayaraq, dövlət başçımızın sözünün əvvəli də, axırı da Azərbaycanın müstəqilliyidir. İndi Rusiyadakı qüvvələr yenə müəyyən müəmmalar axtarırlar. 2013-cü ilin prezident seçkiləri ərəfəsində də müəyyən insanları yoldan çıxarıb, Azərbaycanda nəsə eləmək istədilər. İndi də orada bizə qarşı hazırlıqlar gedir, məlumatımız var. Hazırlaşırlar ki, 2018-ci ildə Azərbaycandakı prezident seçkilərinə qədər təzyiqlər etsinlər. Bu baxımdan ilk addım kimi Ümumrusiya Azərbaycanlıları Konqresinin ləğvi üçün məhkəməyə müraciət olunub. Konqresin ləğvi böyük səhv olacaq. Biz də buna cavabsız qalmayacağıq. Milli Məclis olaraq da müvafiq addımlar atacağıq. Rusiyada azərbaycanlıların sayı çoxdur. Eyni zamanda, Rusiyada 40 milyona yaxın müsəlman yaşayır. Rusiyanın bu addımları bizim üçün problem olmamalıdır. Çünki biz Avropa üçün əhəmiyyətli tərəfdaşıq, müstəqil dövlətik və prezidentimizin bütün addımları müstəqildir. Öz gücümüz var”.

 

V. Əhmədov Ümumrusiya Azərbaycanlıları Konqresinin Rusiyada ən böyük diaspor təşkilatlarından biri olduğunu xatırladaraq deyib ki, bu təşkilatdan istifadə edərək Azərbaycana təzyiq göstərmək cəhdləri faydasız olacaq: “Biz 25 ildir müstəqil dövlətik və bu, davam edəcək. Çünki biz artıq hər şeyə hazırıq ki, Azərbaycanın müstəqilliyi qorunsun. Rusiya da başa düşməlidir ki, bizim münasibətlər strateji tərəfdaşlıq həddinə çatıbsa, bəzi qüvvələrə nəzarət etməlidir ki, buna zərər dəyməsin”.

 

Deputat onu da əlavə edib ki, Rusiya prezidenti Vladimir Putinin Azərbaycanı strateji tərəfdaş kimi qəbul etməsi oradakı bəzi qüvvələr tərəfindən qəbul olunmur: “Məsələn, biz Rusiyadan ATƏT-in Minsk qrupunun həmsədri kimi Dağlıq Qarabağ münaqişəsinin həllində qətiyyətli addım gözləyirik. Amma bunun fonunda nə baş verir? Yuxarıda sadaladıqlarımız”.

 

Yeni Azərbaycan Partiyası (YAP) icra katibinin müavini, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov isə bildirib ki, artıq məsələ ilə bağlı Milli Məclis, aidiyyəti dövlət qurumları, Azərbaycandakı rus icması Rusiyanın aidiyyəti orqanlarına müraciət göndərib. Bununla yanaşı, S. Novruzov qeyd edib ki, Rusiyada müəyyən dairələrin qərəzli mövqeyi ortadadır: “Buna baxmayaraq, bizimkilər də orada çalışmalıdırlar ki, belə dairələrə fürsət verməsinlər, onlara əsas yaratmasınlar. Yəni, vaxtlı vaxtında tələb olunan sənədləri təqdim etsinlər, sənədlər qaydasında olsun və Rusiya-Azərbaycan münasibətlərinə bizi istəməyən qüvvələrin xələl gətirməsinə yol verməsinlər”.

 

S. Novruzov hesab edir ki, Konqresin ləğvi ilə bağlı qərar çıxmayacaq və iki ölkə arasında münasibətlərə zərbə vurmaq istəyənlər, o cümlədən erməni lobbisi bundan istifadə edə bilməyəcək. O, Konqresin ləğvi üçün Rusiyada iki qüvvənin çalışdığını söyləyib: “Həm Azərbaycanı istəməyən, təxribatla məşğul olan qüvvələr, həm də ermənilərin təhriki ilə Rusiyanın müxtəlif dairələrində təmsil olunan bəzi şəxslər buna cəhd edir. Amma mən düşünmürəm ki, Rusiya məhkəməsi Konqresi ləğv edəcək. Müvafiq sənədlər təqdim ediləndən sonra bu məsələ həllini tapacaq”.

Diaspora.az