Dərc edilib: 01:05, 22 Fevral, 2015 | 8 dəfə baxılıb

Londonda Xocalı soyqırımının ildönümü ilə əlaqədar “Qarabağ: Gələcəyə baxışımız” elmi forumu keçirilib

“Azərbaycan – Britaniya Məzunları” İctimai Birliyinin (AUKAA) təşkilatçılığı, Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun və ölkəmizin Böyük Britaniyadakı səfirliyinin dəstəyi ilə Londonda tələbə və məzunlar üçün “Qarabağ: Gələcəyə baxışımız” adlı elmi forum keçirilib. Forum Xocalı soyqırımının 23-cü ildönümünə həsr edilib.
Əvvəlcə Xocalı faciəsi qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Diaspora.az   AzərTac Dövlət Teleqraf Agentliyinə istinadən verdiyi məlumata görə forumun keçirilməsində əsas məqsəd Böyük Britaniyada Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi mövzusunda elmi müzakirələrin aparılması üçün sosial və humanitar, siyasi elmlər və dövlət idarəçiliyi, habelə beynəlxalq münasibətlər, diplomatiya və ətraf mühit elmləri sahəsində təhsil alan tələbələr, magistrantlar və doktorantlar üçün vahid platforma təqdim etməkdir. Forum, eyni zamanda, Britaniyanın müxtəlif nüfuzlu universitetlərinin tələbə və akademik heyəti arasında Dağlıq Qarabağ problemi ətrafında elmi araşdırmaları təşviq etmək məqsədi daşıyıb.

AUKAA London Forum layihəsinin meneceri Ramiz Babayev təmsil etdiyi qurum və forum haqqında iştirakçıları məlumatlandırıb. O, “Xocalı həftəsi” çərçivəsində Qarabağ mövzusunda forumun keçirilməsinin önəmini vurğulayıb.

Azərbaycanın Böyük Britaniyadakı səfiri Tahir Tağızadə forumun işini yüksək qiymətləndirib və onun əhəmiyyətindən danışıb.

Qeyd edib ki, Azərbaycan ərazisinin bir hissəsinin Ermənistan silahlı qüvvələrinin işğalı altında olması hələ də davam edən ədalətsizlikdir. Bu ədalətsizliyə qarşı elmi və siyasi cəhətdən ölçü götürülməsi vacibdir. Səfir deyib: “Mənə nə üçün Xocalı faciəsi Azərbaycan üçün aktual mövzu kimi daim gündəmdə qalır, Azərbaycan bunun əvəzini çıxmaq istəyirmi” sualı ilə tez-tez müraciət edirlər. Bildirirəm ki, biz intiqam eşqində deyilik, ədalətin bərqərar olmasını, bu cür hadisələrin təkrarlanmamasını istəyirik”.

Səfir deyib ki, Xocalı faciəsi heç vaxt unudulmamalıdır. Faciənin yadda saxlanılmasının iki ölçüsü var: Daxili siyasət və xarici siyasət ölçüləri. Xocalı faciəsinin həmişə diqqət mərkəzində olması kollektiv yaddaşı formalaşdırır. Kollektiv yaddaşın formalaşdırılması milli mentalitet olmadan mümkün deyil.

Böyük Britaniya ilə münasibətlərimiz haqqında məlumat verən diplomat bu ölkənin Azərbaycan üçün mühüm əhəmiyyət kəsb etdiyini, əlaqələrimizin tarixinin XIX əsrin əvvəllərinə qədər gedib çıxdığını diqqətə çatdırıb. Səfir əməkdaşlığımızın sadəcə enerji deyil, bütün sahələri əhatə etdiyini bildirib.

London Diplomatiya Akademiyasının rektoru Nabil Ayad Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi haqqında danışıb. O, Azərbaycan ərazisinin 20 faizinin ermənilər tərəfindən işğal edildiyini, bir milyondan çox azərbaycanlının yurd-yuvalarından didərgin düşdüyünü diqqətə çatdırıb. Professor beynəlxalq qurumların dünyadakı digər münaqişələrə göstərdiyi diqqəti Dağlıq Qarabağ probleminə münasibətdə göstərmədiyini bildirib.

Gənclər Fondunun nümayəndəsi Babək Məmmədzadə Dağlıq Qarabağ münaqişəsinin bu cür forumlarda akademik səviyyədə müzakirə edilməsinin vacibliyini vurğulayıb.

B.Məmmədzadə Azərbaycanda həyata keçirilən gənclər siyasəti barədə də məlumat verib. Bildirib ki, əsasını ümummilli lider Heydər Əliyevin qoyduğu bu siyasət Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Bu siyasətin təməlini Azərbaycan gənclərinin hərtərəfli inkişafı, onların ictimai-siyasi fəallığının artırılması təşkil edir.

“St.Andrews” universitetində fəaliyyət göstərən Orta Asiya, Mərkəzi Asiya və Qafqaz İnstitutunun direktoru professor Rik Favn “Qarabağ: münaqişənin həli üçün əngəllər və imkanlar” mövzusunda təqdimatla çıxış edib. Təqdimatda Dağlıq Qarabağ münaqişəsi elmi-praktiki, siyasi və iqtisadi cəhətdən ətraflı təhlil olunub.

Daha sonra forum işini “Qarabağ Münaqişəsi: təhdidlər və çağırışlar”, “Britaniya universitetlərində və cəmiyyətində Qarabağ məsələsi” adlı panellərlə davam etdirib.