Dərc edilib: 15:57, 27 İyul, 2017 | 23 dəfə baxılıb

Leyla Əliyeva: “Mirzə Fətəli Axundov adına Azərbaycan Mədəniyyət Muzeyi Gürcüstanın aparıcı muzeyləri arasında özünə layiq yer tutub”

Gürcüstandakı soydaşlarımız arasında elə bir insan yoxdur ki, Mirzə Fətəli Axundov adına Azərbaycan Mədəniyyət Muzeyinin direktoru Leyla Əliyevaya xüsusi hörmət bəsləməsin. Leyla xanım, eyni zamanda yerli xalq tərəfindən də sayılıb, sevilir.

Bütün bunlar bu nurani xanımın nəcib və mehriban xasiyyətinin olmasından irəli gəlir. Gürcüstanda olarkən Leyla xanımla görüşüb söhbət edərkən biz onun nə dərəcədə hörmətə layiq olduğunu hiss etdik. Biz, həm də onu gördük ki, Leyla xanım ömrünün bu çağında soydaşlarımız arasında umu-küsüsü, narazılğı olanları barışdırmaq missiyasını yerinə yetirir. Bu baxımdan, L.Əliyevanın M.F.Axundov adına Azərbaycan Mədəniyyət Muzeyinin direktoru olmasının da rolu var. Çünki o, öz müsahibəsində muzeyin soydaşlarımızın bir araya gəlməsində önəmindən də danışdı.

-Leyla xanım, öncə özünüz haqda məlumat verməyinizi istərdik.

– 1948-ci ilin mart ayında Tiflis şəhərində dünyaya göz açmışam. Tiflis şəhərinin 65 nömrəli orta məktəbini Qırmızı diplomla bitirdikdən sonra 1972-ci ildə Gürcüstanın Dövlət

Universitetinin İqtisadiyyat fakültəsini bitirmişəm.

2000-ci ildə isə Humanitar Universitetin Filologiya fakültəsinin gürcü dili və ədəbiyyatı bölməsini bitirmişəm.

2000-ci ildən qeyri-dövlət təşkilatının sədri vəzifəsində çalışmışam və təşkilatın adından ikidilli qəzetin baş redaktoru olmuşam. O dövrdə Gürcüstanda yaşayan azərbaycanlılar üçün ölkədə gedən prosesləri qəzet vasitəsilə çatdırmaq çox vacib idi. Buna görə də qəzet oxuculara pulsuz paylanılırdı.

2000 – 2008-ci illərdə xeyriyyə işləri ilə məşğul olmuşam. Sosial durumları ağır olan70 ailəyə (tənhalara, çoxuşaqlı ailələrə və maddi imkanları olmayanlara) öz imkanım daxilində yardım göstərmişəm.

2008-ci ilin may ayında Gürcüstan dövlətinin istəyi və Gürcüstanın Mədəniyyət Nazirliyinin qərarı ilə Mirzə Fətəli Axundov adına Azərbaycan Mədəniyyət Muzeyinin direktoru vəzifəsinə təyin olundum. Mədəniyyətimizin inkişafı, Gürcüstan-Azərbaycan mədəniyyətinin möhkəmlənməsi uğrunda xidmətlərimə görə çoxsaylı təşəkkür diplomları ilə təltif olunmuşam.
2017-ci ilin mart ayında Azərbaycan Prezidenti İlham Əliyevin 2708 nömrəli sərəncamı ilə “Əməkdar mədəniyyət işçisi” fəxri adıyla təltif olundum.

-M.F.Axundovun ev muzeyinin eksponatları nədən ibarətdir? Ümumiyyətlə, burada Axundovla bağlı əsas nə qorunub saxlanılır?

-Mirzə Fətəli Axundov adına Azərbaycan Mədəniyyət Muzeyi 6 zaldan ibarətdir. Ekspozisiya zallarında Azərbaycan mədəniyyətinə aid olan əşyalar, milli geyimlər, xalçalar, mis və gil qablar, tanınmış şəxsiyyətlərimizin, bəstəkar və rəssamların fotoşəkilləri və onların əsərləri nümayiş olunur.
Mirzə Fətəli Axundovun yaşayışı, fəaliyyəti, ailəsinə aid olan fotomaterial və sənədlər muzeyin qiymətli əşyalarıdır. Mirzə Fətəli Axundovun əsərlərindən ibarət olan illüstrasiyalar, anadan olduğu evin maketi, doğum şəadətnaməsi, memorial əşyaları, fotoşəkilləri və arxiv materialları muzeydə saxlanıb.

-Azərbaycan dövləti tərəfindən muzeyin fəaliyyəti ilə bağlı sizə nə kimi dəstək göstərilir?

-Mirzə Fətəli Axundov adına Azərbaycan Mədəniyyət Muzeyi Azərbaycan dövləti tərəfindən 2010-cu ildə tam bərpa olundu.
2013-cü ildə isə muzeyin təntənəli açılışı oldu. Açılışda hər iki dövlətin rəhbərliyi və mədəniyyət nazirləri iştrak etdilər. Muzey müasir avadanlıqlarla təmin olunub, gələn qonaqlara audiobələdçilərlə 5 dildə məlumat verilir.
-Bu muzey Gürcüstandakı soydaşlarımızı nə dərəcədə bir araya gətirir?

-Gürcüstanda yaşayan soydaşlarımız üçün Mirzə Fətəli Axundov adına Azərbaycan Mədəniyyət Muzeyi ziyarətgah evinə çevrildi.
Mədəniyyət ocağı olan bu ev hər bir azərbaycanlının, tələbə, məktəbli və ziyalılarımızın birləşdiyi görüş yerinə çevrildi. Muzeyin nəzdində rəsm, xalçaçılıq dərnəyi, dil kursları və musiqi dərnəyi fəaliyyət göstərir. Muzeydə Azərbaycan dilində kitabxana da var. Muzeydə sərgilər, müxtəlif tədbirlər və görüşlər təşkil olunur.

-Gürcülərin muzeyə marağı necədir?

-Gürcülər və əcnəbi qonaqlar muzeyə böyük maraq göstərirlər. Gürcü ictimaiyyəti, rəssamları, yazıçıları, musiqiçilərı, Gürcüstanın muzeyləri ilə əməkdaşlıq etməmiz bunun sübutudur.

-Ümumiyyətlə, muzeyin əcnəbi ziyarətçiləri olurmu?

-Bildiyiniz kimi, Mirzə Fətəli Axundov adına Azərbaycan Mədəniyyət Muzeyi Gürcüstanın aparıcı muzeyləri arasında özünə layiq yer tutub. Bu üzdən də şəhərə gələn turistlərin marağındadır. Muzeyi ziyarət edənlər arasında Avropa, ABŞ, İran, Türkiyə, Rusiya və Orta Asiya dövlətlərindən gələn ziyarətçilər də olur.

Fuad Hüseynzadə
(Bakı-Tbilisi-Bakı)

Diaspora.az