Dərc edilib: 02:32, 28 Mart, 2017 | 8 dəfə baxılıb

Küveytdə Azərbaycan mədəniyyəti nümayiş olunub

Küveytdə bu günlərdə Şlumberger (Schlumberger Spoon Associaton) şirkəti tərəfindən Dünya xalqlarının beynəlxalq milli mədəniyyətinin təqdimetmə günü münasibəti ilə tədbir keçirilib. Tədbirdə Azərbaycan-Küveyt Mədəniyyət və Dostluq Cəmiyyəti-Vətənsevər diaspor təşkilatının üzvü Səbinə Əliyeva özünün əl qabiliyyətini nümayiş etdirməklə Azərbaycanı təmsil edib. Bununla bağlı Səbinə xanım Novruz bayramı ərəfəsində keçirilən tədbirdə Azərbaycanın milli mətbəxindən şəkərbura, paxlava, şorqoğalı, o cümlədən səməni və s. Novruz xonçası ilə tədbirdə iştirak edib. Səbinə Əliyeva bununla belə, Azərbaycanın üçrəngli şanlı bayrağı, tarixi, mədəniyyəti, turizmi, mətbəxi, milli geyimləri, adət-ənənələri, eləcə də Azərbaycanın başına ermənilər tərəfindən gətirilən olmazın oyunları, Xocalı soyqırımı haqqında tədbir iştirakçılarına məlumat verib. Tədbirdə iştirak edən bütün əcnəbilər, eləcə də yerli əhalidən olanlar Azərbaycanı daha yaxından tanımaqdan məmnun olublar. Tədbirin sonunda bütün ölkələri təmsil edənlər kimi, Səbinə xanım da gələn qonaqlara öz əlləri ilə hazırladığı milli təamlarımızı dadmağa dəvət edib.

Diaspora.az