Dərc edilib: 09:28, 15 Aprel, 2016 | 7 dəfə baxılıb

İyad Madani: “Azərbaycanın suverenliyi qəbul edilməlidir”

“Ermənistan Azərbaycan ərazisi olan Dağlıq Qarabağdan qoşunlarını çəkmir”.

Diaspora.az -ın xəbərinə görə, bunu İslam Əməkdaşlıq Təşkilatının (İƏT) İstanbulda keçirilən XIII Zirvə toplantısında İƏT Baş katibi İyad Madani deyib. Baş katib bildirib ki, işğal illərdir, davam edir: “BMT Təhlükəsizlik Şurasının, digər beynəlxalq təşkilatların münaqişə ilə bağlı qərarlarına erməni tərəfi əməl etmir. Biz problemin tezliklə həll olunmasını istəyirik. İşğalçı ordu tez bir zamanda zəbt etdiyi torpaqlardan çıxmalıdır. Münaqişə Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır. Azərbaycanın suverenliyi qəbul edilməlidir”.

İslam ölkələrinin ərazi bütövlüyünün qorunmasının vacibliyini diqqətə çatdıran İyad Madani deyib ki, İƏT-in təsir gücünün və etibarının artırılması üçün üzv ölkələrin məruz qaldığı haqsızlıqların aradan qalxmasına çalışılmalıdır: “Bu çərçivədə Dağlıq Qarabağ probleminin həll edilməsi istiqamətində İƏT-in Təmas qrupunun yaradılmasını qərarlaşdırmışıq. Təmas qrupunun yaradılmasıyla bağlı maddənin İƏT-nin İstanbul Zirvə toplantısının yekun bəyannaməsinə daxil edilməsi gözlənilir”.

Qeyd edək ki, iki günlük Zirvə toplantısı davam edir. Zirvə toplantısında Azərbaycan prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva da iştirak edirlər.

 

Diaspora.az