Dərc edilib: 10:38, 13 May, 2017 | 16 dəfə baxılıb

IV İslam Həmrəyliyi Oyunlarının açılışı Meksikada təntənəli şəkildə qeyd olunmuşdur

Diaspora.az-a Azərbaycan Respublikasının Meksikadakı səfirliyindən verilən məlumata görə. Bu gün Azərbaycan Respublikasının Meksika Birləşmiş Ştatlarında Səfirliyində Bakıda keçiriləcək IV İslam Həmrəyliyi Oyunlarının açılışına həsr olunmuş ziyafət verilmişdir. Tədbirdə Meksikada İslam Əməkdaşlığı Təşkilatı (İƏT) üzv dövlətlərinin nümayəndələri, o cümlədən İndoneziya, Əlcəzair, İran İslam Respublikası, Liviya, Malayziya, Pakistan, Fələstin, Misir Ərəb Respublikası səfirləri, İraq, Türkiyə, Küveyt, BƏƏ Səfirliklərinin müvəqqəti işlər vəkilləri, bir sıra digər ölkələrin təmsilçiləri iştirak etmişdir. Həmçinin tədbirə Meksika Xarici İşlər Nazirliyi Balkan, Qafqaz, Mərkəzi və Şərqi Avropa ölkələri İdarəsinin rəisi Xose Federiko Bass-Villareal də qatılmışdır. Tədbir iştirakçılarına IV İslam Həmrəyliyi Oyunları barədə məlumat verən videoçarxlar nümayiş edilmişdir. Bundan sonra çıxış edən Azərbaycan Respublikasının Meksikada Səfirliyinin müvəqqət işlər vəkili Məmməd Talıbov tədbirin qonaqlarını salamlayaraq IV İslam Həmrəyliyi Oyunlarının ölkəmizdə keçirilməsinin Azərbaycanın həyatında mühüm və şərəfli bir hadisə olduğunu bildirdi, bunun eyni zamanda islam ölkələrinin Azərbaycana münasibətdə etibar və rəğbətinin göstəricisi olduğunu söylədi. O, Bakının bu möhtəşəm idman hadisəsini qəbul etməyə tam hazır olduğunu qeyd edərək, bu hazırlıq işlərinin böyük uğurla başa çatmasında Oyunların Təşkilat Komitəsi və onun sədri, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın müstəsna rolunu qeyd etdi. Diplomat IV İslam Həmrəyliyi Oyunları barədə məlumat verərək 50-dən artıq ölkədən 3000-dən çox idmançının burada müxtəlif idman növlərində yarışa qatılacağını və bu rəqəmlərin Oyunlar tarixində rekord olduğunu qeyd etdi.

Ölkəmizin təmsilçisi Azərbaycanın qədim və zəngin tarix və mədəniyyətə malik olduğunu, eyni zamanda müstəqilliyimizin bərpa edildiyindən sadəcə 26 il keçməsinə baxmayaraq ölkəmizin olduqca böyük nailiyyətlərə imza atdığını, bütün sahələrdə dinamik inkişafa nail olduğunu və beynəlxalq arenada öz layiqli və nüfuzlu yerini tutduğunu qonaqların diqqətinə çatdırdı. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən cari ilin Azərbaycanda İslam Həmrəyliyi ili elan olduğunu deyən diplomat bunun Azərbaycan rəhbərliyi tərəfindən irəli sürülən və İslam ölkələri arasında həmrəyliyin güclənməsinə töhfə verən mühüm təşəbbüs olduğunu dedi. O, Prezident İlham Əliyevin “Bu gün İslam dünyasının öncə heç zaman olmayan bir dərəcədə həmrəyliyə ehtiyacı var” sözlərini xatırladaraq Bakıda keçiriləcək Oyunların müsəlman ölkələri arasında həmrəyliyə öz töhfəsini verəcəyinə inandığını bildirdi. Eyni zamanda o, Azərbaycanın öz tolerantlığı ilə tanındığını və müxtəlif mədəniyyətlərin heç bir ayrıseçkilik ilə üzləşmədən əsrlər boyu burada birgə yaşadığını vurğuladı. Azərbaycan tərəfindən mədəniyyətlərarası dialoq və multikulturalizmə verdiyi töhfədən danışaraq bu sahədə ölkəmizdə uğurla keçirilən bir sıra dünya miqyaslı tədbirlər barədə söz açdı. Son zamanlar islamofobiya və bu kimi digər xoşagəlməz təzahürlərin baş qaldırdığını nəzərə alaraq Azərbaycan rəhbərliyinin təşəbbüsü ilə həyata keçirilən bu mühüm tədbirlərin daha da aktual və önəmli göründüyünü söylədi. Bu baxımdan Bakının 2015-ci ildə Avropa Oyunlarının və hazırda İslam Həmrəyliyi Oyunlarının ev yiyəsi olması bir daha Azərbaycanın sivilizasiya və dinlər arası dialoqun mərkəzinə çevrildiyini nümayiş etdirdiyini diqqətə çatdırdı. Sonda Azərbaycanlı diplomat İslam dünyasının üzləşdiyi problemlərdən söz açaraq Azərbaycanın torpaqlarının indiyədək Ermənistan işğalı altında olmasını diqqətə gətirdi. O, İƏT üzv-dövlətlərinin Azərbaycan Respublikasının ərazi bütövlüyünü tanıması və Ermənistanın təcavüzünü pisləməsi ilə bağlı mövqeyinə görə təşəkkürünü bildirməklə bərabər işğalçı Ermənistanın müvafiq beynəlxalq təşkilatların, o cümlədən İƏT-nin,qətnamələrinin yerinə yetirərək Azərbaycan torpaqlarını azad etməsi məqsədilə səylərin artırılmasının vacib olduğunu dedi.

Bundan sonra çıxış edən Mexikoda İslam Əməkdaşlığı Təşkilatı Qrupunun Səfirlər və Diplomatik missiya rəhbərləri Şurasının sədri, Misir Ərəb Respublikasının Meksikada səfiri Yasir Şaban çıxış edərək bu tədbirin təşkil olunmasına görə bütün İƏT üzv- dövlətləri Meksikadakı səfirləri adından Azərbaycan tərəfinə təşəkkürünü bildirərək ölkəmizin qısa müddət ərzində İƏT-nin çox nüfuzlu və fəal üzvünə çevrildiyini və Bakının IV İslam Həmrəyliyi Oyunlarını qəbul etməsinin bunun daha bir sübutu olduğunu vurğuladı. Misirli səfir bunların Azərbaycan rəhbərliyi və şəxsən Prezident İlham Əliyevin apardığı ardıcıl siyasətin nəticəsi olduğunu dedi. O, Oyunların ən yüksək səviyyədə keçiriləcəyinə əmin olduğunu bildirərək qonaqpərvər Azərbaycan xalqına bundan da böyük uğurlar dilədi. Tədbirin qonaqlarına Azərbaycan milli mətbəxinin ləziz təamlarından ibarət süfrə təqdim olunub.

Diaspora.az