Dərc edilib: 18:02, 11 İyul, 2017 | 33 dəfə baxılıb

Haaqada Azərbaycan Diasporu Ermənistan səfirliyi qarşısında aksiya keçirdi

Niderland Krallığında yaşayan azərbaycanlılar tərəfindən Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Füzuli rayonunun Alıxanlı kəndində törətdikləri təxribata etiraz əlaməti olaraq aksiya keçirilib.

İyulun 11-də Niderland Krallığının Haaqa şəhərində bu ölkədə yaşayan azərbaycanlılar bir araya gələrək Ermənistan səfirliyinin binası qarşısında son günlər Azərbaycan Respublikasının Füzuli (Qarabulaq) rayonunun Alxanlı kəndində Ermənistanın silahlı qüvvələrinin dinc əhalini gülləbaran etməsi və bunun sonucunda azyaşlı körpələrin qətlə yetirilməsi vandalizminə qarşı etiraz mitinqi keçiriblər.
Qeyd edək ki, mitinqin təşkili və keçirilməsi üçün “Avropa Azərbaycanlıları (EuroAzNL)” təşkilatının sədri və Niderland azərbaycanlıların fəal diaspor təmsilçimiz Emil Əliyev Haaqa şəhər bələdiyyəsindən rəsmi icazə almış və qısa bir zamanda Niderland Krallığında yaşayan milli diaspor fəallarımızı bu aksiyada iştirak etməsi üçün səfərbər edə bilmişdir.
Etiraz aksiyasına qatılanların sırasında bu ölkədə təhsil alan azərbaycanlı tələbələr və Niderlandda yaşayan azərbaycanlılar dinc sakinlərin qətlə yetirilməsinin insanlığa qarşı cinayət olduğunu vurğulayıb və bu cinayətin müəlliflərinin ədalət məhkəməsi qarşısında cavab verməli olduğunu bildiriblər.
Etiraz aksiyasına qatılan milli diaspor fəallarımız Ermənistanın Azərbaycan dövlətinə qarşı apardığı işğalçılıq siyasətini kəskin şəkildə tənqid etmiş və dünya birliyindən bu işğalçı siyasətin vəhşətlərini və dəhşətlərini tanımağa çağırmışlar.

“EuroAzNL” cəmiyyətinin sədri Emil Əliyev dünya birliyini Ermənistanın işğalçılıq və soyqırımı siyasətinə, təcavüzkar ölkənin hərbçilərinin mülki şəxsləri atəşə tutması və dinc əhalinin həyatını itirməsi ilə nəticələnən təxribatlarına münasibət bildirməyə çağırıb.

Diaspora.az