Dərc edilib: 15:41, 10 İyul, 2017 | 13 dəfə baxılıb

Füzuli Məmmədov İtaliya mediasında Zəhra Quliyevadan yazdı

Avropa Azərbaycanlıları Konqresinin birinci vitse prezidenti Füzuli Məmmədov İtaliyanın italianinsider.it saytında Ermənistanın işğalçılıq və barbaqlıq siyasətini sərt tənqid edən məqalə ilə çıxış edib.
Yazı beynəlxalq təşkilatların körpələrin ölümünə səssiz qalmamalıdır başlığı ilə başlayır.
Daha sonra F.Məmmdov bu gün dünya siyasətinin başı Suriyaya qarışdığından digər münaqişə ocaqları pərdəarxasında qaldığını və bu səbəbdən də dünya mediasının gündəminə çevrilməməsini diqqət çəkir:
“Belə münaqişə ocaqlarından biri də Dağlıq Qarabağ münaqişəsidir. Problem münaqişə adlandırılsa da bunun daha dəqiq adı Ermənistanın Azərbaycana təcavüzüdür. 25 il davam edən təcazvüz nəticəsində 1 milyon insan məcburi köçkünə çevrilib və Azərbaycanın digər bölgələrində yerləşdiriliblər. Azərbaycan ərazilərinin 20 faizi işğal altındadır, Azərbaycan vətəndaşları qətlə yetirilir, tarixi abidələr talan edilir. İndiyə qədər Azərbaycana 100 milyardlarla dollar ziyan vurulub.
Dağlıq Qarabağ məsələsi səhvən dondurulmuş münaqişə adlandırılır. Amma bu yanlış ifadədir. Çünki bu münaqişə hər an alovlana bilər.
Ötən ilin aprelində baş verən hadisələr bunu bir daha sübut etdi.
Məsələnin ən acınacaqlı tərəfi isə erməni silahlı qüvvələrinin Azərbaycanın mülki vətəndaşlarını daim bombardmana məruz qoymasıdır.
Bu da heç bir normalara, qaydalara sığmır. Azərbaycanın 1994-cü ildən tətbiq olunan atəşkəs dövründə çoxsaylı mülki vətəndaş erməni silahlı qüvvələri tərəfindən qətlə yetirilib.
Həmçinin atəşkəs zamanı 32 uşaq erməni terrorunun qurbanı olub. Onlardan 13-ü həlak olub, 19-u isə yaralanıb. Həmin uşaqların sırasına 2 yaşlı Quliyeva Zəhra əlavə olundu.
Son hadisə 2017-ci il iyul ayının 4-də Azərbaycanın Füzuli rayonunun Alxanlı kəndində baş verdi.
Kənd Ermənistan silahlı qüvvələri tərəfindən qumbaratanlardan atəşə tutuldu. Nəticədə kəndin 1967-ci il təvəllüdlü sakini Səbinə Quliyeva və 2 yaşlı Zəhra Quliyeva həyatını itirdi.
Ermənistan dövlətinin bu hərəkəti Ermənistanın 1992-ci ildə ratifikasiya etdiyi beynəlxalq konvensiyaları kobud şəkildə pozur.
Əgər dünya, beynəlxalq təşkilatlar, o cümlədən Avropa təsiastları, həmçinin Avropa dövlətləri bu məsələyə səssiz qalacaqlarsa deməli təhlükə davam edəcək. Bölgə təhdid altında qalacaq, nəticədə körpələr qətlə yetirilməkdə davam edəcək”,-deyə yazıda qeyd edilir.

Diaspora.az