Dərc edilib: 17:47, 17 Sentyabr, 2017 | 163 dəfə baxılıb

Fransanın ilk ŞUŞALI MÜĞƏNNİSİ: “Canlı yayımda Qarabağdan danışırdım ki, ermənilər…” – MÜSAHİBƏ

Artıq 20 ildir ki, Fransanın paytaxtı Parisdə şuşalı bir xanım yaşayır. Zahirən fransız qadınlarından fərqlənməsə də, Azərbaycanı qəlbində, əməllərində yaşadır və kifayət qədər təbliğ edir.

DİASPORA.AZ-ın budəfəki müsahibi Parisin şuşalı siması Təranə Monbarbü Allahverdiyevadır.

– Təranə xanım, Avropa oyunları zamanı Fransanın məşhur telekanallarının birində şərhçi qismində çıxış edirdiniz. Azərbaycanın tarixinidən, mədəniyyətindən o qədər böyük peşəkarlıqla bəhs edirdiniz ki, insan qürurlanırdı…

– Dəyər verdiyiniz üçün təşəkkür edirəm. Avropa Oyunlarının ilk buraxılışı Bakıda baş tutdu. “Bakı 2015” Avropa Oyunlarının tarixində ilk izini qoydu və bu tarixi məqamın bir hissəsi olmaq mənim üçün çox qururvericidir. Fransız milli idman telekanalında açılış və bağlanış mərasimlərinin ilk azərbaycanlı şərhçisi oldum. Ümumiyyətlə, fransız televiziyasında veriliş aparan ilk azərbaycanlı oldum. Mənim üçün bu möhtəşəm təcrübə idi. Fransız mediası, şou dünyası, ümumiyyətlə, bütün sferalar erməni mənşəli fransızlarla doludur. Media isə birbaşa insanlarla ünsiyyət və məlumat xarakteri daşıyır. Odur ki, bu düşmənlərimizçün manipulyasiya və müəyyən həqiqətləri ört-basdır etmək baxımından əlverişli vasitədir. Mən Fransanın ilk azərbaycanlı müğənnisi olduğumçün televiziyaya dəvət aldım. Canlı yayımdan istifadə edib, qədim və zəngin mədəniyyətimizdən, təbiətimizdən, ən əsası isə qanayan yaramızdan – Qarabağımızdan danışdım. Açılışı şərh edərkən ekranda erməni deleqasiyası göründü. Kolleqalarım onların niyə az olduqlarını soruşanda, məqamdan istifadə etdim. Azərbaycanın 20% torpaqlarının işğal altında olduğunu və və bir milyon soydaşımızın torpaqlarından məcburi köçkün olduqlarını qeyd etdim. Azərbaycanın ən böyük acısını qabarıq şəkildə açıqlamağa çalışdım. Onu da dedim ki, bugün dünya birliyi Azərbaycanın ərazi bütövlüyünü qəbul edir, lakin bu vəziyyət öz həllini hələ də tapmır. Erməni deleqasiyasının iştirakına isə belə aydınlıq gətirdim ki, bu, Azərbaycanın məsələni hələ də sülh yolu ilə həll etmək istəyindən irəli gəlir. Bəlkə də canlı yayım olmasaydı, bu məqamlar efirə getməyəcəkdi. Mənsə yaranmış fürsətdən istifadə etdim. Bildirdim ki, 17 ildir Fransada yaşayıram, hələ də fransızların Azərbaycanı tanımadıqlarının, Qarabağ savaşında hansı ölkənin işğalçı, hansının isə təcavüz edilən tərəf olduğunu bilmədiklərinin şahidi oluram və bu da məni çox məyus edir.

– Artıq 20 ilə yaxındır Fransadasınız. Az müddət deyil…

– Təbii ki…

– Öncə təhsilinizi davam etdirmək üçün üz tutdunuz Fransaya. Sorbonna Universitetinin məzunusunuz?

– Ziyalı ailədə böyümüşəm. Atam həkim, anamsa müəllimədir. Odur ki, müğənniliklə yanaşı ali təhsilimi də davam etdirmişəm. Fransada Sorbonna universitetinin media kommunikasiya, jurnalizm ixtisaslarını fərqlənmə ilə bitirib, magistr diplomunu almışam.

– Sonra isə ailə qurmusunuz. Həyat yoldaşınız fransızdır?

– Bəli, yoldaşım fransızdır, Azərbaycanı, musiqimizi və mətbəximizi çox sevir. İki qızımız var. Ulduza və Leyli.

– Milli və gözəl adlar seçmisiniz. Bəs bu seçimdə yoldaşınızda qısqanclıq yaranmadı?

– Çox sağ olun, sevimli nənələrimin adlarıdır. Dediyim kimi, həyat yoldaşım məni və Vətənimi çox sevir. Qızlarımızın yarı azərbaycanlı oduqlarını daim xatırlamaları üçün belə adlar seçdik.

– Hər zaman fəxrlə Qarabağlı, Şuşalı olduğunuzu vurğulayırsınız. Qarabağ müharibəsinin canlı şahidisiniz?

– Bəli, mən Qarabağ müharibəsinin canlı şahidiyəm. Məncə, sənət adamları, yaradıcılıqla məşğul olan insanlar səmimi olmağa çalışırlar. Qarabağda anadan olmuşam, uşaqlıq illərim Şuşada, Laçında keçib və harada oluramsa olum qarabağlıyam, bu, mənim həyatımın bir hissəsidir.

– Bu təəssüratlarınızı fransızlarla bölüşürsünüzmü?

– Əlbəttə! Məncə, hissləri, həqiqətləri insanlara çatdırmaq üçün sənət çox gözəl vasitədir. Çünki sənin sənətin insanların hisslərinə toxunanda, onlar fikirləşməyə, özlərinə sual verməyə, axtarmağa, araşdırmağa başlayırlar. Hazırda Fransada “Azərbaycan ruhu” adlı musiqili tamaşanı təqdim edirik, tamaşanın yarısı Azərbaycan xalq musiqilərindən ibarətdir, konsert zamanı səhnədə ekran üzərində Azərbaycanın gözəl guşələrinin görünüşləri yayımlanır, sözün əsl mənasında “Azərbaycan ruhu” fransız tamaşaçıları üçün Azərbaycana dəvət və səyahətdir. Öz gücümüzlə həyata keçirdiyimiz bu layihəylə çox qürur duyuram.

– Şuşanı Şərqin Parisi adlandırırlar çox vaxt. Xatirələrinizdəki Şuşanın Parislə ortaq cəhətləri varmı?

– Şuşanın əhvalının, ruhunun Parislə ortaq cəhətləri var məncə, musiqiylə, gözəlliklərlə, gül-çiçəklə dolu bir yer idi, Şuşa. Bir rahatlıq var idi, Şuşada, Parisdəki kimi.. Hər bazar günü Cıdır düzündə piknik edərdik..

– Əminəm ki, Sizi susdurmaq istəyən düşmənlərimiz çoxdur oralarda…

– Buralarda dediyiniz kimi, düşmənlər bilinir, tanınır. Tanrı bizi bilinməyən düşmənlərdən qorusun. Sadəcə olaraq, qarabağlı, azərbaycanlı, fransız sənətkaram və sənətimdə bu məqamlar hər zaman bilinicək, çünki bu mənəm.

– “Qarabağ” futbol komandamızın uğuru necə qarşılandı Fransada?

– Futbol oyununun auditoriyası geniş olduğundan bu uğur, hətta komandanın adının səslənməsi belə böyük nailiyyətdir. Azərbaycanı müsbət yöndən tanıtmaq vətən naminə böyük işdir. Təsəvvür edin hansısa futbol azarkeşi Qarabağ adını eşidir, bunu internetə girib araşdırır və müharibə şəraitində olan Azərbaycanı yaxından tanıyır.

– Təranə xanım çox zərif və incəsiniz, amma əminəm ki, bir qarabağlı xanım kimi dadlı xörəklər yeməyi və bişirməyi sevirsiniz?

– Əlbəttə…

– Adətən fransızlar bizim xörəkləri sevirlər, amma çox kalorili olduğunu da vurğulayırlar. Bəs sizin fransız dostlarınız nə düşünür, Azərbaycan mətbəxi haqda?

– Fransız və Azərbaycan mətbəxləri çox zəngindir. Bizim mətbəxi daha çox yunan xörəklərinə bənzədirlər. Tərəvəz, dolma, qatıq, duzlu pendirdən irəli gəlir bu yaxınlıq. Peşəkar yox, amma gözəl xörəkləri sevən biri kimi deyə bilərəm ki, Azərbaycan və Fransa mətbəxlərinin əsas fərqi yeməklərimizdə daha çox qoyun əti istifadə etməyimizdir. Fransızlar bu baxımdan müxtəlifliyə üstünlük verirlər. Bir də müxtəlif növ pendirlərilə dünyaya səs salıblar. Xörəklərdə kərə yağını da bizdən az işlədirlər.

– Biraz da peşəkar fəaliyyətinizdən danışaq. Hər iki mənada Qarabağın Fransadakı səsisiniz… Bəs Fransada müğənni olmağın çətinlikləri var?

– Yəqin, kənardan belə görünmür, amma ümumiyyətlə, müğənnilik çətin peşədir. Fransa böyük ölkədir və minlərlə istedadlı məşhur müğənniləri var. Hələ fransız deyilsənsə peşənin çətinliyi ikiqat artır. Lakin bundan öz xeyirinə faydalanmağı bacarmalısan. Hər kəsin özünəxas bir üstünlüyü var. Məhz onu tapıb, fərlənməyi, diqqətləri üzərinə çəkməyi bacarmalısan.

– Planlar, yeniliklər gözlənilirmi?

– “Esquisse” albomum barədə məlumat vermək istəyirəm. 2014-cü ildə “Esquisse” albomum Fransada işıq üzü görüb. Bu albomda tanınmış fransız mahnılarını azərbaycancaya uyğunlaşdırıb, caz üslubunda ifa etmişəm. Hazırda bu albomu yenidən çıxarmağı düçünürük.

– Bəs Vətəndə konsert planlaşdırırsınız?

– Azərbaycanda konsert proqramı ilə çıxış etmək planı var. İnşallah, gələn ay Bakıya səfərdəyəm, bu istiqamətdə işlər görəcəyik.

– Konsertinizdə görüşənədək…

– İnşallah.

Diaspora.az