Dərc edilib: 14:07, 7 İyun, 2017 | 29 dəfə baxılıb

Fransada Vaqif Səmədoğlunun xatirə gecəsi keçirilib – FOTO – VİDEO

6 iyun Parisdə görkəmli mütəffəkir, Azərbaycanın xalq şairi Vaqif Səmədoğlunun xatirəsi yad olunub. 

Paris Azərbaycan Evi və Səməd Vurğun Ev Muzeyinin təşkilatçılığı, Azərbaycanın Fransadakı Səfirliyinin dəstəyi ilə təşkil olunmuş xatirə gecəsində, şairin fransız dilinə tərcumə olunmuş “Bir gün təbəssüm olmuşdum” adlı şerlər toplusu təqdim olunub.
Diaspora.az xeber verir ki, xatirə gecəsi Parisdə yerləşən Azərbaycan Mədəniyyət mərkəzində keçirilmişdir. Tədbiri Paris Azərbaycan Evinin sədri Azərbaycanın Dostları Assosiyasiyasıının baş katibi Mirvari Fətəliyeva açaraq ilk öncə təşkilatın fəaliyyəti və tədbirin məqsədi barədə qonaqlara məlumat vermişdir. O, Vaqif Səmədoğlunun Azərbaycan poeziyasında özunəməxsus yer tutduğunu, atasi, məşhur söz ustası Səməd Vurğunun poeziyasından qaynaqlansa da belə onun şer tərzini təkrarlamayaraq yeni bir tərz yaradıcısı oldugunu vurğulamışdır.
Daha sonra Azərbaycanın Fransadakı səfiri Elçin Əmirbəyov çıxış edərək Vaqif Səmədoğlunun sovet dövründə yaşayıb yaratmasına baxmayaraq öz şeri ilə maneələri aşaraq, fikrini hər zaman ifadə etməyi bacardığını və məhz buna görə xalqın geniş rəğbətini qazandığını demişdir. Səfir, şairin məşhur « Doğuldum 1939-da, 1937-də tutuldum » misralarını misal gətirərək onun hər zaman xalqının azadlığa qovuşacağı arzusu ilə yaşayıb yaratdığını demişdir.
Gecədə bir çox fransız incəsənət xadimləri, şairlər, yazıçı-publisistlər, jurnalistlər iştirak etmişlər.
Şairin yaradıcılığı ilə tanış olan yazıçı, publisist  Jan Pyer Alali Azərbaycan poeziyası, görkəmli xadimləri və Vaqif Səmədoğlunun şerləri haqqında təəsüratlarını tamaşaçılarla bölüşmüşdür.
Daha sonra tarixçi, şair, 25 ildən artıq poeziyaya həsr olunmuş radio programının müəllif və aparıcısı olan Paskal Payen-Appenzeller çıxışını dahi Nizaminin misraları ilə başlayaraq hər birimizin öz mədəni sərvətimizin daşıyıcısı olduğumuzu və Vaqif Səmədoğlunun da məhz əcdadlarından miras qalan bir vergisi olduğunu demişdir. Şerlərinin dərin fəlsəfi mənasi ilə bizi inam axtarışına, səyahətə, şəfqət və yaxşılığa çağırdığını söyləmişdir. Şairin sənətinə heyran olan Payen Appenzeller hətta yaxin zamanda canlandırdığı poeziya verilişlərindən birini Vaqif Səmədoğluna həsr edəcəyini bildirmişdir.

Şairin həyat yoldaşı, Səməd Vurğun ev muzeyinin direktoru Nüşabə Vəkilova şairlə bağlı xatirələrini bölüşmüs, onun həyat və yaradıcılıq yolundan, yaşadığı dövrün çətinliklərinə baxmayaraq daxili azadlıq səsini, demokratik düşüncələrini özünəməxsus üslübda qələmə aldığını və hər zaman sevilə-sevilə oxunduğunu qeyd etmişdir. Nüşabə Vəkilova şairin fransızca dərc olunmuş şerlər toplusunun ərsəyə gəlməsində əvəzsiz rolu olan tərcüməçi Aliyə Səmədovaya dərin təşəkkürünü bildirmişdir.

Xatirə gecəsi boyunca şairin həyat və yaradıcılğından söhbət açılmlş, şerləri və sözlərinə yazılmış mahnıları səsləndirilmiş, şairə həsr olunmuş film izlənilmişdir. Gecə Azərbaycan və həmçinin Avropa klassik bəstəkarların musiqisindən və ibarət olan genc pianoçu Vurğun Vəkilovun ifasında konsert proqramı ilə sona çatmışdır.

Sairin şerlərini ingilis dilinə tərcümə etmiş, heç vaxt poeziyanı sevməyən Betti Bleyer, Vaqif Səmədoğlunun şerlərini tərcümə etdikdən sonra poeziyanı sevməyə başlayıb, özü şəxsən şeir yazmağa və hətta Vaqif Səmədoğlu üslubunda yazmağa başlayıb.

Yazıçı Jan-Pyer Allali çıxışında qeyd edib ki, Nizami Gəncəvi, Səməd Vurğun kimi dahilər yetişdirmiş Azərbaycan torpağında Rastrapoviç kimi bütün dünyada məşhur olan şəxslər doğulub boya-başa çatıb. Yazıçı, həmçinin qeyd edib ki, Azərbaycan neftindən kifayət qədər danışılıb, bu gün artıq Azərbaycanın zəngin arxeoloji qazıntıları, dünya miqyaslı musiqisi və mədəniyyətindən ətraflı söz açmaq vaxtı yetişib.

Tədbirdə yarım əsrdən artıq dövr ərzində xalqımızın söz xəzinəsinə dəyərli töhfələr vermiş Vaqif Səmədoğlunun şeirlərindən parçalar səsləndirilib.

Gecə Səməd Vurğunun nəticəsi Vurğun Vəkilovun pianoda xarici və Azərbaycan bəstəkarlarının əsərlərinin ifası ilə davam edib.

Tarixçi, şair Payen Appenzeller  oz müsahibəsində bildirib ki, Vaqif Səmədoğlu şeirlərini dünyanın ən mütəfəkkir yaradıcıları kimi hamının danışıb anlaşdıqları, hamıya tanış olan bir dildə yazıb.

“Vaqif Səmədoğlu elə şairlərdəndir ki, onun şeirləri yaddaşlarda həkk olunur. Vaqif Səmədoğlu yaradıcılığı dünya ədəbiyyatında, geniş təcrübəsi, oxunaqlı, lirik, həzin dil üslubu ilə xarakterizə olunmaqla, xüsusi yerlərdən birini tutur. Bu şeirlər o qədər sadə və oxunaqlı dildə yazılıb ki, hamı başa düşür, amma o qədər dərin məna ifadə edir ki, hər adam onları başa düşmür”, – deyə o bildirib.

 

Diaspora.az