Dərc edilib: 11:18, 3 İyul, 2017 | 40 dəfə baxılıb

Fransada “Azərbaycan parkı”nın və Xurşudbanu Natəvanın abidəsinin açılışı olub

Azərbaycan mədəniyyətini dünyada geniş təbliğ edən Heydər Əliyev Fondu Fransada yeni bir uğurlu layihəyə imza atıb. İsmayıllı və Evian-le-Bən şəhərləri arasında imzalanmış dostluq və əməkdaşlıq xartiyası çərçivəsində Evian şəhərində Leman gölü sahilində “Azərbaycan parkı”nın rəsmi açılış mərasimi olub.
Diaspora.az azərtac-a istinadən xəbər verir ki, “Azərbaycan parkı”nın və parkda “Dostluq” bulağının açılışından sonra görkəmli Azərbaycan şairəsi Xurşudbanu Natəvanın heykəlinin açılış mərasimi olub.
Mərasimdə İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Mirdamət Sadıqovun rəhbərlik etdiyi nümayəndə heyəti, Evian-le-Bən şəhərinin meri Mark Fransina, Azərbaycan Respublikasının Cenevrədəki BMT Bölməsində və digər beynəlxalq təşkilatlar yanında daimi nümayəndəsi, səfir Vaqif Sadıqov, ölkəmizin Fransadakı səfirliyinin iqtisadi və regionlarla əməkdaşlıq məsələləri üzrə müşaviri, müvəqqəti işlər vəkili Elmar Məmmədov, Heydər Əliyev Fondunun nümayəndəsi Ələkbər Quliyev, yerli ictimaiyyətin və mətbuatın nümayəndələri, eləcə də Fransada və İsveçrədə yaşayan azərbaycanlılar iştirak ediblər.
Evian-le-Bənin meri Mark Fransina bu günün İsmayıllı şəhərinə həsr olunduğunu bildirib. İsmayıllının şərəfinə salınmış “Azərbaycan parkı”nın, eləcə də Azərbaycanın görkəmli şairəsi Xurşudbanu Natəvanın parkın mərkəzində ucaldılmış heykəlinin açılışından şərəf duyduqlarını vurğulayıb. Qeyd edib ki, Xurşudbanu Natəvanın heykəlinin Evyan-le-Bəndə ucaldılması iki şəhər arasında mədəni əlaqələrin, qarşılıqlı dostluğun möhkəmlənməsinə xidmət edəcək. Qeyd edib ki, şəhər meriyası ikitərəfli dostluğun rəmzi olan bu parkın həmişə belə gözəl olmasını daim diqqətdə saxlayacaq.
İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Mirdamət Sadıqov parkın açılması münasibəti ilə şəhər sakinlərini təbrik edib. Bildirib ki, Azərbaycanın görkəmli şairəsi Xurşudbanu Natəvanın abidəsinin Evyan-le-Bən şəhərində ucaldılması qürurverici haldır. O, İsmayıllıda “Evyan-le-Bən” parkının açıldığını və rayon muzeyində dost şəhərlə bağlı guşənin fəaliyyət göstərdiyini qeyd edib. Belə layihələrə göstərdikləri diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya təşəkkür edib.
Heydər Əliyev Fondunun nümayəndəsi Ələkbər Quliyev təmsil etdiyi qurumun iki ölkə arasındakı əlaqələrə böyük önəm verdiyini, çoxsaylı layihələr həyata keçirdiyini, tədbirlər təşkil etdiyini diqqətə çatdırıb. Heydər Əliyev Fondunun mədəniyyətimizin təbliği üçün gördüyü işlərdən danışıb. Qeyd edib ki, Fondun dəstəyi ilə Parisdə “Azərbaycan şəhərciyi” salınıb, Kan şəhərində ölkəmizin tarixi və mədəniyyətinə həsr olunan, artıq ənənəyə çevrilmiş sərgi təşkil olunub, tariximiz, mədəniyyətimiz, eləcə də milli mətbəximizlə bağlı kitablar fransız dilinə tərcümə edilib. İki xalqın qarşılıqlı şəkildə bir-birinin mədəniyyətini daha yaxından tanıması üçün müntəzəm olaraq Fransanın müxtəlif şəhərlərində mədəniyyət tədbirləri keçirilir.
O, “Azərbaycan parkı”nın, “Dostluq bulağı”nın, eləcə də Xurşudbanu Natəvanın abidəsinin açılışında Fondun böyük əmək və dəstəyindən söz açıb. Tədbir iştirakçılarına şairənin böyük fransız yazıçısı Aleksandr Düma ilə görüşündən danışıb. Bildirib ki, Azərbaycanın görkəmli şairəsinın abidəsinin Evian kimi turizm şəhərində ucaldılması bura gələn turistlərə də ölkəmizi tanımağa imkan verəcək. Qeyd edib ki, “Azərbaycan parkı”nın və Natəvanın abidəsinin açılışı iki ölkə arasında mədəniyyət sahəsində əlaqələrin zənginləşməsinə böyük töhfədir.
Azərbaycanın Fransadkı səfirliyinin iqtisadi və regional məsələlər üzrə müşaviri, müvəqqəti işlər vəkili Elmar Məmmədov ölkələrimiz arasındakı yüksək səviyyəli əlaqələrdən danışıb. Bildirib ki, artıq iki ölkənin 15 şəhəri arasında dostluq və əməkdaşlıq xartiyası imzalanıb. Evian-le-Bən ilə dostluq və əməkdaşlıq xartiyası 2015-ci ildə imzalanıb və həmin il İsmayıllıda Evian parkının təməli qoyulub. O, 2016-cı ilin Azərbaycanda “Multikulturalizm ili” elan edildiyini bildirərək, ölkəmizin mədəniyyətlərarası və dinlərarası dialoqa töhfələrindən və bu sahədə beynəlxalq səviyyəli platformaya çevrilməsindən söz açıb.
Tədbir iştirakçılarına görkəmli şairə Xurşudbanu Natəvanın anadan olduğu Şuşa şəhəri, Qarabağ bölgəsi haqqında ətraflı məlumat verən natiq qeyd edib ki, iki şəhər arasında dostluğun rəmzi olan “Azərbaycan parkı” qarşılıqlı əməkdaşlığın, eləcə də bütün dünyada multikulturalizm və mədəniyyətlərarası dialoqun inkişafına öz töhfəsini verəcək. O, iki ölkə arasındakı mədəniyyət əlaqələrinin möhkəmlənməsinə verdiyi töhfələrə görə Birinci vitse-prezident Mehriban Əliyevaya təşəkkür edib.
Tədbir iştirakçıları Xurşudbanu Natəvanın heykəlinin müəllifləri Salhab Məmmədov və Əli İbadullayevə yaratdıqları bu ecazkar əsərə görə təşəkkür ediblər.
Sonda xanəndə Günay İmamverdiyeva əməkdar artist Toğrul Əsədullayevin (kamançada) və Rövşən Qurbanovun (tarda) müşayiəti ilə “Şuşanın dağları” xalq mahnısını və “Azərbaycan” mahnısını ifa edib.
Evian-le-Bənin meri Mark Fransina  bildirib ki, İsmayıllı şəhəri ilə dostluq və əməkdaşlıq xartiyası imzalanması ideyasını dərhal dəstəkləyib və əməkdaşlığın, əlaqələrin genişləndirilməsi üçün əlindən gələni əsirgəməyib.
“Düşünürəm ki, bundan sonra da əməkdaşlığımızı daha da genişləndirəcək və inkişaf etdirəcəyik. İsmayıllı şəhərinin meri ilə apardığımız fikir mübadiləsində əlaqələrimizin perspektivlərindən söz açdıq və gələcəkdə təhsil sahəsində də birgə layihələr həyata keçirməyi qərara aldıq. Turizm sahəsində də əlaqələri genişləndirmək istəyirik”-deyə Mark Fransina bildirib.
Evian şəhəri merinin mədəniyyət işləri üzrə müavini Alən Giro xalqlar arasındakı münasibətlərdə mədəniyyətin böyük rolu olduğunu bildirib.
“Mədəniyyət xalqlar arasında mübadilə deməkdir. Mübadilə isə çox vacibdir. Onun sayəsində insanlar bir-birini yaxşı tanıyır. Bu da onlara tarixlərini də yaxşı tanımağa imkan yaradır. Dostluq da insanlar arasında mübadilədir. Bugünkü mürəkkəb dünyada bizi dostluq xilas edəcək. Əminəm ki, gələcəkdə daha böyük layihələri birgə həyata keçirəcəyik. Yaşasın Azərbaycan-Fransa dostluğu!”-deyə A. Giro vurğulayıb.

Diaspora.az