Dərc edilib: 15:52, 6 İyul, 2017 | 27 dəfə baxılıb

Fərid Şahbazlı: “Bu həm də bir insanlıq ayıbıdır”

“Alxanlı kəndində 2 yaşlı uşaq və qadının qətlə yetirilməsi Ermənistan və onun cinayətkar rəhbərliyinin terrorçu kimliyini ortaya qoyan növbəti faktdır. 25 il bundan öncə Xocalıda uşaq, qadın, yaşlı bilmədən soyqrım həyata keçirən Ermənistan və onun uşaq qatili adını qazanmış rəhbəri Sarkisyan bugün də özünün cinayətkar fəaliyyətini davam etdirərək dinc əhalini hədəf seçməkdədir”.

Bu sözləri “İslahatçı Gənclər” İctimai birliyinin sədri Fərid Şahbazlı iyulun 4-də Ermənistan silahlı qüvvələrinin Füzuli rayonunun Alxanlı kəndinin mülki əhalisini və mülki obyektlərini hədəflənmiş şəkildə və qəsdən 80 və 102 millimetrlik minaatanlardan və dəzgahlı qumbaraatanlardan atəşə tutması nəticəsində 1967-ci il təvəllüdlü Sahibə Quliyevanın və onun 2 yaşlı nəvəsi Zəhra Quliyevanın həlak olmasına münasibət bildirərkən söyləyib.

O qeyd edib ki, Ermənistanın Azərbaycan mülki əhalisinə və mülki obyektlərə birbaşa və qəsdən hücumları, beynəlxalq humanitar hüququn və insan haqlarının, xüsusilə 1949-cı il Cenevrə konvensiyaları və ona 1 saylı Əlavə, həmçinin Uşaq hüquqlarının və İnsan hüquqlarının müdafiəsi və fundamental azadlıqlara dair Konvensiyanın ciddi şəkildə pozulmasıdır. F.Şahbazlının sözlərinə görə, bir insanlıq cinayəti olan bu hadisələrlə bağlı dünya birliyinin və müvafiq hüquq müdafiə təşkilatlarının susqunluq nümayiş etdirməsi onların əsl mahiyyətini ortaya qoymaqdadır: “Bu fakt bir daha sübut etdiki, insan hüquqları mövzusu bu qurumlar üçün müstəqil siyasət yürüdən ölkələrə təzyiq vasitəsi rolunu oynayır. 2 yaşlı günahsız körpənin ölümünə səssiz qalmaq siyasi riyakarlıqla yanaşı, həm də bir insanlıq ayıbıdır”.

F.Şahbazlı qeyd edib ki, Ermənistanın dinc əhaliyə yönəlik bu terrorçu siyasəti ilə bağlı “İslahatçı Gənclər” İctimai Birliyi sosial şəbəkələrdə geniş təbliğat kampaniyası həyata keçirir: “Eyni zamanda dünyanın nüfuzlu uşaq, gənclər və hüquq müdafiə təşkilatlarına və KİV-lərinə informasiya xarakterli müraciətlərimiz davam edir”.