Dərc edilib: 02:16, 19 Aprel, 2017 | 17 dəfə baxılıb

Fələstin və Azərbaycan XİN-ləri arasında məktub mübadiləsi həyata keçirilib

Azərbaycanla Fələstin arasında diplomatik münasibətlərin qurulmasının 25 illiyi münasibətilə iki ölkənin xarici işlər nazirləri arasında təbrik məktubu mübadiləsi həyata keçirilib.

Diaspora.az XİN-in saytına istinadən verdiyi məlumata görə, Elmar Məmmədyarov həmkarına ünvanladığı məktubunda ötən 25 il ərzində ikitərəfli və beynəlxalq təşkilatlar, xüsusilə İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində hökumətlər tərəfindən həyata keçirilən səmərəli əməkdaşlığın iki ölkə arasında münasibətlərin inkişafına təkan verdiyini vurğulayıb. Nazir İƏT və Qoşulmama Hərəkatı çərçivəsində əməkdaşlığın bundan sonra da davam etdiriləcəyinə əminliyini ifadə edərək, beynəlxalq təşkilatlar çərçivəsində Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünü pisləyən, habelə ölkəmizin ərazi bütövlüyü və suverenliyini dəstəkləyən qətnamələrin qəbul edilməsində dost Fələstin dövlətinin rolunu minnətdarlıq hissi ilə qeyd edib.

Fələstinin xarici işlər naziri Riyad Əl-Maliki Elmar Məmmədyarova ünvanladığı məktubunda ötən 25 ildə Azərbaycan və Fələstinin qarşılıqlı hörmət və dəstəyə əsaslanan dərin dostluq əlaqələri qurduğunu deyib. O, iki ölkə arasında mövcud dostluq və əməkdaşlıq əlaqələrinin gələcəkdə daha da güclənəcəyinə ümidvar olduğunu vurğulayıb.

Diaspora.az