Dərc edilib: 12:47, 27 İyul, 2017 | 12 dəfə baxılıb

“Ermənilər bu işlərdə azərbaycanlılar kimi deyillər”

ABŞ-ın Dayton şəhərinin (Ohayo ştatı-red.) təhsil şurasının rəhbəri təyin edilən azərbaycanlı alim, “Qarabağ” Fondu və ABŞ azərbaycanlıları şəbəkəsinin yaradıcısı və direktorlar şurasının üzvü Adil Bağırov müsahibə verib.

DİASPORA.AZ həmin müsahibəni oxucularına təqdim edir.

– Adil, 20 ildir Amerika Birləşmiş Ştatlarında yaşayırsınız. Amerikaya ilk gələndə 16 yaşınız var idi. Bu 20 ildə biz sizi daha çox diaspor fəaliyyətinizlə tanımışıq. Bu illər ərzində Amerika-Azərbaycan münasibətlərində hansı dəyişikliyi müşahidə etmisiniz?

– Azərbaycanı indi daha yaxşı tanıyırlar. Sadəcə, Vaşinqtonda deyil, digər ştatlarda da tanımağa başlayıblar. ABŞ çox böyük ölkədir. Ona görə də Azərbaycanın indi daha yaxşı tanınması vacibdir. Sadəcə, Vaşinqtonda yox, Nyu-York, Boston, Los Anceles, Çikaqo və Hyuston kimi iri şəhərlərdə də tanımalıdırlar. Bu şəhərlər siyasət baxımından da çox önəmlidirlər. İndi siz də izləyirsiniz, seçki zamanıdır. Fikir verin, ştatlar bu seçkidə nə qədər önəmli rol oynayır. Bütün namizədlər çoxlu pul və  enerji xərcləyirlər ki, təki o ştatların səsini alsınlar. Ona görə ki, tanıtım vacibdir. Məhz bu səbəbdən deyirəm ki, adıçəkilən bu ştatlarda indi Azərbaycanı da yaxşı tanımağa başlayıblar. Amma, əlbəttə ki, bizi daha çox tanımaları üçün daha çox insanların işləməsi lazımdır.

– Azərbaycan prezidenti cənab İlham Əliyev martın sonunda nüvə sammitində iştirak  etmək üçün Vaşinqtona səfər edəcək. Bir sıra görüşlərin keçirilməsi gözlənilir. Bu səfərin münasibətlərə təsirini necə qiymətləndirirsiniz?

– Əlbəttə, bu görüşün və bu səfərin çox böyük və müsbət təsiri olacaq. Sonuncu dəfə prezident təxminən bir neçə il əvvəl Amerikaya gəlmişdi. Bu səfər, həqiqətən də, maraqla gözlənilir. ABŞ ilə Azərbaycan arasında bu əlaqələr daha sıx olsun. Məncə, bu, böyuk bir addımdır  və pozitivdir.

– Amerika-Azərbaycan münasibətlərinə medianın gözü ilə baxanda fərqli  mənzərə görünür. Mediada yazılanlara görə, Amerika-Azərbaycan münasibətləri iki il əvvəl daha yaxşı idi, nəinki bu gün. Siz bu məsələni necə şərh edərdiniz?

– Məncə, strateji  baxımdan münasibətlərimiz yaxşıdır. Əvvəlki illərlə eyni səviyyədədir. Amma o, doğrudur ki, mediada daha çox kritika yer alır. Nyu-York Tayms, Vaşinqton Postda daha çox  neqativ  məsələləri çap edirlər. Azərbaycan haqqında neqativə daha çox yer verirlər. Amma ölkənin müsbət addımlarını yazmır və çap etmirlər. Hətta neytral məsələləri belə, görürsən ki, çap etmirlər. Bunun da  müxtəlif səbəbləri var. Çünki Ermənilərin bu sahələrə çox böyük  təsirləri var.

– Ermənilər Amerika mediasına necə təsir edə bilirlər?

– Mən deyə bilmərəm ki, bu məsələlərin hamısı 100 faiz ermənilərin işidir. Bu, doğru deyil. Amma deyə bilərəm ki, yarısı Ermənistan lobbisinin işidir. Siz bunu aydın görə bilərsiniz. Məsələn, məqalələrlə bağlı şərhlərə baxanda görəcəksiniz ki, erməni lobbisi çox aktivdir. ANKA və Erməni Milli Assambleyasından gəlirlər, media ilə işləyirlər və  bir çox yorumları yazırlar. Erməni lobbisi birbaşa  redaktorlarla  işləyir. Onlara  çoxlu məktub göndərirlər və çox işləyirlər. Ermənilər bu işlərdə azərbaycanlılar kimi deyillər. Həqiqətən, onlar bu məsələdə çox aktivdirlər.

– Adil müəllim, axı Amerikada Azərbaycan diasporası da var. Bizim gücümüz bu cəmiyyət üçün nə qədər təsirlidir?

– Azərbayan diasporası burada çox kiçikdir. Böyük diaspora deyil. Daha çox Cənubi Azərbaycandan  gəlmiş azərbaycanlılardır. Onların əksəriyyəti də Dalğıq Qarabağ və Xocalı faciəsi ilə bağlı çox az  məlumatlıdırlar. Bu, normal bir şeydir. Erməni lobbisi burada daha böyükdür. Ermənilər 2  milyondur,  azərbaycanlılar isə İran azərbaycanlıları ilə birlikdə 400 min nəfərik. İkinci məsələ, ermənilər burada 200 ildən çoxdur yaşayırlar. Üçüncüsü, ermənilər daha çox siyasət, tarix üzrə təhsil alırlar. Bu sahədə çox oxuyurlur. Azərbaycanlılar isə bura gələndə ya  mühəndis olurlar, ya da  bizneslə məşğul olurlar. Bu da disbalans yaradır. Məsələn, burada görə bilməzsiniz ki, azərbaycanlı oxuyub siyasətdən dərs desin. Hələ belə Azərbaycan professoru yoxdur. Amma Ermənistandan gəlmiş professorlar isə ən öndə gedən universitetlərdə dərs verir və bu kitabların yazılmasında iştirak edirlər. Sayları da  kifayət qədər çoxdur. Bu da təsir edir.

– Adil müəllim, ilk azərbaycanlısınız ki, Amerika Birləşmiş Ştatları kimi güclü dövlətdə vəzifə almısınız. Özü də amerikalılar üçün çox vacib olan təhsil sahəsində. İşiniz nədən ibarətdir?

– Mən birinci amerikalı-azərbaycanlı oldum. Amerikada seçildim. Bundan əvvəl bir çox azərbaycanlı seçilmək istəmişdi, amma, təəssüf ki, alınmamışdı. Mən Ohayo Ştatından seçildim. Təxminən 8 min nəfər mənə səs verdi. Amerikada qəribə sistem var. Burada siyasət var və təhsil üzrə paralel struktur. Mən orada seçildim. Deyton şəhərinin bütün məktəb və təhsil müəssisələri ilə bağlı məsələlərə indi  mən baxıram. Həmin qurumun həm də  prezidenti seçildim. Bu, əlbəttə, siyasətdə birinci addımımdır. İnşallah, daha da çox addımlar atarıq.

– Amerikaya indi çoxlu azərbaycanlı gənc gəlir. Kimisi təhsil, kimisi isə müxtəlif  arzularını reallaşdırmaq üçün.

– Azərbaycandan gələn gənclərimiz və ya professorlarımız bu cəmiyyətə daha çox inteqrasiya olmalıdırlar. Amerikalılarla daha çox işləməlidirlər. Birgə layihələr yaratmalıdırlar. Birgə məqalələr çap etməlidirlər. Bura çox böyük ölkədir. Bir, on, ya da yüz nəfərlə  burada böyük irəliləyiş qazanmaq olmaz. Lazımdır ki, sayımız minlərlə olsun. Azərbaycanlılar bura gəlib daha çox  işləməli və fəaliyyət göstərməlidirlər.

– Azərbaycan təhsilini izləyirsiniz? Tövsiyəniz?

– Amerika ilə Azərbaycan təhsil sistemi çox  fərqlidir. İstəyirəm onu deyim ki, Azərbaycanda  kompüterlə bağlı təhsil artırılmalıdır. Hər bir azərbaycanlı uşağın əlində kompüter olmalıdır. Bu, təkcə məktəbdə olmamalıdır. Uşaq onu özü ilə evinə də aparmağı bacarmalıdır. Bu, çox vacibdir.

– Biz Nobel mükafatçısı Əziz Sancarla da görüşmüşdük. O, uşaqlarınıza riyyaziyyat, kimya və fizika öyrədin demişdi. Siz isə tarixi də bu siyahıya əlavə edirsiniz.

– Məncə, bu fənləri bir-birindən seçmək olmaz. Bunların 4-ü də bizim üçün çox vacibdir. Bizim uşaqlar bunların 4-nü də  yüksək səviyyədə bilməlidirlər.

Diaspora.az