Dərc edilib: 13:30, 25 İyul, 2017 | 76 dəfə baxılıb

DTX beynəlxalq kibercinayətkar qrupu ifşa edib

Azərbaycan Respublikasından kənarda fəaliyyət göstərən mütəşəkkil kibercinayətkar qrup tərəfindən ölkədə ictimai əhəmiyyətli infrastruktur obyekti olan kommersiya bankının kompyuter sisteminə internet şəbəkəsi vasitəsilə qanunsuz müdaxilə edilib, pul vəsaitlərinin köçürülməsi, bankomatlardan təmassız pul çıxarılması və sair əməliyyatlarla ümumilikdə hazıradək hesablanmış 3.700.000,0 (üç milyon yeddi yüz) manatdan artıq vəsait oğurlanıb.

Bu barədə  Dövlət Təhlükəsizliyi Xidməti İctimai əlaqələr şöbəsindən bildirilib. Digər dövlətlərdə olan banklara da eyni metodlarla kiberhücumlar edilərək talama cinayətlərinin törədildiyi müəyyən edilib.

Fakt üzrə toplanılmış materiallar əsasında Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətində Cinayət Məcəlləsinin 177.3.2 və 273.4-cü maddələri ilə cinayət işi başlanılmışdır. Həyata keçirilmiş kompleks istintaq-əməliyyat tədbirləri nəticəsində beynəlxalq kibercinayətkar qrupun üzvləri ifşa olunub.

Cinayətkar qrupun üzvü kimi cinayət əməllərinin törədilməsində şübhəli bilinən xarici ölkə vətəndaşı Danila Dorin Konstantinoviç İspaniya Krallığının Barselona şəhərində saxlanılıb, beynəlxalq axtarış üzrə məhkəmə prosesləri nəticəsində 2017-ci il iyulun 23-də Azərbaycan Respublikasına ekstradisiya edilib.

Hazırda istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Kommersiya banklarına qarşı analoji kiberhücumların baş verdiyi tərəfdaş dövlətlərin hüquq mühafizə orqanlarına zəruri hüquqi yardım göstəriləcək.

Diaspora.az