Dərc edilib: 18:14, 20 May, 2017 | 21 dəfə baxılıb

Diaspora məfhumu ikili Vətəndə təcəlli edir…

Rusiyada olan Azərbaycan diasporunun da iki vətəni var: mənşə vətəni Azərbaycan və mövcud vətəni Rusiya. Oyunbazlar bilməlidir ki, zərbə hər iki Vətənə vurulur… Xəyanət həm Rusiyaya həm də Azərbaycana olunur. “Vətənə xəyanət heç bir ölkədə bağışlanmır!”. Tarixdən süzülüb gələn xalqlar arasındakı inci saflığı olan suyu bulandıranda hər iki tərəf susuz qalır. Əgər doğrudanda bu məsələdə düşmən əli varsa onda provakasiyaya gedilməməlidir. Onsuz da daxili və xarici qüvvələr vardır ki, Azərbaycan-Rusiya arasındakı münasibətlərin gərginləşdirilməsində maraqlıdır. Bundan yarınmağa macal axtarırlar. Gəlin, ona görədə daha müdirilik nümayiş etdirək: alternativ variantı nəzərdən keçirək… Üç fakta diqqət yetirək: 1. Təkcə, XX əsrin son 30 ilində Rusiyada müxtəlif erməni terrorçu qruplaşmaları tərəfindən 200-dən artıq terror aktı həyata keçirilmiş, təqribən 70 siyasi qətl icra edilmiş, 40-dan artıq sui-qəsd həyata keçirilmiş, 1500 nəfərdən artıq günahsız insan müxtəlif dərəcəli bədən xəsarəti almışdır. Ermənistan müstəqillik əldə etdikdən sonra bu ölkədə yaşayan ruslara qarşı diskriminasiya siyasəti həyata keçirilmiş və onların böyük əksəriyyətinin deportasiyasına nail olunmuşdur. Faktlar göstərir ki, ermənilər tarix boyu bir tərəfdən Rusiyanın himayəsini qazanmaq üçün özlərini rusların sadiq dostu kimi qələmə vermiş, digər tərəfdən isə fürsət düşən kimi, ruslara qarşı quldurluq, terror və qırğınlar törətmişlər. 2. XX əsrin 80-ci illərinin sonlarında ABŞ başda olmaqla Qərb ölkələri məhz erməni seperatçılarından istifadə etməklə SSRİ-nin daxilində etnik münaqişə ocaqlarını qızışdıra və onu dağıda bildilər. Təəssüfki, bu gündə ermənilərə olan “sevgi” bəzi alətlərin gözünü kor edib. Həqiqəti anlamağa imkan vermir. Necə deyərlər, ermənilərin Moskvaya arxadan xaincəsinə zərbə endirdiyini Qərb tərəfindən ələ alınan erməni lobbisinin oyuncağına çevrilən Qorbaçovlar … indidə bunu başa düşə bilmirlər. Bu baxımdan, bu gün Rusiyanın “müttəfiqi” rolunda çıxış edən ermənilərin istənilən an öz himayədarlarına xəyanət edəcəyi şübhə doğurmur. Bu həqiqəti isə Rusiya anlayanda çox gec olacaq. Necə deyərlər, sonrakı peşmançılıq fayda vermir. 3. 2015-ci ildə Ermənistanın müdafiə naziri Seyran Ohanyanın birinci müavini David Tonoyan Vaşinqtona səfəri çərçivəsində ABŞ Silahlı Qüvvələrinin “Azərbaycan-Ermənistan sərhədində təhlükəsizliyi təmin edə biləcəyini” bildirib. Halbuki, Rusiyada yazıq cildinə girmiş ermənilər bu məsələdə ancaq Moskvaya sığındıqlarını deyirlər. İkibaşlı oyunu gerbində ikibaşı olan dövlətdə oynamazlar… Bildiyimiz kimi, 2016-cı il dekabrın 28-də Moskvanın … məşhur “Ukrayna” otelində Ümumrusiya Azərbaycanlıları Konqresinin (ÜAK) IV Qurultayı baş tutmuşdur. Konqresin rəhbər orqanlarına seçkilər keçirilmişdir. ÜAK-ın Mərkəzi Şurası, Rəyasət Heyətinin yeni tərkibi, prezidenti və vitse-prezidentləri seçilmişdir. Düzü, maraqlı paritetə malik avtoritetdir. Rusiya Ədliyyə Nazirliyi bəyan edib ki, “İctimai Təşkilatlar haqqında” qanunu əsas götürərək ÜAK-ın Mərkəzi Şurasının Rəyasət Heyətinə aşkar olunan pozuntuların aradan qaldırılması ilə bağlı dəfələrlə xəbərdarlıq edib, lakin xəbərdarlıqlar nəticə verməyib-ÜAK-ın sənədləri qaydasına salınmayıb. Bunu səhmana salmaq üçün köhnə komandanı da işə cəlb etmək gərəkdir. Ümumrusiya Azərbaycanlıları Konqresinin (ÜAK) qeydiyyatının ləğv edilməsi zamanı bu kontingentin ağızlarına su alıb susması onların vətən yolunda müdrikliyini nümayiş etdirdi. “Susmaq qızıldır prinsipi ilə”. Belə nüfuzlu biznesmenlərin bir araya gətirilməsi diaspor adına olmasa da lobbi uğruna böyük əhəmiyyət kəsb edir. Çünki, siyasi alət olaraq lobbini obyektə çevirmək zəruridir. Bu effekt verə bilər. Öz mənfəətini dövlət maraqlarından üstün tutanlar, şəxsi əlaqələrini güdən “vətənpərvərlər” daxildə quyu qazdıqları kimi xaricə də lağım ataraq dövlətlər arasındakı tarixin sınaqlarından keçib gələn əlaqələrə xələl gətirirlər. Dəfələrlə demişik ki, diaspor sosial-mədəni subyektdir. Onu siyasi oyunda istifadə etmək yalnışlıqdır. Bunun da iki başı ola bilər. Qoy, milli düşüncəsi olan, milli maraqlara xidmət edən şəxslər burada cəmləşsinlər. Ad xətrinə, status xətrinə gələnlər yox! Saxta düşüncə və fəaliyyət nə dövlətə nə də dövlət başçımıza xidmətdir… Dahi öndər Heydər Əliyevdən bizə miras qalan və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən yeni mərhələdə inkişaf etdirilən diaspor irsi lazımınca dəyərləndirilmir. Bu sahəyə Yeni Dünya Nizamının çağırışlarına uyğun diqqət və qayğı göstərilməlidir. Yenə də şəxsi eqosu və hoydu-hoydu ilə öz iş prinsiplərini quran lazımlı simalar görünmür və səsi gəlməli olanlar susurlar. Koordinasiya edənlər niyə propaqanda işi aparmırlar… Maraqlıdır! Niyə, diaspor sahəsi üzrə elmi-tədqiqat müəssisələri və mütəxəssislər susur! Mövqe nümayiş etdirmirlər. Və ya Niyə, cavabdeh qurumlar və ixtisaslaşmış KİV-lər onlara üz tutmurlar… Üç amilə diqqət yetirək: 1. Erməni diasporunun tarixən məkirli niyyətləri ilə bağlı məqamları ictimailəşdirilsin. 2. Erməni lobbisinin təsirindən söz gedirsə Azərbaycan lobbisi ilə məsələ həll edilsin. 3. Rusiyada yaşayan nüfuzlu azərbaycanlılar, Azərbaycanın dostu sayılan şəxslər və vətəndaş cəmiyyətinin nümayəndələri bu işə cəlb olunsun.

Yəhya Babanlı,
tarix üzrə fəlsəfə doktoru,
diaspor məsələləri üzrə ekspert