Dərc edilib: 22:08, 19 Aprel, 2017 | 14 dəfə baxılıb

Diaspor rəhbərinin müraciətinə Ali Radadan reaksiya verilib

Ukrayna Azərbaycanlıları Birləşmiş  Diasporunun  (UABD)  bu ölkənin  Zaparojye Vilayət Şurasının 11-ci sessiyasının Ali Radaya uydurma erməni soyqırımının ildönümü ilə bağlı müraciətinə etirazı Ukrayna  mediasında və ictimai-siyasi dairələrində ciddi müzakirəyə səbəb olub.

Diaspora.az xəbər verir ki, “Azadinform”un məlumatına görə, bu müzakirələr Ukrayna parlamentinin Azərbaycan üzrə İşçi Qrupunun rəhbəri Maksim Kuryaçiyin öz facebook səhifəsində yazdığı statusdan sonra qızışıb. Belə ki, Maksim Kuryaçiyin Zaparojye Vilayət Şurasının parlamentə ünvanladığı uydurma erməni soyqırımı müraciətinə etirazı Ukrayna mətbuatında da geniş yer verilib.

O qeyd edib ki, 2017-ci il 6 aprel tarixində Zaparojye Vilayəti Şurası tərəfindən Ali Radaya qondarma erməni soyqırımının tanınması haqda müraciət daxil olub: “Bununla əlaqədar olaraq Azərbaycan Milli Məclisi ilə işçi qrupunun rəhbəri kimi mənə bir çox insanlar müraciət edir, bu mövzuda rəsmi açıqlama və ya şərh verməyimi istəyirlər. O cümlədən bu məsələ ilə bağlı Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun sədri  Hikmət Cavadov da mənə müraciət edib. Bu kimi məsələlər çox mürəkkəbdir, insanlarda həyacan yaradır. Bu məsələ ədalətli olaraq Azərbaycan  və Türkiyənin diplomatik  strukturlarını  narahat edir. Ukraynada  heç  bir yerli Şuranın strateji əhəmiyyətli məsələləri müzakirəyə çıxarmağa hüququ yoxdur.  Bu, onların (Zaparojye Vilayət Şurasının deputatları) səviyyəsi deyil. Onların buna ixtiyarı yoxdur.  Biz Ukrayna cəmiyyətinin milli mənsubiyyətə görə parçalanmasına yol verməməliyik. Ali Radanın gündəmində belə məsələ ola bilməz. Halbuki bunu gündəmə gətirmək cəhdləri olur”.

M.Kuryaçiy bildirib ki, ümumiyyətlə hər dəfə Azərbaycanla Ukrayna arasında münasibətlər keyfiyyətcə yeni səviyyəyə  çıxanda, iqtisadi, siyasi və mədəni əlaqələr güclənəndə, istənilən yolla bu perspektivli əməkdaşlığı zəiflətmək cəhdləri ortaya çıxır.

Deputatın fikrincə, bu kimi məsələləri qabardanlar Ukraynanı etibarlı tərəfdaşlar ilə üz-üzə qoymağa çalışırlar: “Ukrayna cəmiyyəti təmkin nümayiş etdirməli və siyasi manipulyasiyalara uymamalıdır. İddia olunan məsələ ilk növbədə obyektiv və qərəzsiz  şəkildə  tarixçilər tərəfindən öyrənildikdən sonra Ukrayna cəmiyyəti və siyasi dairələrin gündəminə daxil ola bilər”.

Xatırladaq ki, dünən Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunin sədri Hikmət Cavadovun adından  məsələ ilə bağlı Ali Radanın sədri Andrey Parubiyə və Ukrayna parlamentinin Azərbaycan üzrə işçi qrupunun rəhbəri Maksim Kuryaçiyə  müraciət edilib. H.Cavadov Maksim Kuryaçiy ilə telefon görüşməsində bu məsələnin nəzarətdə  saxlanılmasını  xahiş edib. UABD sədri bildirib ki, belə bir məsələnin parlamentdə müzakirəsinin Ukraynanın Azərbaycan və Türkiyə ilə münasibətlərini gərginləşdirəcək, əlaqələrə zərbə vuracaq.

Diaspora.az