Dərc edilib: 04:02, 10 Fevral, 2015 | 11 dəfə baxılıb

Diaspor rəhbəri mətbutdan gileyləndi

Azərbaycanlılarla Avromaydan fəalları arasında düşdüyü bildirilən kütləvi dava ilə bağlı bu ölkədə Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun sədri Hikmət Cavadov münasibət bildirib.

ANS PRESS-ə verdiyi açıqlamasında Hikmət Cavadov mətbuatda kütləvi dava ilə bağlı xəbərlərin çox şişirdildiyini dedi:

“Əfsuslar olsun ki, bəzi soydaşlarımız vaxtaşırı öz şəxsi problemlərini milli zəmində baş verən mübahisə formatına keçirərək məsələlərini həll etmək istəyirlər. Bu vəziyyətdən rusiya yönümlü KİV-lər məharətlə istifadə edərək azərbaycanlılarla yerli əhali arasında baş vermiş insidenti millətlərarası problemə çevirməklə məşğuldurlar.

Qeyd etməliyəm ki, Azərbaycan mətbuatında da belə məsələlərin bu səviyyədə şişirdilməsi burada yaşayan həmyerlilərimizin ziyanınadır. Sensasiya yaymaq xətrinə məlumat hazırlayan “milli”, “millətsevər” jurnalistlərimiz Ukrayna cəmiyyətində yaratdığımız tolerant münasibətlərə, xoş məramlı əlaqələrimizə zərbə vuraraq həm burada, həm də Azərbaycanda narahatlıqlar yaradırlar. Ukraynalıların soydaşlarımıza münasibəti hər zaman loyal olub, indi də belədir. Əgər bu tip təxribatların qarşısını ala bilməsək, ukraynalıların bizə olan qardaşlıq və dostluq münasibətlərinin dəyişməsinə imkan vermiş olarıq. Vaxtaşırı belə problemlər yaşansa da prosesin şişirdilməsinə yox, sakitləşməsinə köməklik etməliyik”.

Qeyd edək ki, Ukraynada azərbaycanlılarla Avromaydan fəalları arasında dava düşüb.
Şahidlərin sözlərinə görə, hadisə yerində 100-dən çox adam olub. Mübahisə kütləvi davaya çevrilib.