Dərc edilib: 13:03, 8 Sentyabr, 2017 | 46 dəfə baxılıb

Diaspor nümayəndəsi Finlandiyanın Azərbaycandakı səfiri ilə görüşüb

Finlandiya-Azərbaycan “Dostluq” Cəmiyyətinin sədri Təranə Nəzərova Finlandiyanın Xarici İşlər Nazirliyində Finlandiyanın Azərbaycanda yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Arya Makkonenlə görüşüb.

Görüş zamanı T.Nəzərova “Dostluq” cəmiyyətinin fəaliyyəti haqqında geniş məlumat verib, cəmiyyətin 15 il ərzində  Finlandiyada yaşayan azərbaycanlıların yerli ictimaiyyətə, o cümlədən ölkənin mədəni həyatına inteqrasiyasında mühüm rol oynadığını qeyd edib.

Cəmiyyət sədri Finlandiyada yaşayan azərbaycanlıların daim doğma Vətənin – Azərbaycanın milli maraqlarını müdafiə etməyə çalışdığını, ölkələrini Finlandiyada tanıtmaq üçün çoxsaylı layihələr həyata keçirdiklərini diqqətə çatdırıb. O, qeyd edib ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həqiqətlərin Finlandiya ictimaiyyətinə çatdırılması “Dostluq” cəmiyyətinin fəaliyyətinin prioritet istiqamətini təşkil edir. T.Nəzərova, eyni zamanda bildirib ki, Finlandiyada yaşayan azərbaycanlılar Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin yürütdüyü uğurlu siyasəti hər zaman dəstəkləyir.

Arya Makkonen öz növbəsində bildirib ki, iki ölkə arasındakı siyasi əlaqələr möhkəmlənir, iqtisadi və mədəni əlaqələr uğurla inkişaf etməkdədir.

Görüşün sonunda T.Nəzərova Arya Makkoneni “Dostluq” cəmiyyətinin yubileyinə dəvət edib.

Diaspora.az