Dərc edilib: 03:51, 16 İyul, 2017 | 50 dəfə baxılıb

Birinci vitse-prezident Mehriban Əliyevanın ən parlaq kadrı – ANAR ƏLƏKBƏROV KİMDİR? + FOTOLAR

Ölkəmiz yeni bir mərhələdən keçməkdədir. Bu mərhələ həm də idarəçilik fəlsəfəsinə fərqli baxışla, modern düşüncəli kadrların önə çəkilməsi ilə də əlamətdardır. Məhz yeni dövrün tələblərinə tam cavab verən, yeni nəsil məmurların önəmli postlara təyin edilməsi bu baxımdan əlamətdardır.
Belə parlaq və perspektivli, həmçinin potensialı şübhə doğurmayan gənc kadrlardan biri də Azərbaycan Respublikasının I Vitse-prezidenti Mehriban Əliyevaya prezident İlham Əliyev tərəfindən köməkçi təyin edilmiş Anar Ələkbərovdur.

Bəs Anar Ələkbərov kimdir?

Anar Sahib oğlu Ələkbərov 1998-ci ildə Bakıda Qərb Universitetinin Beynəlxalq Menecment ixtisası üzrə bakalavr, 2001-ci ildə isə adıçəkilən ali təhsil müəssisəsinin Beynəlxalq İqtisadi Münasibətlər ixtisası üzrə magistr dərəcəsinə yiyələnib.

Anar Ələkbərov 2008-ci ildən Heydər Əliyev Fondunun, 2012-ci ildən isə Heydər Əliyev Mərkəzinin icraçı direktoru vəzifəsində çalışır.

Anar Ələkbərov 2013-cü ildə Fransanın “İncəsənət və ədəbiyyat ordeni” ilə təltif edilib.

2014-cü ildən Azərbaycan Avtomobil İdman Növləri Federasiyası prezidenti vəzifəsində çalışır. Ölkəmizdə hər il təşkil edilən Formula-1 yarışlarının uğurlu şəkildə təşkil edilməsində əsas şəxslərdən biri məhz Anar Ələkbərovdur. O, üzərinə düşən missiyanı və tapşırılan işi çox məsuliyyətlə və uğurla tamamlayır.

Anar Ələkbərov 2014-cü ildə Azərbaycan və Macarıstan arasında əlaqələrin genişləndirilməsində və bu ölkədə mədəni-humanitar layihələrin həyata keçirilməsindəki xidmətlərinə görə Macarıstanın dövlət mükafatı – “Komandor xaç” ordeni ilə təltif edilib.

Anar Ələkbərov Mehriban Əliyevanın bütün müsbət əməllərini gənc bir kadr olaraq örnək götürür və bütün fəaliyyətini də məhz bu istiqamətdə qurur. Heydər Əliyev Fondunun həyata keçirdiyi bir sıra layihələri icra edir.
Anar Ələkbərovun 2014-cü ildə “Mehriban Əliyeva – xeyirxahlıq və ümid mücəssəməsi” adlı məqaləsi və “Mehriban” adlı kitabı çap edildi.

İndiyə qədər bir çox beynəlxalq konfranslarda Azərbaycanı təmsil etmişdir.

2015-ci ildə “Milan Expo 2015” Ümumdünya sərgisində Azərbaycan Nümayəndə heyətinin sədri olub.

Anar Ələkbərov birinci vitse-prezidentin köməkçisi təyin edilməmişdən 6 ay öncə Azərbaycan Dövlət İqtisad Universitetində “Beynəlxalq Münasibətlər” kafedrasının rəhbəri təyin edilmişdi. Amma məlum təyinatdan sonra o, işlərinin çox olması səbəbindən öz ərizəsi əsasında vəzifədən getdi.

Burada çox önəmli bir məsələni oxucuların nəzərinə çatdırmaq istəyirik.

Anar Ələkbərovun atası vergilər nazirinin müavini, III dərəcəli dövlət vergi xidməti müşaviri Sahib Ələkbərovdur. Amma bir məqamı xüsusi vurğulamaq lazımdır. Anar Ələkbərov o məmur övladlarındandır ki, onu atasına görə yox, hal-hazırki məqamda məhz atasını ona görə tanıyırlar. Həyatda hər bir uğura şəxsən özü nail olub.

Anar Ələkbərovun fəaliyyəti barədə onu tanıyan şəxslər bildirir ki, o, peşəkar idarəedicidir və bütün verilən tapşırıqları yüksək səviyyədə yerinə yetirir.

Eyni zamanda özü də təşəbbüskardır. Müxtəlif təşəbbüslərlə çıxış edib, onları yüksək səviyyədə reallaşdırmağa çalışır. Mehriban Əliyeva vitse-prezident təyin edilən zaman da hər kəsə bəlli idi ki, o, özünə yeni komanda yığacaq. Bu komandada isə bizim öyrəşdiyimiz insanlar olmayacaq. Komandanın üzvləri Nazirlər Kabinetindəki yaşlı insanlar deyil, zəngin ideyalı, yüksək təhsilli, orijinal təfəkkürə malik perspektivli insanlar olacaqlar.

Anar Ələkbərov uzun müddətdir ki, Heydər Əliyev Fondunda çalışır və birinci vitse-prezidentlə də görülən işlərlə bağlı bir-birilərini yaxşı anlayırlar. Ona görə də bu təyinat rəğbətlə qarşılandı. Çünki islahatları, neqativ hallarla mübarizəni gücləndirmək üçün bu cür heyətlə işləmək çox vacibdir.

Bir məsələni də xüsusi vurğulayaq ki, birinci vitse-prezidentin ətrafında elə bir komanda formalaşıb ki, baş verən hadisələr haqqında prezidentin məlumatlandırılması işi sürətləndirilib. Baş verənlər göstərir ki, artıq dövlət başçısı alternativ mənbələrdən informasiya almaq imkanına malikdir və yerində araşdırmalar aparılır. Ola bilər ki, əvvəlki dövrdə proseslər ləng gedə bilərdi. Ancaq birinci vitse-prezidentin ətrafında yeni formalaşan komanda bu proseslərə vaxtında reaksiya verir və dövlət başçısına da alternativ mənbələrdən xəbər almaq imkanı yaradır. Hər kəsə məlumdur ki, dövlət başçısı baş redaktorlarla görüşündə bildirmişdi ki, bəzən məlumatları məndən gizlətməyə çalışırlar, ancaq mən mətbuatı da izləyirəm, alternativ mənbələrə də çıxış imkanlarım var.

Anar Ələkbərovun yer aldığı yeni komandanın fəaliyyəti bu baxımdan prosesi bir qədər də sürətləndirir. Buna nümunə kimi  son günlər baş vermiş hadisələri – Hacı Cavad məscidi ətrafındakı qalmaqal və elə həmin gün Yasamalın icra başçısının işdən qovulması və ya general-mayor Novruzəli Orucovun oğlunun tərbiyəsizliyinə görə vəzifədən atılması onu göstərdi ki, artıq ölkədə özbaşınalıqların qarşısı alınır və bu komanda effektiv şəkildə fəaliyyət göstərir.
Anar Ələkbərov da bu komandanın aparıcı simalarından  biri kimi öz uğurlu rolunu oynayır.

Diaspora.az