Dərc edilib: 02:39, 10 Fevral, 2015 | 3 dəfə baxılıb

Bakıda Qətər Milli Bayramı qeyd edilib

Fairmont Hoteldə keçirilən Qətər Milli Bayramında ADİHİ rəhbəri Əhməd Şahidov da iştirab edib

Dekabrın 18-də Qətərin Azərbaycandakı səfirliyi ölkəsinin milli bayramı münasibətilə rəsmi qəbul təşkil edib. Tədbirdə açılış nitqi söyləyən səfirliyin müvəqqəti işlər vəkili Əbdüləziz Əbdülrəhman Əl-Şəhab ötən müddətdə Qətərin keçdiyi inkişaf yolundan danışıb. Bildirib ki, bu gün Qətər siyasi, iqtisadi, mədəni sahələrdə mühüm dəyişikliklər dövrünü yaşayır.

Səfir Azərbaycan ilə Qətər arasında əlaqələrin inkişaf etdiyini bildirib. Qeyd edib ki, Azərbaycan Prezidenti İlham Əliyevin və Qətərin Əmiri Şeyx Həməd bin Xəlifə Al Taninin dostluq münasibətləri ölkələrimiz arasında əlaqələrin daha da inkişafına şərait yaradır. Diplomat əmin olduğunu bildirib ki, Azərbaycan ilə Qətər arasında iqtisadiyyat, mədəniyyət, təhsil və digər sahələrdə əlaqələr gələcəkdə daha da inkişaf edəcək.

Rəsmi qəbulda iştirak edən Azərbaycan Demokratiya və İnsan Haqları İnstitutunun rəhbəri Əhməd Şahidov və müvəqqəti işlər vəkili Əbdüləziz Əbdülrəhman Əl-Şəhab arasında qısa söhbət baş tutub. Rəhbərlik etdiyi təşkilatın Qətərlə sıx əlaqələr qurduğunu diqqətə çatdıran ADİHİ rəhbəri bu yaxınlarda Qətər Milli İnsan Haqları Komitəsi ilə əməkdaşlıq protokolu imzalayacaqlarını da vurğulayıb.

Qəbulda Azərbaycanın dövlət və hökumət rəsmiləri, Milli Məclisin deputatları, səfirlər, jurnalistlər, ictimaiyyətin nümayəndələri iştirak ediblər.