Dərc edilib: 12:05, 26 Aprel, 2017 | 9 dəfə baxılıb

Azərbaycanlı uşaqlar Türkiyədə keçirilən 23 Nisan uşaq bayramında iştirak ediblər

Türkiyənin 23 aprel Beynəlxalq Müstəqillik və Uşaq Bayramı münasibəti ilə Kocaeli Böyükşəhər Bələdiyyəsinin təşkilatçılığı ilə Beynəlxalq Uşaq Festivalı keçirilib. Üç gün davam edən festivalda 41 ölkədən, eləcə də Türkiyənin bütün şəhərlərindən məktəblilər iştirak edib. Azərbaycanı isə festivalda 12 nəfərdən ibarət rəqs və musiqi kollektivi təmsil edib.

Festival çərçivəsində azərbaycanlı uşaqlar Kocaeli vilayətində fəaliyyət göstərən Kocaeli Azərbaycan Heydər Əliyev Mədəniyyət Evinin qonağı olublar. Uşaqlar Mədəniyyət Evinin fəaliyyəti, burada yaradılan kitabxana və soyqırımı muzeyi ilə tanış olublar. Uşaqlara təşkilatla bağlı ətraflı məlumat verən Türkiyə Azərbaycan İcmaları Federasiyasının sədri, Kocaeli Azərbaycan Heydər Əliyev Mədəniyyət Evinin rəhbəri Bilal Dündar deyib ki, 2012-ci ildə Türkiyə və Azərbaycanın dövlət və hökumət nümayəndələrinin, rəsmi şəxslərinin iştirakı ilə Mədəniyyət Evinin təntənəli açılış mərasimi olub. Mədəniyyət Evinin məqsədi isə iki qardaş ölkə arasındakı  münasibətlərin daha da möhkəmlənməsinə töhfə vermək, Azərbaycan həqiqətlərini tanıtmaq və bu istiqamətdə fəaliyyəti davam etdirməkdir. Bilal Dündar uşaqlara 23 aprel bayramının yaranma zərurəti, tarixi və gənc nəslin vətənpərvərlik ruhunda böyüməsi üçün əhəmiyyətindən danışıb.

Sonra uşaqlar Mədəniyyət Evinin qarşısında hazırladıqları musiqi nömrələrini və rəqsləri təqdim ediblər.

Diaspora.az