Dərc edilib: 22:33, 11 İyul, 2017 | 38 dəfə baxılıb

“Azərbaycanlı girovlarla bağlı mövcud ikili standartları aşmağa çalışırıq” – Əhməd Şahidov CBC kanalına müsahibə verib

Artıq 3-cü ildir ki, azərbaycanlı girovlar Dilqəm Əsgərov və Şahbaz Quliyev Ermənistan silahlı qüvvələri tərəfindən girov götürülüb. 2014-cü ilin İyul ayının 11-də öz dədə-baba məzarlarını ziyarət etmək üçün Kəlbəcərə səfər edən üç azərbaycanlı – Dilqəm Əsgərov, Şahbaz Quliyev və Həsən Həsənov ermənilər tərəfindən əsir götürülür. Qeyri-insani rəftara və işgəncələrə məruz qalan əsirlərdən Həsən Həsənov 2014-cü ilin İyul ayının 11-də qətlə yetirilir… Ermənilər Həsənin meyitini vermək istəmirdilər… Yenə də Azərbaycan dövlətinin güclü siyasi iradəsi və beynəlxalq ictimaiyyətin davamlı təzyiqləri nəticəsində ermənilər cəsədi təhvil verirlər.

Təəssüflər olsun ki, girovlarımız Dilqəm Əsgərov və Şahbaz Quliyev hələ də erməni girovluğundadırlar. Bu müddət ərzində ermənilər girovlar üzərində saxta məhkəmə prosesi qurdular və uydurma ittihamlarla Şahbaz Quliyevi 22 il, Dilqəm Əsgərovu isə ömürlük azadlıqdan məhrum etdilər. Bu proses ümumilikdə bütün bəşəri dəyərlərin, beynəlxalq hüquq normalarının və fundamental insan haqlarının kobud şəkildə pozulmasıdır, Ermənistan dövlətinin terrorçu mahiyyətinin əyani sübutudur. Çünki, bu insanlar – Dilqəm və Şahbaz azərbaycanlılardır, getdikləri ərazilər rəsmən Azərbaycan torpaqlarıdır, beynəlxalq ictimaiyyət tərəfindən qəbul edilmiş Azərbaycan sərhədləri daxilində bir məntəqədən digərinə hərəkət ediblər, Azərbaycan-Ermənistan sərhədlərini pozmayıblar.

Ötən üç il ərzində azərbaycanlı girovların azad edilməsi istiqamətində müxtəlif istiqamətdə intensiv iş aparılır. İlk növbədə, Azərbaycan Prezidenti İlham Əliyevin keçirdiyi görüş və çıxışlarında bu məsələni qaldırması və dünya ictimaiyyətinə çağırışlar etməsi xüsusi əhəmiyyət kəsb edir.Bundan başqa, Xarici İşlər Nazirliyi, habelə Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası da bu sahədə kifayət qədər intensiv fəaliyyət göstərirlər.

Bu məsələdə əsas məsuliyyət həm də Azərbaycanın vətəndaş cəmiyyətinin üzərinə düşür. Mövzu ilə bağlı CBC Azərbaycan kanalına geniş müsahibə verən Azərbaycan Demokratiya və İnsan Haqları İnstitutunun rəhbəri Əhməd Şahidov bildirib ki, bu məsələnin dünya ictimaiyyətinə, xüsusən də beynəlxalq insan haqları təşkilatlarına çatdırılmasında vətəndaş cəmiyyəti fəalları ardıcıl fəaliyyət göstərir: “İndiyə kimi ATƏT-in bütün tədbirlərində birbaşa və ya dolayısıyıa bu məsələ ilə bağlı çıxışlarımız olub. Avropada keçirdiyimiz görüşlərdə Dilqəm və Şahbaz barədə dəfələrlə məsələ qaldırmışıq. Qətərdə keçirilən və əsasən ərəb dünyasının rəhbər şəxslərinin qatıldığı beynəlxalq konfranslarda girovlarımız barədə müsəlman dünyasına çağırışlar etmişik. Müxtəlif beynəlxalq təşkilatların qərargahları qarşısında səssiz aksiyalarımız olub. Konkret olaraq, Brüssel şəhərində Avropa Parlamentinin qarşısında, Strasburqda Avropa Şurası Parlament Assambleyasının qarşısında, Cenevrədə Qırmızı Xaç Cəmiyyətinin qarşısında, habelə Ermənistanın Varşavadakı səfirliyi qarşısında etiraz aksiyalarımız olub. Bakıda fəaliyyət göstərən diplomatik korpuslara bir-neçə dildə məlumatlar göndərmişik.

Bundan başqa, ötən il İslahatçı Gənclər İctimai Birliyinin dəstəyi ilə “Dünya Susmasın!” adlı film hazırladıq və ictimaiyyətə təqdim etdik. Filmdə azərbaycanlı girovlarımız və onların həyat yolu barədə, onların azadlığa çıxması istiqamətində görülən işlər barədə məlumat verdik və dünya ictimaiyyətinə müraciət etdik. Girovlarımızla bağlı bugün də işlər davam etməkdədir. Sentyabr ayında Polşada keçiriləcək ATƏT-in Zirvə Toplantısında bu məsələ yenidən gündəmə gətiriləcək. Hətta planlaşdırmışıq ki, Dilqəm Əsgərovun oğlu Kürdoğlunu da ATƏT-in iclaslarına aparaq və avropalı diplomatlara onun mesajlarını canlı olaraq çatdıraq. Bütün mümkün vasitələrdən istifadə etməklə girovlarımızın azadlığa çıxmasına çalışırıq.

Əfsuslar olsun ki, qarşı tərəf terrorizmi və cinayəti dövlət səviyyəsində dəstəkləyən Ermənistan hakimiyyətidir. Heç bir beynəlxalq qanunları və konvensiyaları qəbul etməyən bir kriminal rejimdir. Digər tərəfdən dünyadakı ikili standartlar da öz rolunu oynayır. Beynəlxalq səviyyyədə apardığımız işlərə baxmayaraq, dünya ictimaiyyəti, xüsusən də Avropa qurumları bu acı həqiqəti görmək istəmir. Buna baxmayaraq, biz işimizi davam etdiririk və Azərbaycan dövlətinin və ölkə başçısının bizimçün cızdığı yol xəritəsinə uyğun olaraq, üzərimizə düşən vəzifələri yerinə yetirməyə çalışırıq. Düşünürəm ki, Azərbaycan Prezidenti cənab İlham Əliyevin siyasi iradəsi və qətiyyətli mövqeyi nəticəsində girovlarımız Dilqəm Əsəgrov və Şahbaz Quliyev tezliklə azadlığa qovuşacaqlar. Biz dəfələrlə bunun şahidi olmuşuq. Məncə, Ermənistan hakimiyyəti Ramil Səfərov, Mübariz İbrahimov və Çingiz Qurbanov nümunəsini yadına salsa, yaxşı olar.”