Dərc edilib: 09:33, 15 Sentyabr, 2016 | 13 dəfə baxılıb

Azərbaycanlı girovlar haqqında hazırlanmış “Dünya susmasın!” filminin təqdimatı keçirilib

Sentyabrın 13-də Park Bulvar ticarət mərkəzində yerləşən Park Cinema film salonunda azərbaycanlı girovlar Dilqəm Əsgərov, Şahbaz Quliyev və Həsən Həsənov haqqında hazırlanmış “Dünya susmasın!” sənədli filminin təqdimat mərasimi keçirilib. Tədbirdə millət vəkili Qənirə Paşayeva, YAP Gənclər Birliyinin sədri Seymur Orucov, Gənclər üçün Təhsil Mərkəzinin sədri Fəxrəddin Həsənzadə, “Aşıq Şəmşir” Mədəniyyət Ocağı İctimai Birliyinin sədr müavini, Kəlbəcər ictimaiyyətinin nümayəndəsi Həbib Misirov, mətbuat və ictimaiyyət nümayəndələri, azərbaycanlı girovların ailə üzvləri və yaxınları, habelə filmin yaradıcı heyəti iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan İslahatçı Gənclər İctimai Birliyinin sədri Fərid Şahbazlı azərbaycanlı girovlar barədə danışıb və film barədə qısa məlumat verib. Daha sonra “Dünya susmasın!” sənədli filmi nümayiş etdirilib.

İslahatçı Gənclər İctimai Birliyinin təşkilati dəstəyi və ShushaPost.az İnformasiya Portalının informasiya dəstəyi ilə hazırlanmış “Dünya susmasın!” sənədli filmi öz dədə-baba torpaqlarından didərgin düşmüş üç azərbaycanlı – Dilqəm Əsgərov, Şahbaz Quliyev və Həsən Həsənov barədədir. 2014-cü ilin İyul ayında erməni silahlı birləşmələri tərəfindən girov götürülən və sonradan qətlə yetirilən Həsən Həsənov, üzərində saxta məhkəmə prosesi təşkil olunan Dilqəm Əsgərov və Şahbaz Quliyevin həyat yolu haqqında danışılan sənədli filmdə girovların yaxınları və ailə üzvləri danışır, habelə azərbaycanlı girovların azadlığa buraxılması məqsədilə həyata keçirilən işlər barədə məlumat verilir.
Təqdimat mərasimində çıxış edən millət vəkili Qənirə Paşayeva azərbaycanlı girovlar barədə məlumat verib, onların azadlığa buraxılması istiqamətində görülən işlərdən danışıb və Azərbaycan dövlətinin girovların azadlığa çıxması üçün atdığı addımlardan söz açıb. Qərb dünyasının Azərbaycana münasibətdə tətbiq etdiyi ikili standartlardan danışan Qənirə Paşayeva ölkə başçısı cənab İlham Əliyevin azərbaycanlı girovların azadlığa buraxılması üçün zəruri göstərişlər verdiyini və dövlətin bu istiqamətdə lazımi addımlar atdığını vurğulayıb.
Daha sonra çıxış dən YAP Gənclər Birliyinin sədri Seymur Orucov Dağlıq Qarabağ münaqişəsi və onun Azərbaycana vurduğu zərərlər barədə danışıb, Dağlıq Qarabağ münaqişəsinin Azərbaycan dövlətinin daxili və xarici siyasətində prioritet olduğunu bildirib və azərbaycanlı girovların azadlığa çıxması üçün rəsmi Bakının gördüyü işlər barədə məlumat verib.

Gənclər üçün Təhsil Mərkəzinin sədri Fəxrəddin Həsənzadə bugünkü gənclərin milli vətənpərvərlik ruhunda tərbiyə olunduğunu, ölkəmizin bütovlüyü uğrunda canından keçməyə hazır olan gənclərimizin hər zaman əldə silah Ali Baş Komandanın əmrini gözlədiyini deyib.
Tədbirdə çıxış edən “Aşıq Şəmşir” Mədəniyyət Ocağı İctimai Birliyinin sədr müavini, Kəlbəcər ictimaiyyətinin nümayəndəsi Həbib Misirov filmin ərsəyə gəlməsində zəhməti olan hər kəsə təşəkkürünü bildirib, Kəlbəcər ictimaiyyətinin, habelə “Aşıq Şəmşir” Mədəniyyət Ocağı İctimai Birliyinin sədri Qənbər Şəmşiroğlunun və Kəlbəcərdən seçilmiş millət vəkili Cavid Qurbanovun minnətdarlıqlarını çatdırıb.
Qeyd edək ki, azərbaycanlı girovlar haqqında hazırlanmış “Dünya susmasın!” filminin ingilis, rus, erməni, alman, fransız və Türk dillərinə tərcümə edilib yayılması və xarici ölkələrdə təqdim edilməsi planlaşdırılır.

teqdimat2 teqdimat3 teqdimat4 teqdimat5 teqdimat6 teqdimat7 teqdimat8 teqdimat9 teqdimat10 teqdimat11 teqdimat12 teqdimat13 teqdimat14 teqdimat15 teqdimat16 teqdimat17 teqdimat18 teqdimat19 teqdimat20 teqdimat21 teqdimat22 teqdimat23 teqdimat24 teqdimat25 teqdimat26