Dərc edilib: 21:49, 24 İyul, 2017 | 102 dəfə baxılıb

Azərbaycanlı gənc dirijor Şimali Kiprdə  konsert proqramı ilə çıxış edib

Şimali Kiprdə III Beynəlxalq İpək Yolu Konfransı keçirilib. Konfrans çərçivəsində azərbaycanlı gənc pianoçu və dirijor Turan Manafzadənin rəhbərliyi ilə “İpək Yolu” orkestri konsert proqramı təqdim edib. Konsertdə Qara Qarayev, Ferit Anlar, Hasan Uçarsu, Xatirə Əhmədli Cəfər kimi türk dünyasının məşhur bəstəkarlarının əsərləri ifa olunub.
Beynəlxalq Türk Mədəniyyət Təşkilatı (TÜRKSOY), Beynəlxalq Musiqi Təhsili Assosiasiyası (ISME), Türk Dünyası Musiqi Təhsili Assosiasiyası (TÜRKMEB) və Doğu Akdeniz Universitetinin birgə təşkilatçılığı ilə keçirilən konfransda “İpək Yolu” ölkələrinin zəngin musiqi mədəniyyətinə həsr olunmuş mühazirələr dinlənilib, musiqi nümunələri səsləndirilib.
“İpək Yolu” orkestrinin rəhbəri, pianoçu və dirijor Turan Manafzadə bildirib ki, Şimali Kiprdə böyük rəğbət görən “İpək Yolu” orkestri gələn il Bakıda keçiriləcək ISME Dünya Konfransına hazırlaşır.
Qeyd edək ki, Turan Manafzadə İstanbul Memar Sinan İncəsənət Universiteti Dövlət Konservatoriyasında piano ifaçılığı ixtisasını bitirib və məşhur italyan dirijor Antonio Pirollidən dərs alır.

Diaspora.az