Dərc edilib: 03:13, 10 Fevral, 2015 | 10 dəfə baxılıb

Azərbaycanla İran kənd təsərrüfatı sahəsində əməkdaşlığın əsas prioritetlərini müəyyənləşdirib

Bu gün Azərbaycanın Kənd Təsərrüfatı Nazirliyində nazir müavini Seyfəddin Talıbov İranın Kənd Təsərrüfatı Nazirliyinin Ticarət məsələləri üzrə İdarəsinin baş direktoru Camal Müdərrisinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Nazirlikdən “APA-Economics”ə verilən məlumata görə, görüşün məqsədi kənd təsərrüfatı sahəsində gələcək əməkdaşlıq imkanlarının müzakirəsi olub.

Nazir müavini Azərbaycanın İran ilə kənd təsərrüfatı sahəsində əməkdaşlığa maraqlı olduğunu bildirib və ölkələrimiz arasında baytarlıq sahəsində Sazişin imzalanması prosesinin sürətləndirilməsi, Azərbaycan-İran Hökumətlərarası Müştərək Komissiyanın IX iclas protokoluna əsasən iki ölkə arasında kənd təsərrüfatı sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumunun müddəalarının icrasının vacibliyini nəzərə alaraq Kənd Təsərrüfatı Nazirlikləri tərəfindən 2015-ci ilin yanvar ayında yaradılmış işçi qrupun ilk iclasının yaxın tarixlərdə İranda keçirilməsi, kənd təsərrüfatı, heyvandarlıq və bağçılıq məhsullarının istehsalı və idxalı məqsədilə investisiya və təsərrüfatlar üzrə əməkdaşlıq, iki ölkənin qonşu əyalətləri arasında, xüsusilə də aqrar sənaye, heyvandarlıq və bitkiçilik məhsullarının istehsalı və kənd təsərrüfatı məsləhət xidmətlərinin göstərilməsi sahəsində əməkdaşlığın inkişaf etdirilməsi, heyvan və bitki məhsullarının sağlamlığının gücləndirilməsi, zərərvericilərin izlənilməsi, qabaqlayıcı tədbirlərin genişləndirilməsi, iki ölkənin sərhədində zəruri sağlamlıq tədbirlərinin tətbiq edilməsi məqsədilə məlumat mübadiləsi, bitkiçilik məhsullarının istehsalı və emalı sahəsində, xüsusən sərhəd rayonları arasında investisiya imkanlarının qiymətləndirilməsi, kənd təsərrüfatı sahəsində prioritet istiqamətlərə və məhsullara dair məlumat mübadiləsinin aparılması kimi təklifləri irəli sürüb.

C.Müdərrisi kənd təsərrüfatı məhsullarının istehsalı, biznes, heyvandarlıq, quşçuluq regionlar arası əlaqələrin genişləndirilməsi, toxumçuluq, şəkər çuğunduru istehsalı, birgə müəssisələrin yaradılması istiqamətində əməkdaşlıq üçün böyük potensialın olduğunu vurğulayıb.