Dərc edilib: 21:40, 15 Aprel, 2017 | 5 dəfə baxılıb

Azərbaycanın muğam triosu “Al Kamancati” festivalında

Fələstində keçirilən “Al Kamancati” musiqi festivalında Azərbaycanın muğam triosu da iştirak edir. Əməkdar artistlər Elşən Mansurov (tar) və Ələkbər Ələkbərovun (kamança) müşayiəti ilə xanəndə Kamilə Nəbiyeva məlahətli səsi ilə festival iştirakçılarının qəlbini fəth edib. Muğam triosunun Arrabah, Hebron və Al Dahriyyənin qədim məbəd və qəsrlərində təşkil edilmiş konsertləri tamaşaçıların sürəkli alqışları ilə qarşılanıb. Al Dahriyyədə konsert yalnız uşaqlar üçün təşkil olunub.

Konsertlərdən əvvəl musiqiçilərimizi müşayiət edən Aytən Muradova tamaşaçılara milli musiqimiz, musiqi alətlərimiz – tar, kamança haqqında ətraflı məlumat verib.

 

Muğam triosunu “Al Kamancati” festivalının təsisçisi Ramzi Aburedvan dəvət edib. O, milli musiqimizlə bir neçə il əvvəl Fez festivalında tanış olub.

Dünyanın ənənəvi musiqilərini Fələstin torpağında bir araya gətirən “Al Kamancati” festivalı aprelin 23-də Yerusəlimdə başa çatacaq.

Diaspora.az