Dərc edilib: 01:09, 5 İyul, 2017 | 17 dəfə baxılıb

Azərbaycanın Çexiyadakı səfirliyi Rəşad Qafarovun  vəfati ilə əlaqədar bəyanat yayıb

Azərbaycan bəzi kütləvi informasiya vasitələrində mərhum Rəşad Qafarova dair qeyri-dəqiq məlumatların yayılması ilə əlaqədar olaraq Azərbaycanın Çexiyadakı səfirliyi bəyanat yayıb.
Bəyanatda bildirir ki, cari il iyunun 29-da Azərbaycan Respublikasının vətəndaşı Rəşad Qafarov Çexiyanın Praqa şəhərində özünə məxsus nəqliyyat vasitəsində cansız vəziyyətdə polis tərəfindən aşkarlanıb. Sözügedən məsələ ilə bağlı səfirlik polis orqanları ilə əlaqə saxlayaraq, baş vermiş hadisənin təfərrüatları barədə məlumat əldə etməyə çalışıb. Baş verən hadisənin qətl hadisəsi kimi törədildiyi ehtimal olunur. Hazırda Çexiyanın hüquq-mühafizə orqanları tərəfindən istintaq aparılır. Səfirliyin konsulluğu tərəfindən mərhumun ailə üzvlərinə lazımi köməklik və dəstək göstərilir.
Bəzi Azərbaycan kütləvi informasiya vasitələrində mərhum R.Qafarovun Azərbaycanın Çexiyadakı səfirliyinin hər hansı bir nümayəndəsi ilə ortaq biznes maraqlarının olması ilə əlaqədar olaraq əsassız iddialar irəli sürülüb. Bu məlumat açıq böhtan xarakteri daşıyır.
Qeyd etmək istərdik ki, mərhum Rəşad Qafarov Azərbaycanın Çexiyadakı diasporasının fəal üzvlərindən biri olub. Mərhum Rəşad Qafarov artıq 2008-ci ildən Çexiyada sahibkarlıq fəaliyyəti ilə məşğul olmağa başlayıb və çalışdığı sektorda kifayət qədər nüfuz sahibi olub.
İstintaq aparıldığı zaman KİV-lərdə qeyri-dəqiq məlumatın dərc olunması istintaqın gedişinə habelə, Azərbaycan səfirliyinin Çexiyadakı fəaliyyətinə mənfi təsir göstərəcək. Bununla əlaqədar, məlumatların hər tərəfli yoxlanılması zəruridir.

Diaspora.az