Dərc edilib: 16:03, 10 İyul, 2017 | 14 dəfə baxılıb

Azərbaycanın Britaniyadakı diaspor təşkilatları Ermənistanın cəbhədəki təxribatına etiraz olaraq piket keçirib – FOTO – VİDEO

Azərbaycanın Böyük Britaniyadakı diaspor təşkilatları Ermənistan silahlı qüvvələrinin Füzuli rayonunun Alxanlı kəndində törətdiyi hərbi təxribatına etiraz əlaməti olaraq piket keçirib.
Diaspora.az-ın məlumata görə, Ermənistan bu ölkədəki səfirliyinin binası qarşısında baş tutan etiraz aksiyasında Ermənistanın işğalçılıq siyasətini, habelə körpə ölümünə səbəb olan mənfur əməllərini pisləyən şüarlar səsləndirilib.
Aksiya iştirakçıları Azərbaycan torpaqlarının işğaldan azad olunmasını, beynəlxalq ictimaiyyətin Ermənistanın təcavüzkar siyasətinə son qoyulması üçün qəti tədbirlər görməsini tələb ediblər.
Etirazçılar 4 iyul təxribatı zamanı qətlə yetirilmiş 1967-ci il təvəllüdlü Quliyeva Sahibə İdris qızı və 2015-ci il təvəllüdlü Quliyeva Zəhra Elnur qızının fotoşəkillərini nümayiş etdirərək, bu mənfur əməlin insanlıq əleyhinə cinayət olduğunu vurğulayıb, Britaniya hökumətini Ermənistana qarşı sərt sanksiyalar tətbiq etməyə çağırıblar.
Aksiyanın sonunda Azərbaycanın dövlət himni səsləndirilib.

Diaspora.az