Dərc edilib: 23:35, 30 İyul, 2017 | 92 dəfə baxılıb

Azərbaycanı üç qitədə təbliğ edən xanım – Fotolar

İradə Axundova: “Hansı ölkədə yaşamağımdan asılı olmayaraq, ürəyim həmişə vətənim Azərbaycanla döyünüb”

Deyirlər vətən sərhəddən başlayır. Ancaq mən bu fikirlə razı deyiləm. Vətən hər bir Azərbaycan vətəndaşının ayaq basdığı torpaqdan başlayır. Onlar getdikləri hər bir ölkəyə özləri ilə bərabər kiçik bir Azərbaycan aparırlar. Bunu müsahibim – Bakı-Hyuston Qardaşlaşmış Şəhərlər Assosiasiyasının prezidenti və “Azərbaycan mərkəzi”nin direktoru İradə Axundova ilə söhbətdən daha yaxşı anladım. O üç qitədə – Avropa, Afrika və son 25 ildə Amerikada yaşayıb. Həyat yoldaşının işi ilə əlaqədar olaraq müxtəlif ölkələrdə yaşamağa məcbur olan İradə xanım getdiyi hər bir ölkədə Azərbaycanın təbliğatı ilə məşğul olub. Harada yaşamasından asılı olmayaraq, düşdüyü mühitdə Azərbaycan ab-havası yaratmağa çalışıb. Onun üçün vətən, torpaqdan ibarət olan anlam daşımır. Onunla söhbət çox maraqlı və eyni zamanda doyumsuzdur. Kifayət qədər təcrübəsi var. Mənim üçün o, kitab kimi bir xanımdır. Vərəqlədikcə, hər səhifəsində bir macəra, həyəcanla rastlaşırsan. Beləliklə, İradə xanım sualları cavablandırır.
– İradə xanım, rəhbəri  olduğunuz “Azərbaycan mərkəzi” indiyə qədər hansı layihələr imza atıb?
– Bu mərkəz artıq 7 ildir ki, fəaliyyət göstərir. Əsas məqsədimiz Amerikalılara və orada yaşayan digər xalqın nümayəndələrinə Azərbaycanı tanıtmaqdan ibarətdir. Bu mərkəz Azərbaycanın qədim mədəniyyətini, tarixini dünyaya bəyan edərək, təbliğat xarakteri daşıyır. Biz burada tez-tez senatorlarla və Texas konqres nümayəndələri ilə görüşürük. Mərkəzimizdə Azərbaycana həsr olunmuş musiqi gecələri keçirilir. Nəinki musiqi, biz xalqımızın başına gətirilən müsibətləri burada anır, onunla bağlı təbliğat aparırıq. Belə ki, Xocalı, 20 Yanvar faciələri kimi hadisələri qeyd edir, təbliğat işləri ilə məşğul oluruq. Bundan əlavə, Novruz bayramı, Respublika günü, Müstəqillik günü və digər bayramlarımızı qeyd edirik. Misal üçün, 28 May Respublika Gününü ənənəvi olaraq Hyuston meriyasının zalında keçirdik. Əsas məqsədimiz isə gələn qonaqları Azərbaycanla tanış etmək və ölkəmizi tanıtmaqdan ibarətdir. Biz əvvəllər təbliğata başlayanda tədbirə gələn qonaqların çoxu Azərbaycan sözünü heç deyə bilmirdilər.  Ancaq indi bizim məclislərimizə Hyustondakı müxtəlif ölkələrin konsulları, meriyanın nümayəndələri gəlirlər.  Hyuston meri bizi çox yaxşı tanıyır. Hətta yaxın zaman çərçivəsində Azərbaycana gəlməyi də planlaşdırır.
– Bakı-Hyuston Qardaşlaşmış Şəhərlər Assosiasiyası necə yarandı?
– Bakı-Hyuston Qardaşlaşmış Şəhərlər Assosiasiyası 1976-cı ildə Amerikali Dovi De Vriz tərəfindən Hyuston şəhərinin merinin dəstəyi ilə yaradılıb.  Ümumiyyətlə, Amerikada Beynəlxalq Qardaş Şəhərlər Assosiasiyaları bütün ştatlarda fəaliyyət göstərir. Assosiasiya 1956-cı ildə prezident Duayt Eyzenhauer  tərəfindən SSR-i və Amerika arasında adi insanların bir-biri ilə dostluq və mədəni əlaqələrin inkişafı üçün yaradılmışdı. Bu, ABŞ-da Azərbaycanla əlaqə yaradan  və amerikalılar tərəfindən təşkil olunan ilk cəmiyyətdir. Mən 2010-cu ildən bu cəmiyyətə rəhbərlik edirəm. Cəmiyyətdə azərbaycanlılarla yanaşı, başqa millətlərin nümayəndələri də fəal iştirak edirlər.
 
– Bəs, Amerika mediası ilə münasibətləriniz necədir?
– Amerika mediası ilə mütəmadi şəkildə çalışırıq.  “Hyustonpress” rəhbərlik etdiyim “Azərbaycan mərkəzi” haqqında bir məqalə çap etmişdi. Bu məqalə böyük maraqla qarşılanmışdı.  Bizim işimizdə mətbuatın da dəstəyi qaçılmazdır.
– Yəqin ki, bizim mədəniyyətimizlə yaşadığınız ölkənin mədəniyyəti arasında böyük fərqlər də var. Bu dəyişikliyə necə uyğunlaşırsınız?
– Əlbəttə, Amerikalılar həm mədəniyyət, həm də mentalitet cəhətdən çox fərqli cəmiyyət  olmaqla yanaşı,  insanların dünyagörüşləri də müxtəlifdir. Bunun da səbəbləri var. Həm dini, həm də mədəni amillər bu fərqi izah edə bilər.  Onlarda ailə münasibətləri bizə nisbətən çox fərqlidir. Misal üçün, onlar uşaqlara daha çox sərbəstlik verirlər. Ancaq övladlarına qarşı çox tələbkardırlar.  Uşaqların tam sərbəst, müstəqil fikirli böyüməsi, özünəinamın artması üçün müxtəlif  fikirli böyüməsi üçün dərsdənkənar fəaliyyətlərlə məşğul olmasını təmin edirlər. Övladları 16 yaşına çatdıqdan sonra ailələrin çoxu uşaqlara tam  da olmasa, sərbəstlik verirlər. Cəmiyyətə alışmaq, işləmək və xərclərini ödəmək kimi məsuliyyəti  gənc yaşlarından öyrənirlər. Beləliklə, özlərini cəmiyyətdə təsdiq etmiş olurlar və ailədən asılılıqları tədricən yox olur. Orada yaşayan uşaqlar 18 yaşlarında  tam müstəqil  həyata qədəm qoyurlar. Amerikada ailələrin çoxu mühafizəkar və ənənələrinə bağlı insanlardır. Bu xüsusiyyətləri mənə Azərbaycandakı ailələri xatırladır. Amma bildiyiniz kimi Amerika müxtəlif dini və milli mənsubiyyətə sahib insanlar tərəfindən qurulub. Onlar müxtəlif dinlərə və mədəniyyətlərə böyük hörmətlə yanaşırlar.  Azərbaycan musiqisini və mətbəxini çox sevirlər. Bizim keçirdiyimiz konsertlərə  amerikalılar böyük maraqla gəlirlər. Türkiyəli opera müğənnisi Oya Ergünün dünya şöhrətli orqançı Cəmilə Cavadova-Spitsberqlə birlikdə Hyuston şəhərində konsert verməsini misal gətirə bilərəm. Konsert çox maraqla qarşılandı.
 
– Oya Ergün Azərbaycanda da sevilən sənətçilərdəndir. 
– Oya və Cəmilə xanımın konserti türk konsulluğu tərəfindən dəstəklənmişdi. Bu konsert həqiqətən də maraqlı keçdi və ziyalı kütləsinin könlünə xitab etdi. Ümumiyyətlə, türk konsulu Fərhat bəy və eyni zamanda Azərbaycan səfirliyi də bizə həmişə dəstək olur.
– İradə xanım, bəs necə oldu ki, siz Amerikada yaşamalı oldunuz?
– Biz 1993-cü ildə azərbaycanlı həyat yoldaşımın işi ilə əlaqədar olaraq vətəni tərk etdik. İspaniyada, Səudiyyə Ərəbistanda yaşadıq. Ondan sonra Amerikada yaşamağa başladıq və artıq 25 ildir ki, burdayıq. Nərminə adında bir qızım var. Azərbaycanda  20 nömrəli məktəbdə direktor müavini və müəllim vəzifəsində işləmişəm. Yoldaşım isə kimya elmləri üzrə professordur. Yoldaşımın işi ilə əlaqədar 3 qitədə yaşamalı olmuşuq.  Hansı ölkədə yaşamağımdan asılı olmayaraq ürəyim hər zaman Azərbaycanla döyünüb. Harada yaşasam da, ölkəmi bir an belə unutmamışam. Ürəyimin bir hissəsi Azərbaycandadır.
– Orada gününüz necə keçir? Qızınıza vaxt ayıra bilirsinizmi?
– Bir nəvəm var, vaxtımın çoxunu da onunla keçirmək istəyərdim, amma bu məsuliyyətli missiyanı davam etdirmək üçün daha çox çalışmalıyıq. Əlbəttə, əsas fəaliyyət istiqamətimiz ölkəmizin mədəniyyətini, tarixi həqiqətlərini təbliğ etmək, elm, təhsil, turizm sahəsində müxtəlif layihələr həyata keçirmək, xüsusilə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə ictimaiyyətə həqiqətlərin çatdırılması üçün böyük səylər göstərməkdir. Ölkəmizin tanıdılması prioritet olmaqla yanaşı, diasporumuzun da formalaşması və inkişafı bizim üçün əsasdır. Bu kimi məsələlərin üzərində fasiləsiz olaraq çalışırıq. Son illər həyata keçirdiyimiz layihələr  bizim “Azərbaycan mərkəzi”ni və “Qardaşlıq cəmiyyəti”ni Texasda, Hyustonda  tanıdıb.
– Deyirlər insanın yaşı artıqda, vətən onu daha çox özünə çəkir.  Bəs sizdə necə? 
– Mənə elə gəlir ki, vətəni sevmək, onun üçün darıxmaq  yaşdan asılı deyil. Əvvəllər mənə vətəndən kənarda yaşamaq çox çətin gəlirdi.  İspaniyada xüsusi ilə çətin oldu. Məktəbdə ingilis dilini öyrəndiyim üçün dil problemi yaşadıq. Onun üçün də, ilk olaraq getdiyim ölkənin dilini öyrəndim. Burada adi insanlar belə sənə kömək edirlər.  Bütün dünyada insanlar eynidir. Yaxşılığa, səmimiliyə səmimiliklə cavab verirlər. Avropada yaşayandan sonra fundamental müsəlman ölkəsində yaşadım. Yeni dostlar, yeni qanunlar və yeni həyat.
– Yəqin ki, sizə çətin olar… 
– Elədir. Hərdən özümü hərbiçi  qadın kimi hiss edirdim. Yoldaşım işdə, məni övladımızla birgə yeni həyat və yeni mühit gözləyirdi.  Allaha çox şükür ki, həmişə qarşıma yaxşı insanlar çıxıb. Sədaqətli dostlar və yaxşı insanlar. Azərbaycan səfirliyi həmişə mənə yaxın olub. Hətta Səudiyyə Ərəbistanında  Azərbaycan səfirliyində də çalışmışam.
– Prezident tərəfindən mükafata layiq görülməyiniz haqqında danışardınız. Bu, sizdə hansı hissləri oyatdı?
-Bu mükafat mənim üçün çox dəyərlidir. Fəaliyyətimizi dəstəkləyən  və qiymətləndirən  Azərbaycan prezidenti cənab İlham Əliyevə, Heydər Əliyev Fonduna, SOCAR şirkətinə, Diasporla iş üzrə Dövlət Komitəsinə, Mədəniyyət və Turizm Nazirliyinə, xüsusilə bizə diqqət göstərən və diasporamızın Amerikada ilk gündən inkişafına dəstək olan ABŞ-dakı əvvəlki səfirimiz cənab Hafiz Paşayeva və hal-hazırda ölkəmizin fövqəladə və səlahiyyətli səfiri Elin Süleymanova dərin təşəkkürümü bildirirəm.
 Diaspora.az