Dərc edilib: 00:48, 28 Fevral, 2017 | 26 dəfə baxılıb

Azərbaycandan gələn nümayəndə heyəti Hollandiyada fəaliyyət göstərən diaspora təşkilatları ilə görüşüb

Bildiyiniz kimi, artıq bir həftəyə yaxındır ki, azərbaycanlı nümayəndə heyəti Belçika-Azərbaycan Dostluq Cəmiyyəti və Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzi (ATXƏM) QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyilə Xocalı faciəsinin 25-ci ildönümü ilə əlaqədar olaraq Avropanın siyasi mərkəzi hesab olunan Brüssel şəhərindədir. Bu müddət ərzində coxlu sayda tədbirlər həyata keçirilib. Tədbirlərdə iştirak edən Azərbaycan nümayəndə heyətinin tərkibi Prezident Administrasiyasının sektor mudiri Qafar Əliyev, Mətbuat Şurasının sədri, millət vəkili Əflatun Amaşov, ATXƏM-in sədri İlham İsmayilov, “Xalq cəbhəsi” qəzetinin baş redaktoru Elçin Mirzəbəyli və ATXƏM-in icra katibi İlqar İlkindən ibarətdir.
Fevralin 25-də isə nümayəndə heyəti Niderland Kralliğinin ikinci böyük şəhəri olan Haaqada fəaliyyət göstərən diaspora təşkilatları ilə görüşüb. İlk öncə onlar Azərbaycan-Türk Kültür Dərnəyinin ofisində toplanıblar. Ziyarətin əsas səbəbi dərnəyin başqanı İlhan Aşkına dəstək vermək olub. Bildiyiniz kimi, 2 il öncə Hollandiyanın Almelo şəhərində ermənilər tərəfindən qondarma genosid xatirə-abidəsinin açılışına etiraz olaraq hazırladığı mitinqdə İlhan Aşkının “Qarabağ ermənilərə məzar olacaq!” şüarını səsləndirməsi erməniləri möhkəm qəzəbləndirib və iş məhkəməyə qədər gedib çıxıb. Hal-hazırda İlhan Aşkının məhkəmə prosesi davam edir.
“Ana Vətən” Niderland Azərbaycanlı Qadınlar Birliyinin mətbuat xidmətindən verilən xəbərə görə, Belçika-Azərbaycan Dostluq Cəmiyyətinin sədri Ayhan Dəmirçinin və eləcə də Hollandiyada fəaliyyət göstərən “Ana Vətən” Niderland Azərbaycanlı Qadınlar Birliyinin sədri Mayisə Ağamirzəyevanın, “Odlar Yurdu” təşkilatının sədri Firəngiz Bağırovanın ” Avropalı Azərbaycanlılar” təşkilatının sədri Emil Əliyevin və digər aktivlərin də qatıldığı görüşdə bütün iştirakçılar İlhan Aşkına dəstək olduqlarını, onu bu mübarizədə yalnız qoymayacaqlarını, əllərindən gələn yardımı edəcəklərini bildiriblər.
Sonra nümayəndə heyəti “Ana Vətən” Niderland Azərbaycanlı Qadınlar Birliyinin ofisinə gedib və birliyin nəzdində fəaliyyət göstərən N.Gəncəvi adına həftəsonu “Azərbaycan məktəbi”nin işi ilə tanış olublar. Məktəbin şagirdlərinin Azərbaycan haqqında bilikləri, ifa etdikləri Azərbaycan Respublikasının himni, Xocalı və Azərbaycan haqqında söylədikləri şeirlər nümayəndə heyətində xoş təəssüratlar yaradıb. Birliyin sədri M.Ağamirzəyeva təşkilatın yaranma tarixi, birliyin aktivləri, bu illər ərzindəki fəaliyyətləri, eləcə də Xocalı faciəsinin 25 illliyi ilə əlaqədar hazırladıqları tədbir haqqında geniş məlumat verib.
Hollandiyada fəaliyyət göstərən təşkilatların işləri ilə tanış olan millət vəkili Ə. Amaşov görüşdə bildirib ki, qərib ölkələrdə fəaliyyət göstərən hər bir təşkilat və ya fərdi şəxsin gördüyü işləri Azərbaycan dövləti və xalqı böyük qiymətləndirir.
PA-nın sektor mudiri Q.Əliyev də diaspora fəaliyyətinin vacibliyini vurğulayaraq bildirb ki, Azərbaycan Diasporası yaşının gənc olmasına baxmayaraq, artıq böyük təcrübə qazanıb və dünyanın bütün ölkələrindən səsini duyurur. O, eləcə də qeyd edib ki, haqq səsimizin dünya ictimaiyyətinə çatdırılması üçün xaricdə yaşayan azərbaycanlıların üzərinə böyük məsuliyyət düşür. Bu mübarizədə təkcə siyasi vasitələrdən istifadə etmək kifayət deyil, mədəniyyətimizin, mətbəximizin, adət-ənənələrimizin də təbliginə geniş yer verilməlidir.
ATXƏM-in sədri İ.İsmayilov isə diasporaçılıq fəaliyyətində ən çox yeni nəslin milli ruhda yetişdirilməsinin önəmini vurğulayaraq “Ana Vətən”in Azərbaycan məktəbini yaratmasını təqdirəlayiq layihə hesab etdiyini bildirib. Onun fikrincə, yad bir dildə təhsil alan, danışan azərbaycanlı uşağının mənəvi və milli ruhunun formalaşmasında bu formaların təsir gücü inanılmazdır.

Diaspora.az