Dərc edilib: 19:33, 13 İyul, 2017 | 14 dəfə baxılıb

Azərbaycanda abortun və süni mayalanmanın reklamı qadağan olunub

Azərbaycan prezidenti İlham Əliyev Milli Məclisin “Əhalinin sağlamlığının qorunması haqqında” qanuna etdiyi son əlavələri təsdiq edib.

Diaspora.az-ın apa-ya istinadən verdiyi məlumatına görə, qanunun 11-ci maddəsinə aşağıdakı bəndlər əlavə edilir:

– Hamiləliyin süni yolla pozulması və süni mayalanma üzrə tibbi xidmətin reklamı qadağandır.

– Azərbaycan Respublikasında yalnız həkim resepti olmadan buraxılan dərman vasitələri, istifadəsinə (tətbiqinə) müvafiq icra hakimiyyəti orqanı tərəfindən icazə verilmiş tibbi təyinatlı texnika, müalicə, profilaktika, diaqnostika və reabilitasiya metodları reklam oluna bilər. Dərman vasitələrinin, tibbi təyinatlı texnikanın və məmulatların, tibbi xidmətlərin reklamına tələblər “Reklam haqqında” və “Dərman vasitələri haqqında” Azərbaycan Respublikasının qanunları ilə müəyyən olunur”.

Bundan başqa qanunun 37-ci maddəsinin dördüncü hissəsi ləğv edilir: “Həkim resepti əsasında buraxılan dərman vasitələrinin, habelə müəyyən edilmiş qaydada yoxlamadan keçməmiş profilaktika, diaqnostika və müalicə üsullarının kütləvi informasiya vasitələri ilə təbliği qadağandır”.

50-ci maddənin beşinci hissəsində isə “Müvafiq icra hakimiyyəti orqanının rəyi olmadan kütləvi” sözləri “Kütləvi” sözü ilə, “reklam yayımına” sözləri “reklamına” sözü ilə əvəz edilir.

Diaspora.az