Dərc edilib: 21:36, 7 Mart, 2017 | 22 dəfə baxılıb

Azərbaycan həqiqətləri Almaniyada təbliğ olunub

Alman-Azərbaycan Dostluq Cəmiyyətinin təşkilatçılığı ilə Almaniyanın Bonn şəhərində təbliğati tədbir keçirilib. Bu haqda Alman-Azərbaycan Dostluq Cəmiyyətinin sədri Naibə Hacıyeva məlumat verib.
Tədbirdə 100-dən çox insan iştirak edib ki, onların da 60 nəfərə yaxını alman olub. Alman dilində keçirilən tədbirə istedadlı gənclər, alim və Türk Kültür Cəmiyyətinin üzvləri də qatılıblar. Tədbirin məqsədi Azərbaycanı, dövlətimizi, mədəniyyətimizi, Qarabağ həqiqətlərini Almaniyada, Avropada daha da yaxından tanıtmaq, Xocalıya və Qarabağa ədalət tələb etmək olub.
Öncə Alman-Azərbaycan Dostluq Cəmiyyətinin üzvü, Philipps Universitetinin Hüquq fakültəsinin tələbəsi Gülnar Hacıyeva Azərbaycan Prezidentinin, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın və Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın gördüyü işlər haqqında almanları məlumatlandırıb. Almaniyada doğulub boya-başa çatan Gülnar Hacıyeva bütün dünya azərbaycanlılarını dövlət başçımıza dəstək olmağa çağırıb. Gülnar Hacıyeva Birinci vitse-prezident Mehriban Əliyevaya yeni vəzifəsində uğurlar arzu edib.
Alim və millət vəkili Rahim Sçmidt Azərbaycanın yürütdüyü daxili və xarici siyasətindən, Julius Maximilian adına Würzburg Universitetinin Avropa hüququ ixtisası üzrə magistratura tələbəsi Yavər Məmmədova almanlara milli adət-ənənələrimizdən danışıblar. Almaniyadakı gənc həkim Emil Qəhrəmanov gənclərimizin beynəlxalq səviyyədə inkişafından və Azərbaycanın idman uğurlarından söz açıb.
Tədbirin alman iştirakçılarından Günter Wasçke il yarım Azərbaycanda yaşamasından danışıb. O, Azərbaycan haqqında geniş və çox maraqlı məlumatlar verib. Tədbirdəki çıxışlar almanlar və həmvətənlərimiz tərəfindən yüksək səviyyədə alqışlanıb. Almanlar tədbirdə iştirak etmələrindən məmnun olduqlarını bildiriblər. Hətta növbəti belə bir tədbirin keçirilməsini səbirsizliklə gözlədiklərini deyiblər.

Diaspora.az