Dərc edilib: 00:52, 9 May, 2017 | 3 dəfə baxılıb

Azərbaycan Dövlət Pedaqoji Universitetində “Diaspor dərsi“ keçirilib

Diaspora.az palitranews.az-a istinadən xəbər verir ki,Azərbaycan Dövlət Pedaqoji Universitetində Diaspor Jurnalistləri Birliyinin könüllü olaraq icra etdiyi “Ali məktəblərdə diaspor dərsləri” layihəsi çərçivəsində tədbir keçirilib.
Öncə Şuşanın işğalının ildönümü ilə bağlı Azərbaycanın ərazi bütövlüyü uğurunda şəhid olanların ruhu bir dəqiqəlik sükutla yad edilib.
Azərbaycan Dövlət Pedaqoji Universitetinin Tarix və coğrafiya fakültəsinin dekanı Şahin Pənahov çıxış edərək iştirakçıları və qonaqları salamlayıb, layihənin Azərbaycan Dövlət Pedaqoji Universitetində keçirilməsindən məmnunluğunu ifadə edib.
Diaspor Jurnalistləri Birliyinin sədri Fuad Hüseynzadə layihənin məqsədindən danışaraq əsas hədəflərin tələbə-gənclərin Azərbaycan diasporu haqda düşüncəsini inkişaf etdirmək, gənclərin informasiya müharibəsinin aparılmasında rolunu gücləndirmək olduğunu qeyd edib.
Daha sonra Misirdəki Azərbaycan Diasporu təşkilatının sədri Ramil Niftalıyev, Türkiyə Azərbaycan evinin icraçı direktoru, diaspor məsələləri üzrə ekspert Toğrul Allahverdili, Prezident yanında Dövlət İdarəçilik Akademiyasının müəllimi Zaur Məmmədov, Qırğızıstan Xarici İşlər Nazirliyinin Diplomatik Akademiyasının magistrı, gənc politoloq Elvin Babayev
və Diaspor Jurnalistləri Birliyinin baş katibi Siyavuş Əmirlinin çıxışları maraqla dinlənilib.

Çıxış edənlər məlumat və maarifləndirmə xarakterli “Diaspor dərsi”ində ulu öndər Heydər Əliyevin azərbaycançılıq ideologiyasının xaricdəki azərbaycanlıların vahid ideya ətrafında birləşməsində rolu, Azərbaycan dövlətinin diasporun inkişafı istiqamətində gördüyü işlər, xaricdəki tələbə-gənclərimizin diaspor fəaliyyətinin perspektivləri, Azərbaycan gənclərinin informasiya müharibəsinin aparılmasında rolu mövzularından ətraflı bəhs ediblər.
Tədbirdə ADPU-nun məzunu və hazırda Almaniyanın Volkshochschule Braunschweig Ali Məktəbinin dosenti və Stadt Braunschweig Migrasiya idarəsində Layihə rəhbəri kimi çalışan Şəfəq Azərin də videomüraciəti nümayiş olunub.
Xatırladaq ki, DJB tərəfindən könülü olaraq Bakı Dövlət Universiteti, Azərbaycan Dillər Universiteti, Bakı Slavyan Universiteti və Azərbaycan Texniki Universitetində də “Diaspor dərsi” keçirilib.

Diaspora.az