Dərc edilib: 20:07, 27 Aprel, 2017 | 18 dəfə baxılıb

Azərbaycan diasporu Strasburqda Türkiyəyə dəstək aksiyası keçirib

Fransada və Avropanın digər ölkələrində fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatlarının nümayəndələri aprelin 27-də Strasburq şəhərində, Avropa Şurası Parlament Assambleyasının (AŞPA) qarşısında etiraz aksiyası keçiriblər.

Paris Azərbaycan Evinin təşəbbüsü, Fransadakı Azərbaycanlı Tələbələr Assosiasiyası və Alman-Azərbaycan Mədəniyyət Evinin təşkilatçılığı ilə baş tutan mitinqdə 200-dən artıq soydaşımız, o cümlədən türk icmasının təmsilçiləri iştirak ediblər.

Aksiyada iştirak edənlər AŞPA-nın Türkiyə ilə bağlı monitorinqi bərpa etmək qərarına və qurumun Azərbaycana münasibətdə tutduğu qərəzli mövqeyə etirazlarını bildiriblər.

Fransadakı Azərbaycanlı Tələbələr Assosiasiyasının sədri Fərid Əliyev, Alman-Azərbaycan Mədəniyyət Evinin rəhbəri Təranə Tağıyeva, diaspor fəalı Seyidağa Məmmədov və başqaları çıxış edərək qurumun Türkiyə ilə bağlı qərarının ədalətsiz və qərəzli olduğunu vurğulayıblar. Qeyd olunub ki, AŞPA-nın bu qərarı təşkilatda islamofob meyillərin qalib gəldiyini, müsəlman ölkələrinə qarşı ikili standartlar siyasətinin yeni dalğasının başlandığını göstərir. Azərbaycan diasporunun nümayəndələri hesab edirlər ki, AŞPA-nın monitorinqləri müxtəlif dairələrin mənafeyinə xidmət edir, müstəqil dövlətlərə təzyiq göstərmək və onların milli maraqlarına zərbə vurmaq məqsədi güdür. Aksiya iştirakçıları deyiblər: “Azərbaycanla əlaqədar qondarma “siyasi məhbus” oyunu, Kristofer Ştrasserin monitorinqi, bununla bağlı AŞPA-da aparılan müzakirələr və digər bu kimi məsələlər bu qurumun siyasi təzyiq vasitəsinə çevrildiyini açıq şəkildə nümayiş etdirir”.

“2001-ci ildə Avropa Şurasının sıralarına daxil olan Azərbaycan 16 illik üzvlük dövründə nə əldə edib? Beynəlxalq hüquq normalarının təmin edilməsi, Ermənistanın işğalçılıq siyasətinin qarşısının alınması istiqamətində də heç bir təsirli addım atmayan Avropa Şurasından nə gözləmək olar?”, – deyən aksiya iştirakçıları etirazlarını bildiriblər.

Aksiyada çıxış edənlər AŞPA-nın beynəlxalq hüquq normalarının təmin edilməsi, Ermənistanın işğalçı siyasətinin aradan qaldırılması istiqamətində də heç bir təsirli addım atmadığını, əksinə ermənipərəst siyasət yürütdüyünü diqqətə çatdırıblar. Azərbaycan diaspor rəhbərləri Avropanı Ermənistanın işğalçılıq siyasətinə bəraət qazandırmaqda günahlandırıblar. Avropa Şurasına üzv olan, Qərbə inteqrasiya siyasəti yürüdən Azərbaycanın isə yalnız davamlı təzyiqlər, daxili işlərinə kobud müdaxilə, ikili standartlar, qarayaxma və ləkələmə kampaniyası ilə üzləşdiyi bildirilib. Qeyd olunub ki, Azərbaycan inteqrasiya meyillərini yenidən nəzərdən keçirməli, öz milli maraqlarına uyğun strateji hədəflərinə doğru irəliləməlidir. Azərbaycan region ölkələri, İslam dünyası, Şərq ilə əlaqələrini daha da genişləndirməli, onların böyük potensialından yararlanmalı, öz milli dövlətçiliyini daha da gücləndirməlidir.

Aksiya iştirakçıları bəyan ediblər ki, Azərbaycan cəmiyyəti Avropa təsisatlarının özünə və qardaş Türkiyəyə qarşı ədalətsiz mövqeyini, Qərbin islamofob dairələrinin müsəlman ölkələrini hədəfə almaq cəhdlərini heç vaxt qəbul etməyəcək.

Əllərində Azərbaycan və Türkiyə bayraqlarını tutan aksiya iştirakçıları “AŞPA-nın Türkiyə ilə bağlı qərarı ədalətsizdir və qərəzlidir!”, “Türkiyə və Azərbaycandan əlinizi çəkin!”, “Avropa Şurasında ikili standartlara və islamofobiyaya son qoyulsun!”, “AŞPA-nın monitorinqləri müstəqil ölkələrə təzyiq və təhdid vasitəsidir!”, “Ermənistanın işğalçı siyasətinə göz yuman AŞPA Türkiyə və Azərbaycanı hədəf götürüb” kimi şüarlar səsləndiriblər.

Təxminən bir saat davam edən aksiya insidentsiz başa çatıb.

Diaspora.az