Dərc edilib: 12:33, 27 İyul, 2017 | 34 dəfə baxılıb

Azərbaycan diasporu fəaliyyətində yeni keyfiyyət mərhələsinə qədəm qoyur

Azərbaycanın tarixi və mədəniyyəti kimi diasporu da kifayət qədər qədim və zəngindir. Dünyada təqribi sayı 50 milyon nəfər olan azərbaycanlıların böyük hissəsi çoxu hazırda vətənlərindən kənarda yaşayır. Planetin 5 qitəsində məskunlaşan soydaşlarımızın sosial-mədəni və iqtisadi-siyasi fəaliyyətləri yaşadıqları ölkələr, oradakı şərait, mənəvi dəyərlər kimi müxtəlif meyarlarla sıx əlaqədardır.
Tarixə nəzər salsaq görərik ki, müxtəlif dövrlərdə müstəqil dövlətimizin olmaması milli diasporumuzun təkamülünə, tarixi vətənlə əlaqəsinə imkan verməmişdir. Azərbaycan diasporunun tərəqqisi və fəaliyyətinin geniş xarakter alması ötən əsrin sonlarında yaranan geosiyasi proseslər nəticəsində başladı. Belə ki, Azərbaycan Respublikası Ali Sovetinin 1991-ci il oktyabrın 18-də keçirilmiş tarixi sessiyasında “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya aktını qəbul etməsi, təkcə ölkə ərazisində yaşayan azərbaycanlıların həyatında deyil, bəşər tarixinin müxtəlif dövrlərində dünya ölkələrinə səpələnən, özünə ikinci vətən seçən soydaşlarımızın və həmvətənlərmizin həyatında da yeni bir mərhələnin başlanmasına vəsilə oldu.
Azərbaycan müstəqillik yollarında inamla irəlilədikcə diasporumuzun mütəşəkkilliyinə rəvac verdi. Xaricdə yaşayan azərbaycanlılarla iş istər daxili, istərsə də xarici siyasətin prioritet istiqamətlərindən birinə çevrildi. Onların hüquq və əsas azadlıqlarının təmin edilməsi diqqət mərkəzində saxlanıldı. 2001-ci ilin noyabr ayının 9-10-da Bakı şəhərində Dünya Azərbaycanlılarının I qurultayının keçirilməsi diaspor quruculuğu işində böyük addım olmaqla, xaricdə yaşayan azərbaycanlıların mütəşəkkil qaydada təşkilatlanmasına rəvac verdi. Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin 2002-ci il 5 iyul tarixində “Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin yaradılması haqqında” fərmanı və 2002-ci il 27 dekabr tarixində “Xaricdə yaşayan azərbaycanlılarla bağlı dövlət siyasəti haqqında” qanunu imzalaması isə Azərbaycan diasporunun fəaliyyətinin koordinasiya edilməsi, dünya azərbaycanlılarının siyasi və ideoloji birliyinin təmin olunması, onların təşkilatlanması baxımından ciddi rol oynadı. Bu siyasətin davamı olaraq, Azərbaycan ziyalılarından, tanınmış şəxslərdən, dövlət və hökumət nümayəndələrindən ibarət Dünya Azərbaycanlılarının Əlaqələndirmə Şurasının yaradılması bu sahəyə yeni nəfəs verməklə yanaşı, xüsusi əhəmiyyət kəsb etdiyini bir daha təsdiqlədi, həmçinin elmi potensialın formalaşmasına və inkişafına rəvac verdi.
2006-cı və 2011-ci illərdə Bakı şəhərində Dünya Azərbaycanlılarının II və III qurultaylarının keçirilməsi, müasir dövrün tələbləri nəzərə alınaraq, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2008-ci il noyabrın 19-da imzaladığı sərəncamla Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin əsasında Diasporla İş üzrə Dövlət Komitəsinin yaradılması da məhz zərurətdən irəli gəlmiş və bu sahənin inkişafına öz töhfəsini vermişdir. 2003-cü ilin aprel ayında Almaniyanın Maynts şəhərində Dünya azərbaycanlıları diaspor təşkilatları rəhbərlərinin I Forumunun, 2006-ci il iyunun 5-də Türkiyənin Antalya şəhərində Dünya azərbaycanlıları ziyalılarının I Forumunun, 2010-cu ildə Almaniyanın Frankfurt şəhərində Dünya Azərbaycanlı Gənclərin I Konqresinin və 2011-ci ildə İsveçin paytaxtı Stokholm şəhərində Azərbaycan Federasiyası – İsveçin (AFİ) dəstəyi ilə Azərbaycan, Türkiyə, Finlandiya, Almaniya və İsveçin müxtəlif şəhərlərindən olan ictimai fəal qadınların iştirakı ilə Dünya Azərbaycanlı Qadınlarının I qurultayının keçirilməsi də bu qəbildəndir. Diasporla İş üzrə Dövlət Komitəsinin yaradılmasından sonra soydaşlarımızın təşkilatlanması daha geniş vüsət alıb. Sadalananları təsdiqləmək üçün təkcə Azərbaycan diasporunun kəmiyyət və keyfiyyət göstəricilərini müqayisə etmək üçün Prezident İlham Əliyevin Dünya Azərbaycanlılarının III və IV qurultayının açılış mərasimindəki nitqindəki məqamı qeyd etmək kifayət edər: əgər 2002-ci ilə kimi xaricdəki təşkilatlarımızın sayı 218 idisə, artıq bu qurumların sayı 420-ni keçib.
Diaspor amili müasir dünyada mühüm əhəmiyyət kəsb etməklə, beynəlxalq aləmdə xalq diplomatiyasının subyekti statusunu qazanmışdır. Hətta mütəxəssislər diasporu müasir dünyanın ayrılmaz atributu hesab edirlər, çünki diaspor dünyada gedən qlobal proseslər, geosiyasi hadisələr fonunda baş verən dəyişikliklər nəticəsində “siyasi alətə” çevrilərsə, milli müxtəlifliyin qorunmasına, saxlanılmasına zərbə vura bilər. Bu da bizi bir daha düşündürməyə vadar edir və milli maraqlarımızın qorunmasında həssas məsələ hesab olunan diaspor potensialından düzgün istifadə etməyin və istiqamətləndirməyin vacibliyini ön plana çəkir. Diaspor fəaliyyətində başlıca məqsəd mənsub olduğu etnik azlığın mədəniyyətini, dilini qoruyub saxlamaqdan ibarət olmalıdır. Beynəlxalq səviyyədə isə müxtəlif xalqların diasporları ilə “milli və bəşəri dəyərlərin qorunması naminə birgə fəaliyyət proqramları”nın hazırlanması və tədbirlərin həyata keçirilməsi məqsədəuyğundur. Əksər tədqiqatçıların gəldiyi qənaətə görə qloballaşan dünyada dövlətlərin xarici siyasət və diplomatiya sahəsində qazandığı nailiyyətlər bir sıra meyarlarla yanaşı, həm də onun xaricdə formalaşdırdığı diasporun potensial imkanları ilə ölçülür.
Məhz müstəqillik illərində milli diasporumuzun və diplomatiyamızın birgə səyinin nəticəsidir ki, Azərbaycanın haqq işi olan Dağlıq Qarabağ münaqişəsinin dünya ictimaiyyətinə doğru-düzgün çatdırılması istiqamətində bir çox işlər görülmüşdür. Məsələn, İslam Əməkdaşlığı Təşkilatında Xocalı soyqırımı ilə bağlı qətnamənin qəbuluna, Pakistan, Sudan və Meksika senatında, Kolumbiya, Çexiya, Bosniya və Herseqovina parlamentində, ABŞ-ın bir sıra ştatlarında Xocalıda baş vermiş soyqırımının rəsmən tanınmasına nail olunmuşdur.
Son illər diasporumuzun fəaliyyəti sosial-mədəni sferadan çıxaraq ictimai-siyasi fəaliyyət müstəvisinə keçmiş, bu da lobbiçiliyin təkamülü və inkişafına əsas yaratmışdır. Bununla əlaqədar bir neçə faktı sadalamaq kifayət edər. Ölkəmizin dünyada geniş auditoriyaya malik nüfuzlu “Eurovision” mahnı müsabiqəsində qələbəsi, respublikamızın 155 dövlətin səsini qazanaraq BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilməsi, Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumuna, Davos İqtisadi Forumuna, I Cənubi Qafqaz Forumuna evsahibliyi etməsi, habelə 2015-ci ildə I Avropa Oyunlarının Bakıda keçirilməsi barədə qərarın qəbul edilməsi həm dövlətimizin, həm də müvəqqəti və daimi milli diasporumuzun və lobbimizin uğuru hesab etmək olar.
Hazırda bu sahədə yeni mərhələyə başlanılmışdır. Belə ki, xaricdə Azərbaycanın mədəniyyət və ticarət evlərinin yaradılması, milli tariximizi əks etdirən eksponatlardan ibarət sərgilərin keçirilməsi, milli brend məhsullarının yarmarkalarının təşkili, butiklərin açılması kimi tədbirlərin reallaşdırılması ənənəsinin davam etdirilməsi vacib xarakter daşıyır. Bu sahənin inkişafı və zamanın çağırışlarına cavab verməsi üçün elmi potensialdan, kütləvi informasiya vasitələrindən və müasir texnologiyanın imkanlarından yetərincə yararlanmağımız vacib hesab edilə bilər. Nəzərə almalıyıq ki, diaspor könüllü fəaliyyət olub, ictimai xarakter daşıyır. Diasporu milli maraqların, adət-ənənələrin qorunmasında vasitə kimi görürüksə, onun hər hansı bir mərkəzi adda birləşməsi o qədər də əhəmiyyət kəsb etmir. Buna görə də milli diaspor şüuruna malik şəxsin hər hansı bir mərkəzləşdirilmiş təşkilatda birləşməsi vacib deyil. Əgər o kəsdə “diaspor şüuru” formalaşıbsa, o, yaşadığı cəmiyyətə inteqrasiya olunubsa öz milli xüsusiyyətlərini, dilini qoruyub saxlayacaq və gündəlik həyatında vətənini təmsil edəcəkdir.
Bu gün ölkə vətəndaşlarımızla yanaşı, onun hüdudlarından kənarda yaşayan soydaşlarımız tarixi Vətənimiz – Azərbaycanın keçmişi, indisi, gələcəyi ilə bağlı milli birlik və həmrəylik nümayiş etdirirlər. Dövlətimizin səyi ilə əldə olunmuş bu böyük uğur Azərbaycanın ulu əcdadlarımızdan, ata-babalarımızdan qalan dərin və dəyərli irsimizi göz bəbəyi kimi qorumaq, yaşatmaq və gələcək nəsillərə ötürmək üçün ruh yüksəkliyi verir. Nəticədə Azərbaycan geniş arealda, sərhədləri aşaraq dünyanın beş qitəsində nüfuzunu gündən-günə yüksəltməyə və xaricdə yaşayan azərbaycanlıların hərtərəfli qayğısına qala biləcək potensiala qadirdir.
Hazırda görülən əməli işlərin sayəsində Azərbaycan diasporu çiçəklənmə dövrünü yaşayır. Buna görədir ki, diaspor nümayəndələrimiz məskunlaşdıqları və yurd saldıqları donor ölkələrdə rahatca genişmiqyaslı tədbirlərin təşkil olunmasına, Azərbaycan mədəniyyət günlərinin keçirilməsinə, elmi-praktik konfranslar, simpoziumlar, forumlar, müxtəlif təyinatlı sərgilərin təşkil edilməsinə, milli kinomuzun nümayişinə, tanınmış şəxsiyyətlərimizin, ədəbiyyat və incəsənət adamlarımızın həyat və yaradıcılıqlarından bəhs edən tədbirlərin reallaşdırılmasına nail olmuşlar. Bu ənənəvi tədbirlər düşünülmüş plana uyğun olaraq intensiv şəkildə dünyanın müxtəlif ölkələrində davam etdirilir.
Yəhya BABANLI,
tarix üzrə fəlsəfə doktoru

Diaspora.az