Dərc edilib: 19:20, 22 İyul, 2015 | 16 dəfə baxılıb

Avropa İttifaqı Şurasının prezidenti : «Azərbaycanın Şengen zonasına girməsini istəyirik»

«Azərbaycanın Şengen zonasına daxil olmasını istəyirik».

APA-nın verdiyi xəbərə görə, bunu Avropa İttifaqı Şurasının prezidenti Donald Tusk Bakıda Azərbaycan prezidenti İlham Əliyevlə görüşdən sonra keçirilən birgə mətbuat konfransında deyib.

Donald Tusk Azərbaycan prezidenti ilə viza rejiminin sadələşdirilməsi məsələsini müzakirə etdiyini və bu ilin sonunadək danışıqların yekunlaşacağını bildirib.

«Azərbaycanın Şengen zonasına daxil olmasını istəyirik. Xalqlar bu və ya digər ölkələrdən sərbəst səfərlər etsinlər. Biz belə bir razılığa gəldik ki, viza rejimi sadələşdirilsə, sürəkli giriş-çıxış üçün Şengen vizalarının verilməsi asanlaşacaq», – deyə o, vurğulayıb.

Donald Tusk İlham Əliyevlə insan hüquqları müdafiəçiləri ilə bağlı məsələni də müzakirə etdiyini deyib:

«Biz insan hüquqları və fundamental azadlıqlara xüsusi əhəmiyyət veririk. Avropa İttifaqı hesab edir ki, vətəndaş cəmiyyəti sabitlik və çiçəklənmənin əsasıdır. Biz burada insan hüquqları müdafiəçiləri ilə bağlı məsələni müzakirə etdik. Bir sıra hallarla bağlı fikir mübadiləsi apardıq. Hesab edirəm ki, bu bizim qarşılıqlı surətdə faydalı əməkdaşlığımıza xidmət edən məsələ ola bilər».