Dərc edilib: 08:06, 22 May, 2017 | 10 dəfə baxılıb

“ASAN viza” sisteminə qoşulan dövlətlərin sayı 93-ə çatıb

2017-ci ilin yanvarından fəaliyyətə başlayan “ASAN viza” sistemi vasitəsilə Azərbaycana səfər edəcək ölkələrin siyahısı genişlənməkdədir.

Diaspora.az Azərtac-a xəbər verir ki, siyahıya daha 12 dövlət (Baham adaları, Barbados, Boliviya, Ekvador, Honduras, Maldiv, Mavriki, Paraqvay, Peru, Seyşel adaları, Yamayka, Kolumbiya) əlavə edilib. Fəaliyyətinin başlanğıcında “ASAN viza” portalı vasitəsilə e-viza verilən ölkələrin sayı 81 idisə, hazırda 93-dür.

Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər elektron vizanı “ASAN viza” sistemi vasitəsilə üç addımla (müraciət et, ödəniş et və e-vizanı yüklə) və üç iş günü ərzində əldə edə bilər. Elektron viza ölkədə qalma müddəti 30 günədək müəyyən edilən birgirişli sənəddir. Elektron vizalar yalnız siyahısı Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi tərəfindən təsdiqlənən ölkənin vətəndaşlarına və həmin ölkələrdə daimi yaşayan vətəndaşlığı olmayan şəxslər ilə rəsmiləşdirilir.

“ASAN viza” sistemi xarici vətəndaşlara qrup şəklində viza müraciətini təklif edir. Qrup müraciətləri minimum 2, maksimum isə 10 nəfər üçün nəzərdə tutulub.

Diaspora.az