Dərc edilib: 23:23, 27 İyun, 2017 | 171 dəfə baxılıb

Andjey Duda: “İstərdik ki, Azərbaycanla Polşa arasında birbaşa dəmir yolu xətti yaradılsın”

“Prezident İlham Əliyevi Polşada məmnuniyyətlə salamlayıram. Bu, sırf onunla bağlı deyil ki, o, dövlət başçısıdır. O, həmçinin elə bir insandır ki, Polşa ilə iqtisadi əməkdaşlığın genişləndirilməsinə xüsusi diqqət yetirir”.

APA-nın xəbərinə görə, bunu Azərbaycan prezidenti İlham Əliyevlə Varşavada görüşdən sonra Polşa prezidenti Andjey Duda mətbuata bəyanatında deyib. O, Azərbaycan prezidnetinin Polşaya sonuncu rəsmi səfərinin 9 il əvvəl olduğunu xatırladıb: “Həmin vaxt prezident İlham Əliyev ölkə başçısı, professor Lex Kaçinski ilə görüşlər keçirdi.

Sizin səfəriniz çərçivəsində bu gün biz ölkələrimiz arasında bir çox sənədləri imzaladıq. Hesab edirəm ki, bu sənədlərin məqsədi əməkdaşlığın, xüsusən də iqtisadi, elmi, siyasi əməkdaşlığın genişləndirilməsi deməkdir. Çünki imzaladığımız sənədlər ölkələrimiz arasında siyasi əməkdaşlığımızı, strateji tərəfdaşlığımızı inkişaf etdirəcək və bu da çox vacibdir. Çox şadam ki, ölkələrimizin iqtisadi potensialı, sözün əsl mənasında, çox böyükdür və ticari mübadilələrimiz həyata keçirilir. İl ərzində onun həcmi 100 milyon dollar civarındadır.

İqtisadi imkanlara gəldikdə, onların geniş olmasına baxmayaraq, əməkdaşlığımız hələ ki, istənilən səviyyədə deyil. Bu gün sənədlər imzalandı. Cənab prezident, çox böyük səmimiyyətlə onu gözləyirəm ki, bu gün biz Sizinlə birgə biznes forumu açıq elan edəcəyik və ölkələrimizin işgüzar dairələri həmin tədbir çərçivəsində görüşəcəklər. Bu, əslində ölkə prezidentlərinin məhz iqtisadi əməkdaşlığa, məhz şirkətlər arasındakı əməkdaşlığa böyük dəstəyinin göstəricisidir”.

Andjey Duda onu Azərbaycana dəvət etdiyi üçün prezident İlham Əliyevə təşəkkür edib.

“Sizə təşəkkürümüzü bildiririk ki, Polşanın BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilməsinə dəstək verdiniz. Bizim seçilməyimiz bütövlükdə BMT-nin 190 üzvü arasında böyük dəstəyə malik olduğumuzu göstərdi. Çox şadıq ki, 2018-2019-cu illərdə Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü olacağıq. Bu, həmçinin bizim beynəlxalq arenada mövqeyimizin gücləndirilməsi deməkdir.
Bu gün mən, həmçinin Vuc şəhərinə Sizin dəstəyinizi xahiş etdim. Çünki biz orada 2022-ci ildə sərgi təşkil etmək fikrindəyik. Ümidvaram ki, Azərbaycan prezidentinin verdiyi dəstək sayəsində Polşanın belə bir gözəl şəhərinin namizədliyi keçəcək və bir neçə ildən sonra biz qonaqları orada salamlayacağıq” – deyə o,əlavə edib.

Polşa prezisenti bildirib ki, görüşdə bir çox məsələyə toxunulub: “Bir çox strateji məsələdə fikirlərimiz üst-üstə düşür. Fikir mübadiləmiz baş tutdu, Ukrayna haqqında danışdıq, Donald Trampın Avropaya və xüsusən də Polşaya səfəri nəzərdən keçirildi.

Cənab prezident, həmçinin Sizə təşəkkürümü bildirirəm ki, Siz Avropa ilə Asiya arasında iqtisadi baxımdan əlaqələrin gücləndirilməsi barədə fikirlərinizi bildirdiniz. Qeyd etdiniz ki, nəqliyyat sahəsində bizim əlaqələrimiz genişlənməlidir. Çox istərdik ki, Azərbaycanla Polşa arasında birbaşa dəmir yolu xətti Gürcüstan və Ukrayna ərazilərindən keçərək yaradılsın. Bu, olduqca əhəmiyyətlidir. Çünki bunun sayəsində bizim nəqliyyat dəhlizimiz, əslində, Çinin irəli sürdüyü “Bir kəmər, bir yol” layihəsi tam həyata keçirilir. Biz də bu layihənin bir hissəsiyik və bizim, həmçinin Hindistana və İrana çıxışımız təmin olunur. Hesab edirik ki, biz bu perspektiv sayəsində, həmçinin ticari münasibətlərimizi və təmaslarımızı genişləndirəcəyik. Bizim qarşımızda həm Polşa, həm Azərbaycan üçün böyük imkanlar açılacaq. Bu səbəbdən iqtisadi münasibətlərimiz ikitərəfli münasibətlərimizin vacib bir hissəsidir. Mən çox şadam ki, bizim Asiya regionu ilə iqtisadi əməkdaşlığımızın genişləndirilməsi ilə bağlı mövqeyimiz üst-üstə düşür. İstərdik ki, bu layihələri həyata keçirək.
Enerji əməkdaşlığımıza da toxunduq. Ümidvaram ki, biz energetika sahəsində də çox sıx əməkdaşlıq quracağıq. Bu ideyalar hələ professor Lex Kaçinski Polşanın prezidenti olduğu vaxtda irəli sürülüb”.