Dərc edilib: 00:27, 28 Fevral, 2017 | 28 dəfə baxılıb

Amsterdamda Xocalı soyqırımının 25-ci ildönümü ilə bağlı mitinq keçirilib

Amsterdamda Kral Sarayının qarşısındakı Dam meydanında Avropa Azərbaycanlıları Konqresinin təşkilatçılığı ilə Xocalı soyqırımının 25 ildönümü ilə bağlı etiraz mitinqi keçirilib. Mitinqdə Avropanın bir çox ölkələrində fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatlarının rəhbərləri və üzvləri, tələbələr, türk icmasının təmsilçiləri iştirak edib.

Diasporla İş üzrə Dövlət Komitəsindən Diaspora.az saytına verilən məlumata görə, mitinqdə “Xocalıya ədalət!”, “Qarabağ Azərbaycanındır”, “Ermənistan Azərbaycan torpaqlarından çıx”, “Ya Qarabağ, ya ölüm”, “Qarabağ bizimdir, bizim olacaq” şüarları səsləndirilib.

Avropanın müxtəlif ölkələrindən gələn Azərbaycan diaspor təşkilatlarının rəhbərləri ingilis, holland, italyan, fransız, rus dillərində çıxış edərək bildiriblər ki, Xocalı soyqırımı bütövlükdə insanlığa qarşı törədilmiş cinayətdir və bu cinayəti törədənlər ədalət mühakiməsi qarşısında cavab verməlidir. Mitinq iştirakçıları Ermənistanın ölkəmizə qarşı təcavüzünə son qoyulmasını, Xocalı soyqırımına beynəlxalq birlik tərəfindən ədalətli siyasi-hüquqi qiymət verilməsini, xalqımızın məruz qaldığı terror və soyqırım aktları törədənlərin cəzalandırılmasını tələb ediblər.

Soydaşlarımız Avropanın bəzi siyasi dairələrinin Dağlıq Qarabağ münaqişəsinə ikili standartlarla yanaşdığını təəssüf hissi ilə qeyd ediblər. Ermənistanın hazırkı rəhbərliyinin azərbaycanlılara qarşı aparılan hərbi əməliyyatların bilavasitə təşkilatçısı olduğu vurğulanan mitinqdə “Bəs hanı beynəlxalq hüquq?”, “Haradadır həqiqət və ədalət?” kimi şüarlar səsləndirilib.

Qeyd edilib ki, BMT-nin 4 qətnaməsinə hələ də riayət olunmayıb. Halbuki, Avropa dövlətləri istədikləri zaman hər hansı qətnamələrin qısa müddətdə həyata keçirilməsinə nail ola bilirlər.

Mitinqdə çıxış edən türk icmasının nümayəndəsi daim Azərbaycanla olduqlarını və həmişə ölkəmizi dəstəkləyəcəklərini bildirib.

Belarus Azərbaycan İcmaları Konqresinin sədri Natiq Bağırov öz çıxışında bütün dünya azərbaycanlılarının Xocalıya ədalət tələb etdiyini və cinayətkarların qanun qarşısında cavab verəcəklərinə inandığınıvurğulayıb.

Almaniya “Xəzər” Cəmiyyətinin sədri Etibar Qəniyev bildirib ki, Xocalı qırğınının “soyqırımı” kimi tanınmasına nail olmaq üçün hər bir soydaşımız öz ücünü və imkanlarının səfərbər etməlidir. O, faciənin 2-ci ildönümüilə əlaqədar bütün Avropa ölkələrində belə aksiyaların keçirildiyini vurğulayıb. Xocalı soyqırımının Avropanın 10 ölkəsində artıq tanındığını və digər ölkələrdə, xüsusilə də Almaniyada siyasi qiymət verilməsinə və tanınmasına çalışdıqlarını diqqətə çatdırıb.

Ukrayna Azərbaycanlılar Birləşmiş Konqresinin sədri Rövşən Tağıyev Son illər Azərbaycan diaspor təşkilatlarının fəallaşmasının Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasına təkan verəcəyini, cinayətkarların öz cəzalarını alacağına əminliyini bildirib. O qeyd edib ki, Xocalı soyqırmının bilavasitə təşkilatçıları hazırda Ermənistan rəhbərliyində və siyasi elitasında təmsil olunur.

Finlandiya Azərbaycanlı Qadınlar Cəmiyyətinin sədri Arzu Oqtay qeyd edib ki, dünyanın hansı ölkəsində olmağımızdan asılı olmayaraq Xocalı soyqırımının anım günündə bir yerdə olmaq hər bir azərbaycanlının borcudur. “Biz birlikdə səsimizi qaldıraraq “Xocalıya ədalət” kampaniyasına qoşulur və torpaqlarımızın azad olunmasını tələb edirik.

Avropa Azərbaycanlıları Konqresinin prezidenti Samirə Patzer bildirib ki, bu il Xocalı soyqırımının 25-ci ildönümü Avropanın bütün ölkələrində silsilə tədbir və aksiyalarla qeyd olunub.

Dünya Azərbaycanlılarını Əlaqələndirmə Şurasının üzvü İosif Şaqal Xocalı soyqırmının insanlığa qarşı cinayət olduğunu qeyd edib. “Bu gün Azərbaycan bayraqları Amsterdamda dalğalanır, dünən həmin bayraqlar Tel-Əvivdə dalğalanırdı. Amma bu gün Azərbaycanın matəm günüdür. Bu günlərdə Azərbaycan bayrağı dünyanın bütün ölkələrində dalğalanır. 25 il əvvəl baş verən hadisələr unudulmamalıdır. Bu hadisələr insanlığa qarşı cinayətdir, uşaqları, qadınları, qocaları amansızcasına qətlə yetiriblər. Belə mitinqlər beynəlxalq komissiya yarananadək davam etməlidir. Beynəlxalq komissiya yaradılmalı müdafiəsiz dinc insanları qətlə yetirənlər cəzalandırılmalıdır. Nə qədər belə komissiya yaranmayıb həqiqət üzə çıxmayacaq, provokasiyalar, spekulyasiyalar davam edəcək. Xocalı qurbanlarının xatirəsi daim yaşayır. 25 il keçməsinə baxmayaraq bu gün onların xatirəsi dünyanın bütün ölkələrində yad edilir”-deyə İosif Şaqal bildirib.

Mitinq təşkilatçıları turistlərə və yerli əhaliyə Xocalı soyqırımı ilə bağlı bukletləri paylayaraq faciə haqqında məlumat veriblər.

Diaspora.az